Fuad Ələsgərov: "Lapşinin ekstradisiyasından söhbət getmir"

© Photo : APAFuad Ələsgərov
Fuad Ələsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizdə olan məlumata görə, Aleksandr Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır"

BAKI, 12 sentyabr — Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir. Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır".

Aleksandr Lapşin Heydər Əliyev hava limanında, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycan Prezidenti Aleksandr Lapşini əfv etdi

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Lapşinlə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi – cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi.

Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan Prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, Prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq sərəncam imzalayıb.

F. Ələsgərov əfv sərəncamından sonra bir sıra KİV-də Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatların yanlış olduğunun bildirib. Burada müəyyən hüquqi anlayışların qarışdırıldığını vurğularan Prezident köməkçisi deyib: "Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Cənab Prezidentin əfv sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir".

"Bizdə olan məlumata görə, Aleksandr Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər" — Ələsgərov vurğulayıb.

Xatırladaq ki, Rusiya, Ukrayna və İsrailin vətəndaşlığını daşıyan Lapşin, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

20 iyul 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xəbər lenti
0