23:24 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
10611

Bu gün böyük turançı Ziya Göyalpın doğum günüdür

BAKI, 23 mart — Sputnik. Məşhur türkçü Ziya Göyalp 1876-cı il martın 23-də Diyarbəkirdə ziyalı ailəsində anadan olub. Ziyanın atası Namiq Kamalı çox sevdiyindən oğluna da onun kimi olmağı təlqin edirdi. Hələ ibtidai məktəbdə oxuyarkən daha çox xalq dastanlarını oxuyan Ziya ədəbiyyata meyl edirdi. Atası oğlunun xarici dilləri öyrənməsinə də xüsusi fikir verirdi, Avropa dillərindən fransızcanı, Şərq dillərindən isə ərəbcə və farscanı sonralar öyrənməsi də məhz bununla bağlı idi.

Atası onu istiqamətləndirmək, gələcək ömür və mübarizə yolunu seçməkdə xüsusi rol oynamışdı: «Atam mənə mütaliədə sərbəstlik verməklə yanaşı, psixoloji anlarda ruhumun davamlı olması üçün əlindən gələni edərdi. Dairədə güclü təsir etmək fürsətini də qaçırmazdı. Bir axşam məktəbdən evə qayıtdıqda onu çox üzgün və qayğılı gördüm. Dedi ki, sənə çox kədərli bir xəbər verəcəyəm. Çünki sizin ən böyük xocanız və millətin də ən böyük adamı olan Namiq Kamal öldü. O zaman Namiq Kamalı əsərləriylə, qadağan olunmuş və hələ çap olunmamış əsərləriylə tanıyırdım. Ancaq ən böyük xoca və ən böyük adam olduğunu bilmirdim. Atam mənə onun savaşlarını, amaclarını, başına gətirilən zülmləri, göstərdiyi qəhrəmancasına müqavimətlərini anlatdı və dedi: «Bax, sən bu adamın yolunu tutmalısan, onun kimi vətənpərvər, azadlıqsevər olmalısan».

Ziya Göyalpın atası 1890-cı ildə ölür. Bu zaman o, Diyarbəkir vilayətinin əhali naziri vəzifəsində işləyirdi. Təbii ki, gənc atasını erkən itirmək Ziyaya ağır təsir edir. Daha sonralar bir tərəfdən də əmisi və dayısının qohum qızla evlənib Diyarbəkirdə qalmasını, aldığı təhsillə yetərlənməsini təkidlə tələb etmələri 17-18 yaşlı Ziya bəyi çıxılmaz vəziyyətdə qoymuşdu. Bütün maddi və mənəvi sıxıntılar, əzablar, habelə bir sıra digər səbəblər üzündən Ziya Göyalp intihar etmək qərarına gəlir.

Sonralar Ziya Göyalp intihar etmək istəyinin səbəblərini bir qədər başqa izah edir: «Üzvi heç bir xəstəliyim, ictimai heç bir sıxıntım yox idi. Bütün iztirablarımın mənbəyi fəlsəfi düşüncələrim idi. O zaman «Həqiqəti-kübra» adını verdiyim böyük həqiqəti tapa bilsəm, heç bir dərdimin olmayacağına əmin idim. Ancaq bunu hansı səmtdə axtarmalıydım? O vaxt bir «İxtilal şərqisi» («Üsyan nəğməsi») yazarkən qələmimdən fırlayan başqa bir misra da onun səmtini göstərdi: «Əmanətdir bu gün bizə namusu millətin! Ən böyük məfkurə də millət və azadlıq məfkurələriydi».

Gənc Ziya tapançanı alnına dayayıb atəş açır, ancaq güllə alın sümüyünü deşmir, dərinin içərisində yayılıb qalır. Tanınmış həkim və cərrah Abdullah Cövdət bir rus cərrahı ilə Diyarbəkirə vəba epidemiyası ilə əlaqədar gəliblərmiş. Onlar Ziyanı da əməliyyat edirlər. Ziya Göyalp sağalır, yenə də əvvəlki şövqlə təhsilinə davam edir. Artıq onun həyatında növbəti dönəm başlayır. 1895-ci ildə Ziya Göyalp Ərzurumda hərbi liseydə oxuyan qardaşı Nihad bəyi ötürmək bəhanəsi ilə gizli halda dəniz yoluyla İstanbula gəlir. İstanbulda qalıb məktəbdə oxumağa pulu olmadığından pulsuz təhsil almaq və yaşamaq imkanını verən Mülki Baytar məktəbinə müsabiqə yolu ilə imtahan verərək qəbul olunur.

Bu ali məktəbdə oxuyarkən gənc Ziyanın həyatında önəmli bir olay baş verir. O, Türkiyədə təhsil alan və yaşca özündən böyük olan məşhur türkçü ideoloq Əlibəy Hüseynzadə ilə (1896-cı ildə) tanış olur. Bunlar türkçülük məfkurəsi ilə bağlı söhbətlər edirlər. Ziya Göyalpın Əlibəy Hüseynzadə ilə görüşünə tarix boyunca araşdırmaçılar tərəfindən fərqli yanaşmalar mövcud olub. Azərbaycan ədəbiyyatında, eləcə də bir sıra Türkiyə alimləri Ziya Göyalpa Əlibəy Hüseynzadənin təsirinin olduğunu xüsusi qeyd edirlər. Ancaq professor Hikmət Tanyu yazır ki, hər hansı tanışlıq hələ təsir duyumu yaratmır. Türkçü olaraq tanınan Əlibəy Hüseynzadə türkçülük məfkurəsilə ilgili bütün dərinliyi ilə bir sistem yaratmayıb, ancaq Ziya Göyalp türkçülük, millətçilik sahəsində sistem yaradıb. Əslində belə müqayisələr aparmağın özü də gərəksizdir. Bu şəxsiyyətlərin hər ikisinin millətçilik, türkçülük sahəsində böyük xidmətləri var. Onlar sözün gerçək anlamında böyük ideal sahibidirlər.

1908-ci il 23 iyulda baş verən «Gənc Türklər» inqilabı zamanı gizli halda fəaliyyət göstərən Ziya Göyalp əqidə yoldaşları ilə birgə «İttihad və Tərəqqi» partiyasının Diyarbəkir şöbəsini qurur. Toplantılarda azadlıq, ədalət, qardaşlıq ideyalarının təbliği ilə bağlı çıxışlar edir. Azadlığa o dərəcə vurğun idi ki, hətta inqilabdan bir az sonra dünyaya gələn qızına da «Hürriyyət» adını qoymuşdu.

Böyük turançı 1924-cü ildə İstanbulda dünyasını dəyişib.

Əlaqədar

Heydər Əliyevin övdüyü şəxsiyyəti gənc deputat necə pisləyə bilər
Ustad aşığın doğum günüdür
"Şirin işğalçı"nın doğum günü
Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür
Bu gün qayınananın doğum günüdür
Teqlər:
Əli bəy Hüseynzadə, Namiq Kamal, Ziya Göyalp, türkçü, Diyarbəkir, ata

Əsas mövzular