02:19 18 Oktyabr 2017
Canlı yayım
Vüqar Bayramov

Bank faizləri aşağı düşəcək

© Foto: Facebook / vugar.bayramov.7
XƏBƏRLƏR
Qısa URL
7711

Vüqar Bayramov: Uçot stavkasının aşağı salınması kommersiya banklarına daha aşağı faizlə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı verəcək.

BAKI, 11 iyul — Sputnik. Mərkəzi Bank uçot stavkasını endirdi. Bəs, uçot dərəcəsinin 3,5 faizdən 3 faizə endirilməsi nəyi dəyişəcək?

Sputnik xəbər verir ki, İqtisadçı-alim Vüqar Bayramov facebook statusunda bu suala cavab verib: 

"Əvvəla, sözügedən bankın istehlak kreditlərində komisiyon haqqlarının məhdudlaşdırılması ilə bağlı ötən həftəki addımından sonra faizlərin mərhələli azalacağı istisna edilmirdi. Komisiyon haqqlarının azaldılmasının banklarda kredit faizlərinin artıracağı ilə bağlı fikirlərin olmasına rəğmən o zaman da qeyd etdiyimiz kimi bu addım faizlərin tənzimlənməsinə hesablanmışdı. Elə “retail bankçılıqla” məşğul olan bir neçə bankın istehlak kreditləri üzrə faiz dərəcələrinin artırdıqdan qısa müddət sonra əvvəlki səviyyəsinə qaytarması da məhz bundan xəbər verirdi. Bu baxımdan, Mərkəzin Bankın uçot stavkasının azaldılması ilə bağlı qərarını məhz məhdudlaşdırılan komisyon haqlarının sonra banklara jest kimi də dəyərləndirilə bilər.

İkincisi, uçot stavkasının aşağı salınması kommersiya banklarına daha aşağı faizlə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı verəcək. Bu isə xeyli ucuz vəsaitlər cəlb edən bankların daha aşağı faizli kredit təklif etməsinə gətirib çıxara bilər. Mərkəzi Bankın açıqlamasında bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasının xüsusi qeyd edilməsi də məhz bundan xəbər verir. Təbii ki, uçot stavksının endirilməsindən sonra Mərkəzi Bank bütün kommersiya banklarının sözügedən maliyyələşmədən istifadə imkanlarının genişləndirilməsinə çalışmalıdır. Bu baxımdan, uçot dərəcələrinin endirilməsinin bank faizlərinin aşağı salınması üçün iqtisadi və psixoloji əsas yaradacağı istisna edilmir. 

Üçüncüsü, son 2 ayda xarici valyutalara təklifin azalması və Mərkəzi Bankın valyuta ehtiyatlarında müşahidə edilən artım uçot stavkasının endirilməsini mümkün etməklə yanaşı artıq baş bankın bazara müdaxilə rıçaqlarının artdığını göstərir. Yeni maliyyə mənbələrdən vəsait cəlb edən Mərkəzi Bank intervensiya xərclərinin tənzimlənməsi fonunda məzənnə siyasətindən artıq faiz siyasətinə keçid edir. Bu isə gündəliyi milli valyutanın məzənnəsi məsələsi ilə uzun müddət zəbt edən Mərkəzi Bankın kredit faizlərini endirməsini yenidən öz agendasına daxil etmək istəyini göstərir.

Dördüncüsü, uçot stavkasının endirilməsinin bazara psixoloji təsirləri olacaq. Bu, eyni zamanda kredit faizlərinin aşağı salınacağı ilə bağlı mesaj kimi də qiymətləndirilə bilər. Beşincisi, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalıblar. Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyi demək idi. Altıncısı, bu qərarından sonra Mərkəzi Bankın bankları real sektorun daha çox maliyyələşdirilməsinə təşviq etməyə çalışacağı güman edilir. Real sektoru maliyyələşdirməkdə xüsusi maraqlı görünməyən banklar aşağı uçot dərəcəli mərkəzləşdirilmiş kreditlərlə bu sektora meyllənə bilərlər.

Nəhayət, uçot dərəcəsinin endirilməsilə bağlı qərarın kredit bazarına təsirlərinin qiymətləndirilməsi üçün Mərkəzi Bankın daimi monitorinqlər aparıb nəticələri ictimaiyyətlə bölüşməsinə ehtiyac var. Baş bankda bu addımın kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə atıldığını bəyan etməsini nəzərə alsaq, deməli, müəyyənləşdirilmiş hər bir indikator üzrə monitorinqin aparılmasına ciddi ehtiyac olacaq.

Əsas mövzular