23:50 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının nazirlər konfransının açılışında iştirak edib

Bakıda dünya sülhünə təhlükə yaradan ölkələrə qarşı çağırışlar səslənir

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
XƏBƏRLƏR
Qısa URL
52 0 0

"Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi sülhə təhdid törədir. Biz bu münaqişənin həllinin uzanmasına təəssüf edirik. Münaqişənin həlli istiqamətində BMT səylərini artırmalıdır"

Bakı, 5 aprel — Sputnik. Bu gün Bakı Konqres Mərkəzində "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Qoşulmama Hərəkatının xarici işlər nazirləri konfransının sədri Venesuelanın xarici işlər naziri Xorxe Arreaza çıxış ediblər.

Konfransda çıxış edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Qoşulmama Hərəkatı silahsızlaşdırılma üzrə səyləri davam etdirməlidir: "Nüvə silahlarının müasirləşdirilməsi ilə bağlı Vaşinqtonun 1,2 trilyon dollar xərcləmək planları yeni silahlanma yarışına gətirib çıxaracaq. ABŞ hökumətinin artmaqda olan etinasızlığı da silahlanmanı gücləndirəcək".

Hindistan xarici işlər naziri Suşma Svarac nüvə təhlükəsizliyi, terrorizm kimi qlobal problemlərin həllinin effektiv multikultural yanaşma tələb etdiyini vurğulayıb. Nazir deyib ki, beynəlxalq hüquq prinsiplərinə baxmayaraq, hələ də terrorizmin qarşısını almaq çətindir: "Biz bu sahədə öhdəliklərimizi yeniləməliyik. Hindistan Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilən prinsipləri dəstəkləyir".

Fələstinin xarici işlər naziri Riyad Maliki Qoşulmama Hərəkatının dünyada sülh və təhlükəsizliyin qorunmasında fundamental rol oynadığını vurğulayıb. Hərəkatın həm də dünyada insanların hüquqlarının qorunmasını dəstəkləməsini vacib sayan nazirin fikrincə, qurum dünyada üzləşdiyimiz çağırışlara qarşı birləşməli, beynəlxalq hüquq prinsiplərinin tətbiqinə nail olmaq istiqamətində imkanlarını artırmalıdır. 

Nazir qeyd edib ki, İsrail özünün müstəmləkə işğalının davam etməsi üçün əlindən gələni edir və ABŞ bu sahədə İsrailə ideoloji dəstək verir. Ötən həftə İsrailin  snayper və digər silahlardan istifadə edərək Qəzzada dinc fələstinli aksiyaçıları hədəf aldığını xatırladan R.Maliki BMT Təhlükəsizlik Şurasının belə hadisələrə reaksiya verməkdə uğursuzluğa düçar olduğunu, Fələstinin BMT-ni bu olayla bağlı müstəqil araşdırma aparmağa çağırdığını da nəzərə çatdırıb.

Çıxış edən Liviyanın xarici işlər naziri Məhəmməd Tahir Siala Qoşulmama Hərəkatının konfransının qarşıdurma, terrorizm, ekstremizm kimi çətinliklərlə bağlı olduğunu, Hərəkatın prioritetinin üzv dövlətlər arasında həmrəylik, birlik, təhlükəsizlik, iqtisadi sahədə əməkdaşlıq olduğunu bildirib. Nazir Qoşulmama Hərəkatının inkişafa, sülhə və demokratik cəmiyyət quruculuğuna kömək edəcəyinə inamını vurğulayıb. Bu gün hələ də terror təhdidinin mövcud olmasına diqqət çəkən Liviya xarici işlər naziri ölkəsinin Fələstinə dəstəyini davam etdirəcəyini də əlavə edib.

Çad xarici işlər naziri Çerif Mahamat Zene isə çıxışı zamanı stabilliyin təminatı üçün qlobal yanaşmaya ehtiyac duyulduğunu deyib. 

Lesotonun beynəlxalq  əməkdaşlıq və xarici işlər üzrə naziri Lesoqo Makqhothi Qoşulmama Hərəkatının davamlı inkişaf üçün sülh və təhlükəsizliyin təşviqi ilə bağlı olduğunu dilə gətirib. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul etdiyini diqqətə çatdıran nazir münaqişənin həllinin uzanmasından təəssüf hissi keçirdiyini bildirib.

Lesotonlu nazir deyib ki, "Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi sülhə təhdid törədir. Biz bu münaqişənin həllinin uzanmasına təəssüf edirik. Münaqişənin həlli istiqamətində BMT səylərini artırmalıdır".

Belarus xarici işlər nazirinin müavini Andrey Dapkyunas isə çıxışı əsnasında davamlı inkişaf üçün əməkdaşlıq və qarşılıqlı anlaşmanın vacibliyini vurğulayıb. Nazir Belarusun sülh və davamlı inkişaf üçün Qoşulmama Hərəkatı çərçivəsində öhdəliklərinə sadiq olduğunu da diqqətə çatdırıb.

Misirin BMT yanındakı daimi nümayəndəsi Məhəmməd Fathi Əhməd Edress konfrans çərçivəsində sülh və təhlükəsizliyin təşviq edildiyini söyləyib. O, Şimal-Cənub əlaqələrinin ölkələrin inkişafına kömək edəcəyini, iqtisadi və sosial inkişaf üçün əməkdaşlığın və həmrəyliyin vacib olduğunu bildirib.

Afrika İttifaqının BMT-dəki daimi nümayəndəsi Fatimə Kyari Məhəmməd dünyada sülh və təhlükəsizliyə yaranan təhdidlərdən narahat olduqlarını diqqətə çatdırıb. Bəyan edib ki, Afrika İttifaqı bu konfransın yekununda qəbul ediləcək Bəyannamə və prinsipləri dəstəkləyir: "Afrika İttifaqı münaqişələrin tənzimlənməsi sahəsində BMT ilə əməkdaşlıq edir, bu sahədə öhdəliklərinə sadiqdir".

Konfrans günorta fasiləsindən sonra davam edib.

Qeyd edək ki, Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.

Əlaqədar

Azərbaycan prezidenti mühüm açıqlamalar verdi
BMAM prezident seçkilərini müşahidə edəcək
Putin prezident seçiləndən sonra ilk səfərini bu ölkəyə etdi
Prezident iki məşhur şəxsə “Şöhrət” ordeni verdi
Prezident oğlunu nazir müavini təyin etdi - Türkmənistanda
Teqlər:
Qoşulmama Hərəkatının xarici işlər nazirləri, Bakı Konqres Mərkəzi, Qoşulmama Hərəkatı

Əsas mövzular