23:56 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR

Əcnəbi turistlər Türkiyəni İŞİD-lə müharibənin mərkəzi hesab edirlər

XƏBƏRLƏR
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
94610

Göktaş: Bizdən soruşurlar ki, müharibə onların qalacağı oteldən nə qədər uzaqlıqdadır?

BAKI, 6 avqust – Sputnik. Bütün sahələrdə, əsasən də turizm sektorunda qarşısına 2023-cü il hədəfi qoyan Türkiyədə bu il işlər istənilən səviyyədə getmir. Türkiyə Statistika idarəsinin yaydığı son məlumatlar bunu deməyə əsas verir. Mütəxəssislər Türkiyə turizmində axsamanı İŞİD-in Türkiyə sərhədlərinə yaxınlaşması, PKK silahlılarının fəallaşaraq ölkəyə gələn turistlər üçün real təhlükəyə çevrilməsi izah ediblər.

Göktaş: Bizdən soruşurlar ki, müharibə onların qalacağı oteldən nə qədər uzaqlıqdadır?

İstanbulun qızıl üçlüyü hesab edilən Taksim, Nişantaşı və Boğazdaki otellərin icraçı direktoru Can Göktaş Sputnik-ə açıqlamasında bildirib ki, son bir ayda yaşanan xoşagəlməz hadisələr və artan gərginlik ən çox turizmə ziyan vurur. 

“Belə davam edərsə, gələn il həm İstanbul, həm də turizm bölgələri üçün heç nə vəd etmir. Əvvəllər Misirdən qaçanlar Türkiyəyə gəlirdi, indi əksinə olub.” — deyə Göktaş bildirib. Onun fikrincə, əcnəbi turistlər Türkiyəni İŞİD-lə müharibənin mərkəzi hesab edirlər: “Bizə edilən zənglər zamanı soruşurlar ki, müharibə onların qalacağı oteldən nə qədər uzaqlıqdadır? Mən adamları qınamıram. Terror və silahlı mübarizənin istirahət etmək istəyən insanlar üçün də təhlükəli olduğu qaçılmazdır. Bununla belə, deyərdim ki, Türkiyə turistlər üçün təhlükəli yer deyil”.

Amma turizmçi əlavə edib ki, PKK-nın təhdidlərindən az sayda olsa da, zaman-zaman turistlər də zərər görüb.

Rusiyadan gedən turistlərin sayı 40% azalıb

Türkiyə Statistika idarəsinin yaydığı məlumatda isə bildirilir ki, ötən ilin ilk altı ayı ilə müqayisədə bu il Türkiyə turizm sektorundan 1 milyard lirə az qazanc əldə edib. Belə ki, 2014-cü ilin ilk 6 ayı ərzində turizmdən əldə olunan gəlir 13 milyard 783 milyon lirə idisə, 2015-ci ilin iyulunadək bu sahədən qazanılan gəlir 12 milyard 602 milyon lirə təşkil edib. Xarici turistlərin sayında da 13 %-lik azalma müşahidə olunur. Keçən il 34 milyon 305 min turist Türkiyəni ziyarət etmişdi, bu ilin sonuna qədər bu rəqəmə çatmağın mümkün olmayacağı qeyd olunur.

2014-cü ildə turizm gəlirlərinin 86.7 %-i əcnəbi qonaqların,  13,3 %-i isə xarici ölkələrdə yaşayan türk ziyarətçilərin payına düşüb. Adam başına orta hesabla xərclənən pulun məbləği 719 dollar olub. Bu il isə həmin rəqəmin 691 dollara qədər gerilədiyi açıqlanıb.

Türkiyədən başqa ölkələrə səyahət edənlərin sayı isə keçən ilə nisbətdə 9,6% artıb. 13 milyon 966 min vətəndaş xaricə istirahətə gedib. 

Ölkədaxili səyahət xərcləri 12,2% artaraq 3 milyard 695 milyon lirəyə çatıb.

Türkiyə turizmi üçün əhəmiyyətli yer olan Antalyada da vəziyyət yaxşı deyil. 

Ötən illə müqayisədə Antalyaya gələn turistlərin sayında 13%-ə qədər azalma müşahidə edilib. Son illərdə Antalyaya gələn hər üç turistdən biri Rusiyadan olurmuş. Bu il isə Rusiyadan gələn turistlərin sayı 40% azalıb. Türkiyə turizmçiləri bunu Rusiyadakı iqtisadi böhran, rus rublunun dollara qarşı məzənnəsinin aşağı düşməsi ilə izah edirlər.

Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
Teqlər:
İŞİD, Türkiyə Statistika idarəsi, İŞİD terror qruplaşması, Can Göktaş, İstanbul, Türkiyə

Əsas mövzular