13:33 23 Oktyabr 2017
Canlı yayım
Qarpız

Baş toksikoloq: Qarpız heç vaxt zəhərləmir

qadın.net
XƏBƏRLƏR
Qısa URL
18103

İsmayıl Əfəndiyev hesab edir ki, zəhərlənmələrin çoxu qidaların düzgün şəraitdə saxlanmamasından baş verir.

BAKI, 9 iyul-Sputnik. Yay aylarında insanlarda daha çox rast gəlinən xoşagəlməz hallardan biri qidadan zəhərlənmədir. İnsanlar müxtəlif qida məhsullarından, meyvə və tərəvəzlərdən zəhərlənirlər. Buna baxmayaraq, özlərini zəhərlənmə hallarından necə qorumağı, yaxud zəhərlənmə baş verdikdə ilk olaraq nə etmək lazım olduğunu bilmirlər. Zəhərlənmə zamanı həkimə müraciət etsələr də, bəzən gecikirlər və bu, ölümlə nəticələnir. Məsələnin aktuallığını nəzərə alan Sputnik-in əməkdaşı Azərbaycan Tibb Universitetinin II Daxili Xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyevlə söhbətləşib. 

- İsmayıl müəllim, zəhərlənmə hallarına yay aylarında daha tez-tez rast gəlinməsinin əsas səbəbi nədir?

— Bu ilk növbədə iqlim şəraiti ilə bağlıdır. Havanın hərarəti yüksək olduqda müəyyən patogen mikrobların çoxalma sürəti artır. Buna görə də, yay aylarında qida zəhərlənmələrinin sayı artır. Eyni zamanda, yayda mövsüm xarakterli yeməklər, xüsusilə meyvə-tərəvəz çox olur və adamlar bunlardan çox istifadə edir. Bu da zəhərlənmələrin sayını artırır. 

- Əsasən zəhərlənmə halları nədən olur?

— Əsas zəhərlənmə qida məhsullarının düzgün saxlanılmaması nəticəsində baş verir. İstehsal tarixi ötmüş malların, dondurmanın, müəyyən ət məhsullarının, məsələn, dönər kimi qidaların yay vaxtı qəbulu təhlükəlidir. Çünki bu qidaların saxlanma müddəti adətən qısa olur. Əgər onlar 2-3 saat düzgün şəraitdə saxlanılmasa, zəhərlənmə verə bilər. Eyni zamanda, qarpızdan zəhərlənmə halları yay aylarında çox aktuallıq kəsb edir. İnsanlar düşünürlər ki, qarpızdan zəhərləniblər. Amma bu halların 99%-i qarpızdan və ya qarpızın tərkibindəki nitratlardan, başqa kimyəvi maddələrdən baş vermir. Bu, sadəcə bir qida zəhərlənməsidir. Qarpız ağacda yox, torpaqda bitir. Satışa veriləndə açıq yerlərdə saxlanılır, çox zaman evdə də onu yumadan birbaşa kəsirlər. Və həmin vaxt onun tərkibində olan şirin möhtəviyyata mikrobları salırlar. Bir neçə saatdan sonra həmin mikroblar, patogenlər orada inkişaf edirlər. Və beləliklə qarpızı yedikdən sonra adamda zəhərlənmə əlamətləri başlayır, ürək bulanma, qusma, hərarət və s. Ona görə də insanlar belə hallarda qarpızdan zəhərləndiyini düşünürlər. Lakin buna səbəb qarpız deyil, qida toksikoinfeksiyasıdır.

- Zəhərlənmə müşahidə olunarkən ilkin yardım kimi nə etmək lazımdır?

— İlk növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulsun. Çoxlu miqdarda sodalı, ya da marqanslı su içmək, bağırsağı təmizləyici imalə etmək lazımdır. Əgər bu mümkün deyilsə, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla aktivləşdirilmiş kömürü əzib, onu 1 stəkan suya qatıb içmək məsləhətdir. Bu, toksinlərin qana keçməsinin, zəhərlənmənin inkişafının qarşısını alır. Lakin əgər artıq zəhərlənmə inkişaf etmişsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşə,  xəstə infeksion toksiki şok keçirə, mikrobu başqa insanlara yoluxdura bilər və s. 

- Qida zəhərlənmələri neçə cür olur? Ən ağırı hansıdır?

— Ən ağır növ kimi, ən çox ölüm halları rast gəlinən Botulizm hesab olunur. Botulizm düzgün şəraitdə hazırlanmamış konservlərdə əmələ gəlir. Anaerob şəraitdə, yəni oksigen olmayan şəraitdə həmin botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Başqa ağır qida zəhərlənmələrindən taun xəstəliyini deyə bilərik. Çox nadir hallarda biz buna rast gəlirik. Stafilokok və onun kimi mikrob törədiciləri də zəhərlənmə yaradır. Bunlar da yüngül ağır və orta zəhərlənmələrə səbəb olur. 

 

 

 

Teqlər:
mikrob törədiciləri, botulizm, qida zəhərlənmələri, meyvə-tərəvəz, iqlim şəraiti, hava, Azərbaycan Tibb Universitetinin II Daxili Xəstəliklər kafedrası, İsmayıl Əfəndiyev, Azərbaycan

Əsas mövzular