BAKI, 9 fev — Sputnik. Banklarda dolların satış qiymətinin cüzi də olsa qalxdığı müşahidə edilir. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında 1 dolları 1.79 manatdan satan NBC Bank bu gün dollara 1.80 manat satış qiyməti təyin edib. "Bank of Baku" dolların satış məzənnəsini 1.8260 manatdan 1.83 manata qaldırıb. Digər banklar isə dolların satış qiymətlərini aşağı salmayıb, məzənnələr olduğu kimi qalıb.
Alış qiymətinin də kəskin düşdüyü müşahidə olunmayıb. Bazarda minimum alış qiyməti 1.65 səviyyəsində qalır. Əvvəlki günlərdə səhər saatlarında alış qiyməti xeyli aşağı düşürdü. Bu gün bir sıra banklarda dolların alış qiyməti aşağı düşsə də, geriləmə 1.65 səviyyəsini qıra bilməyib. Alışı aşağı salan banklar dünən dollara nisbətən yüksək alış qiyməti təyin edən banklardır.
Qısası, bankların bugünkü məzənnələrindən dolların düşməsinin dayandığı hissi yaranır. Bu gün saat 12:00-da Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Dollar/manat məzənnəsində ciddi dəyişiklik hərracın nəticəsindən asılı olacaq.