01:18 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
35211

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə dəvət edərək ona etiraz notasını təqdim edib.

BAKI, 15 dek-Sputnik. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə (XİN) dəvət edərək ona etiraz notasını təqdim edib.

Sputnik XİN-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, notada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci il tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobby təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi "Artsaxın müstəqilliyinin ildönümü" başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "xarici işlər naziri" kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.

Notada qeyd edilir ki, birbaşa Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu səpkidən olan tədbirlərdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk Qrupunun həmsədr institutunun mandatına tamamilə ziddir. Bu hal onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Notada həmçinin deyilir: 

"Bu addım kütləvi miqyaslı dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin legitim olaraq tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə ziddir." 

Notada ABŞ ərazisində qondarma rejimin "təmsilçi"lərinin ictimai kampaniyalar və digər fəaliyyətlərə qoşulmasına şərait yaradılmasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin irəlilədilməsinə yardım etmədiyi, əksinə onsuz da mürəkkəb olan prosesin daha da gərginləşdirilməsinə xidmət etdiyinin dəfələrlə ABŞ Dövlət Departamentinin diqqətinə çatdırıldığı vurğulanır.

Sənəddə həmçinin Ermənistan tərəfinin təxribat xarakterli addımlarına adekvat reaksiyanın göstərilməməsinin onun cəzasızlıq hissini daha da artırmasına, qanunsuz rejimin "təmsilçi"lərinə hər hansı bir vəzifədə və ya məqsədlə ABŞ-a daxil olmasına icazə verilməsinin isə Ermənistanın qeyri-konstruktiv mövqeyində qalmasına və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə rəvac verdiyi vurğulanır.

Notada ABŞ-ın beynəlxalq müstəvidə məsuliyyətli dövlət kimi beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsinə sadiq qalacağı, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimi tanımamaq siyasətini daha da gücləndirəcəyinə ümidvarlıq ifadə olunur.

Səfiri Robert Sekuta Azərbaycanın narahatlıq və narazılığının ifadə olunduğu notanın Dövlət Departamentinə təqdim olunacağını bildirib.

Teqlər:
Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik, Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, ABŞ Dövlət Departamenti, BMT Təhlükəsizlik Şurası, Vaşinqton, Ceyms Uorlik, ABŞ, Azərbaycan

Əsas mövzular