02:25 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
13020

Sona Vəliyevanın məşhur romanı Gürcüstan oxucularına təqdim edilib

BAKI, 29 mart — Sputnik. Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, "Əkinçi" qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr olunan "İşığa gedən yol" romanının təqdimatı keçirilib.

Tədbir təşkilatçılarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümmət əsərin ədəbi-bədii və tarixi məziyyətlərinə toxunub. O, "İşığa gedən yol" romanının peşəkar qələmin məhsulu olduğunu bildirib.

"Hər bir gənc və jurnalist tariximizi yaxşı bilməlidir. Düşünürəm ki, bu əsər jurnalistika sahəsində çalışan qələm sahibləri və araşdırmalar aparan mütəxəssis alimlər üçün qiymətli nəsr əsəridir" — deyə natiq bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Sona Vəliyevanin yaradıcılığı ilə tanış olduğunu vurğulayaraq, onun müəllifi olduğu "İşığa gedən yol" romanının Tbilisidə təqdim edilməsini alqışlayıb. Zərdabinin həyatının öyrənilməsinin vacibliyinə toxunan səfir, müəllifə bu mövzuya müraciət etdiyi üçün təşəkkürünü bildirib.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova Gürcüstanda yaşayan soydaşlarımızın Sona Vəliyevanı yaxından tanıdıqlarını dilə gətirib. "Artıq Gürcüstan elitası yazıçının həyat və yaradıcılığı ilə tanışdır. Bu, onun soydaşlarımızla ikinci görüşüdür. Tbilisidə yazıçının "Arazbarı" kitabının da təqdimatı keçirilib" — deyə S.Yusifova bildirib. 

O, Həsən bəy Zərdabinin həyatının bir hissəsinin Tiflis mühiti ilə bağlı olduğunu xatırladıb: "İşığa gedən yol" romanında Zərdabinin indiyə kimi hələ məlum olmayan bir çox həyati məqamları üzə çıxarılıb. Əsərin dili rəvan və axıcıdır. Əsəri oxuyan oxucu sanki həmsöhbətilə danışır. Adətən, yazıçılar qələmə aldıqları tarixi əsərlərin dilini qəlizləşdirməyə çalışırlar. Sona Vəliyevanın qələmə aldığı əsərin isə dil məziyyətləri mənalı və gözəldir. Kitab poliqrafiya tərtibatı baxımından da çox nəfisdir".

Sevil Yusifova "İşığa gedən yol" romanının gürcü dilinə tərcümə olunmasının vacibliyini də dilə gətirib.

"Sona Vəliyeva Tanrı tərəfindən seçilmiş ziyalılarımızdandır. Məhz Tanrının seçdiyi insan ona bəxş edilən müqəddəs missiyanı yerinə yetirərək həyatını işığa doğru istiqamətləndirən və ilahi missiyanı yerinə yetirən böyük mütəfəkkir, Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin həyatından məzmunlu tarixi bir roman ərsəyə gətirə bilər" — deyə Sevil Yusifova əlavə edib.

  

Təqdimat mərasimində Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev və Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, şair Osman Əhmədoğlu, tərcüməçi Cambul Məmmədli, gənc yazıçı Kamran Kiryakov və başqaları roman haqqında fikirlərini bildiriblər.

Sona Vəliyevanın həyat və yaradıcılığı haqqında ətraflı məlumatın verildiyi tədbirdə Gürcüstan və Azərbaycanın tarixi dostluğundan, Azərbaycan və gürcü ədəbiyyatının inkişafından, yazıçılarımızın əsərlərinin gürcü dilinə tərcüməsindən də söhbət açılıb. Qocaman jurnalist Emin Elsevər "İşığa gedən yol" romanının gürcü dilinə tərcümə olunmasını öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və Tiflis azərbaycanlıları iştirak ediblər.

Əlaqədar

Sona Vəliyeva: Onun faciəsinə laqeydlik göstərilsəydi, xoşuna gələrdi?
“Dəhliz” təqdim edildi
"Nə qədər ki Azərbaycan var, bu əsər yaşayacaq"
Mətbuat Şurası Ali Media Mükafatı laureatlarının adlarını açıqlayıb
Teqlər:
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Həsən bəy Zərdabi, Sevil Yusifova, "İşığa gedən yol" romanının təqdimatı, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası, Sona Vəliyeva, Tbilisi, Gürcüstan

Əsas mövzular