10:28 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Meşə yanğını

Meşə yanğınlarına görə fermerlər cəzalandırılacaq

© AP Photo / Thanassis Stavrakis
XƏBƏRLƏR
Qısa URL
7411

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fermerləri yanğınları törətməkdə günahlandırır.

BAKI, 29 iyul-Sputnik. Xızıda baş verən meşə yanğınında günahkar şəxslərin araşdırılaraq tapılması və onlar barəsində ciddi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Bu barədə Sputnik-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə ibrahimova deyib.

Onun sözlərinə görə, iyulun 28-də Xizinin Dizəvər yaylağında baş verən yanğın bir daha göstərdi ki,  əksər yanğın halları fermerlərin və fiziki şəxslərin məsuliyyətsizliyi, səhlənkarlığı nəticəsində baş verir.

“Hazırda faktla bağlı araşdımalara başlanılıb və günahkarların müəyyənləşdirlməsi istiqmaətində iş gedir.” — deyə mətbuat katibi bildirib.

İbrahimovanın sözlərinə görə, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin böyük əksəriyyəti taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin ehtiyatsızlığı və etinasızlığından irəli gəlir. “Təəssüf ki, torpaq sahibləri olan fermerlər məsələnin ciddiliyini və məsuliyyətini anlamadan plansız, qabaqlayıcı tədbirlər olmadan, yanğın təhlükəsizliyi qaydalarına əməl etmədən sahələrə od vurur və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər. İndiki halda fədakar insanların şücaəti yüzlərlə ağacı xilas etdi, amma belə olmaya da bilərdi, alov daha keçilməz yüksək dağlıq sahələri əhatə etsəydi, meşələrimiz qarşısı alınmaz fəsadlarla üzləşə bilərdi.” deyə İbrahimova qeyd edib.

Mətbuat katibi onu da əlavə edib ki, bunlar nəzərə alınaraq ETSN-nin müvafiq qurumları tərəfindən araşdırmalara başlanılıb: “ Araşdırma başa çatdıqdan və yanğın törətməkdə təqsirli bilinən torpaq istifadəçiləri (fermerlər) müəyyənləşdirildikdən sonra meşə sahəsinə vurulan ziyanla bağlı onlar barəsində müvafiq sənədləşmə aparılacaq və barələrində ciddi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Bölgələrdə yanğınlara yol verilməməsi istiqamətində Nazirliyin tabeli qurumları tərəfindən mütamadi olaraq monitorinqlər və maarifləndirmə işləri davam etdirilir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar isə ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.”


Əsas mövzular