19:33 26 İyun 2017
Canlı yayım
XƏBƏRLƏR

Səfir: Qərb İŞİD-dan alət kimi istifadə edir

XƏBƏRLƏR
Qısa URL
501

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin agentliyimizə müsahibə verib.

BAKI, 29 may — Sputnik. İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə müsahibə

- Cənab səfir, Azərbaycanla İran arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Bəs regionda təhlükəsizliyin təminatı sahəsində əməkdaşlıq hansı səviyyədədir? Regionda təhlükəsizliyin və sabitliyin qorunması üçün tərəflər hansı addımları atırlar?

— Ölkələrimiz arasında regional təhlükəsizlik sahəsində çox yaxşı əməkdaşlıq mövcuddur. Hər iki ölkə bölgədə radikallığın, təkfirçiliyin yayılmasının əleyhinədir və bu istiqamətdə birgə fəaliyyət göstəririk. Düşünürük ki, Şimalı Qafqazda mövcud olan radikal qruplar regionda ciddi təhlükə mənbəyidir. Onların əsas hədəfi Rusiya tərkibindəki müsəlmanlar arasında radikal dini fəaliyyət göstərməklə əmin-amanlığı və sabitliyi pozmaq, qarşıdurma yaratmaq və növbəti gərginlik mənbəyi yaratmağa çalışmaqdır. Bundan əlavə, sözügedən radikal dini qrupların ikinci fəaliyyət hədəfi Cənubi Qafqaz — Azərbaycan və İrandır. 

- Məqsəd nədir?

— Qərb dövlətləri yaratmış olduqları bu radikal dini qruplar vasitəsilə Rusiyaya təzyiq edərək onu Suriya siyasətindən çəkindirmək istəyirlər. Təbii ki, digər səbəblər də var. İndiki məqamda əsas hədəf Qərblə Rusiya arasındakı fikir ayrılığıdır. Qərb Rusiyanı öz mövqeyindən çəkindirmək üçün radikal dini qruplardan alət kimi istifadə edir. Təəssüflər olsun ki, bəzi ərəb ölkələri də bu radikal qruplara yardım edirlər. Onların növbəti hədəfi isə Cənubi Qafqazda Azərbaycan və İrandır. Bu səbəbdən də regionda təhlikəsizliyin qorunması məsələsində İran, Azərbaycan Rusiya arasında birgə əməkdaşlıq var. Biz bu sahədə Azərbaycanla məsləhətləşmələr aparırıq. 

- Birgə əməkdaşlıq necə qurulub və hansı profilaktik tədbirlər görülür?

— Bizim əsas birgə fəaliyyət istiqamətimiz insanlar arasında maarifləndirmə işini gücləndirmək və bu yolla əsasən gəncləri radikal dini qruplara meyllənməkdən qorumaqdır. İnsanlar nə qədər çox maariflənsələr və məlumat əldə etsələr, radikal dini qrupların gələcək gizli planlarından bir o qədər xəbərdar olarlar. Hesab edirik ki, maarifləndirmə işi profilaktik tədbir kimi çox önəmlidir və bu cür tədbirlər gənclərin radikal qruplara meyllənməsinin qarşısını alınmaq və gələcəkdə bizləri gözləyən təhlükədən xilas olmaq  baxımından kömək edəcək. Bu məsələdə din alimlərinin də rolu böyükdür. 

Xoşbəxtlikdən bütün dünya birliyi din adı altında həyata keçirilən radikallığın əleyhinədir. Hazırda Suriyada, İraqda  təriqətindən, məzhəbindən asılı olmayaraq, istər sünni olsun, istərsə də şiə, hamı bir araya gələrək Qərbin yaratmış olduğu radikal dini qruplaşmalara qarşı birgə mübarizə aparırlar. Bu misalı Qafqaz regionuna da şamil etmək olar. Belə ki, Azərbaycanda və Şimali Qafqazdakı müsəlmanlar təriqətindən və məzhəbindən asılı olmayaraq birlik və həmrəylik nümayiş etdirirlər. Məhz bu həmrəyliyin nəticəsi olaraq radikal qruplaşmalar öz niyyətlərini regionda həyata keçirə bilmirlər. Bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin və digər  din alimlərinin fəaliyyəti təqdirəlayiqdir. A.Paşazadə regionda şiə və sünni qardaşlığı yaradılmasına böyük önəm verir və bu istiqamətdə ciddi səylər göstərir. Bu da öz növbəsində radikallığın qarşısının alınmasına öz töhfəsini verir.

 — Cənab səfir, bu radikal dini qruplara, xüsusən də İŞİD kimi bir təşkilata qarşı beynəlxalq birliyin birgə mübarizəsini necə təşkil etmək olar və bu istiqamətdə İran hansı addımları atır?

— Əvvəlcə onu demək istəyirəm ki, indi dünyada elə bir adam tapılmaz ki, İŞİD kimi təşkilatların Qərb dövlətləri tərəfindən yaradılmasına şübhə edə. Çünki Qərb dövlətləri İŞİD kimi radikal qrupları yaradaraq onlardan müsəlman ölkələrində öz siyasətini həyata keçirmək üçün alət kimi istifadə edirlər. Odur ki, həmin radikal qrupları hərtərəfli təchiz  edirlər. Bu qruplar dünyanın müxtəlif ölkələrində müxtəlif  formalarda istifadə olunur. Yəni istifadə qaydası və senari eyni cür deyil, fərqlidir. Onlar yerli şəraitə və əvvəlcədən planlaşdırılmış senariyə uyğun planlarını həyata keçirirlər. Məsələn Suriyada bir cür, Əfqanıstan və İraqda tamam başqa cür istifadə olunur. Qərb Suriyada İŞİD-dən bu ölkəni tamamilə məhv və darmadağın etmək üçün  istifadə edir. Digər tərəfdən İŞİD-dən Suriyada İsrailin maraqlarının təmin olunması üçün istifadə olunur. İraqda isə İŞİD-dən sünni-şiə qarşıdurması yaratamaq üçün istifadə olunur. Yəməndə isə tamam başqa formada. Şimali  Qafqazda da dediyim kimi, bu regionda sabitliyi pozub öz niyyətlərini həyata keçirmək istəyirlər. Bu qüvvələr Azərbaycanda lazım olan vaxtda  niyyətlərini həyata keçirmək üçün istifadə edə bilərlər. Ancaq ümumilikdə Qafqaz regionu Yaxın Şərqdən bir az kənarda olduğundan Qərb burada planlaşdırdığı niyyətlərini hələ həyata keçirməyə nail ola bilməyib.

İran İŞİD-i terroçu təşkilat hesab edir və bizdə olan kəşfiyyat məlumatlarına görə İŞİD-ə rəhbərlik edən şəxslər avropalılardır. Onlar Avropada təlim görüblər və hətta onların bəziləri müsəlman deyillər, sadəcə terrorçudurlar. Bu terrorçu təşkilatla qarşı mübarizədə də İraqdakı nümunədən istifadə etmək mümkündür. Yəni insanlar din, təriqət, məzhəb, milli mənsubiyyətindən asılı olmayaraq bir araya gəlib İŞİD-ə qarşı birgə mübarizə aparmalıdırlar. Terrorizmə qarşı bu cür metodun böyük əhəmiyyəti var. Bu baxımdan, Qərb öz məqsədinə nail ola bilmədi və bölgədə təriqətlər arasındakı təfriqə siyasəti baş tutmadı. Əksinə birləşmə və vahid düşmənə qarşı mübarizə cəbhəsi yarandı.

İran terrorizmə qarşı mübarizə aparan istənilən ölkə ilə əməkdaşlığa  hazırdır. Ancaq o ölkələrlə əməkdaşlıq etmək niyyətində deyil ki, onlar əvvəlcə  terrorçu təşkilatları yaradıb, sonradan onlara qarşı mübarizə aparmaq iddiasını ortaya qoyurlar. Hesab edirik ki, sonda Qərb dövlətləri özləri öz yaratdıqları bu terrorçu təşkilatların qurbanına çevriləcəklər. Bu təhlükə onların özlərini gözləyir.

- Axı başda ABŞ olmaqla İŞİD-ə qarşı beynəlxalq koalisiya yaradılıb və mübarizə aparılır. Yəni deyirsiniz ki, onlar bu hərəkətlərində səmimi deyillər?

— Əlbəttə, səmimi deyillər. Bunu iddiadan başqa bir şey adlandırmaq olmaz. Hazırda radikal qruplar, o cümlədən, İŞİD tərəfdar toplamaq üçün elektron vasitələrdən, internetdən istifadə edir. Əgər Qərb mübarizəsində səmimidirsə, niyə onların qarşısını almır və ya  blok etmir. Onlar bununla görüntü yaratmaq istəyir və beynəlxalq aləmin gözündən pərdə asmağa çalışırlar. Əslində onlar radikal qrupların fəaliyyətlərinin genişləndirilməsinə geniş imkanlar yaradırlar. Bu onlar tərəfindən bir oyundur. ABŞ Konqresi sevincək halda bəyan edir ki, biz bu qruplara filan qədər pul ayırırıq ki, Bəşər Əsədə qarşı mübarizə aparsınlar. Avropalılar da bunu bəyan edirlər. Onlar terrorizmi iki hissəyə bölürlər: yaxşı və pis terror. Əgər hansı terrorçu təşkilat onların mənafeyi çərçivəsində fəaliyyət göstərsə, onu yaxşı terrorçu sayırlar. Onlar hətta ən dəhşətli cinayətlər törətsələr belə, yenə də yaxşı terrorçu hesab olunurlar. Hansı təşkilat ki, onların mənafeyinin əksinədir, o olur pis terrorçu. Bu yolla da başda ABŞ olmaqala bəzi ölkələr hazırda dünya diktaturası yaradıblar. Hesab edirəm ki, dünya  birliyi bu diktatorlara qarşı müqavimət göstərəcək və onların diktatorluğuna imkan verməyəcək. 

Onu da əlavə edə bilərəm ki, birgə səylərin nəticəsində artıq İŞİD-in mövqeyi zəifləməkdədir. Düzdür, Qərb əlində olan media vasitəsilə onları kiçiltmək istəmir. Əksinə onları daha qüvvətli göstərməklə dünya xalqları arasında qorxu xofu  yaratmağa çalışırlar. Ancaq Qərbin bu niyyəti baş tutmur. Sadə xalq, hətta hərbi təlim görməmiş gənclər İŞİD-ə qarşı mübarizəyə qoşulurlar. Biz düşünürük ki, heç bir qüvvə xalqın iradəsi qarşısında dura bilməz. Bu elə bir şeydir ki, Qərb hələ bunu anlamır. Onlar elə düşünürlər ki, zorla istənilən ölkənin başçısını devirə bilərlər. Ancaq ortada artıq Suriya təcrübəsi var. Xalq yenidən Bəşər Əsədi  prezident seçdi və onun  ətarında  daha da sıx birləşdi. Əgər bundan sonra prezident seçkisi keçirilərsə, orada Əsəd qalib gələcək.

- İran Suriya xalqına və Bəşər Əsədə dəstəyini davam etdirəcəkmi?

— Qəti şəkildə deyə bilərəm ki, İran hər zaman Suriya  xalqının yanında  olub və olacaq. Biz həmçinin istənilən ölkədə kənar müdaxiləni rədd etmək üçün həmin xalqın yanında olacağıq. Eləcə də Suriyada. Biz dünya diktatorluğunun və istismarçılığın əleyhinəyik. Hansı xalq dünya diktatorluğuna qarşı olsa, biz ona kömək etməyə hazırıq. Biz düşünürük ki, dünyada artıq ağalıq və nökərlik zamanı bitib və geridə qalıb. Ölkələr müstəqil olmalı və hər ölkənin də öz rəyi, mövqeyi və bərabər hüququ olmalıdır. Heç bir  ölkə öz mövqeyini digər ölkəyə diqtə edə və ya buna zorlaya bilməz.

Əlaqədar

S-300-lər İrana göndəriləcək
Birinci Avropa Oyunlarını İranda da izləyə biləcəklər
Azərbaycan-Türkiyə-İran sərhəd qoşunları komandanlarının görüşü olacaq

Əsas mövzular