02:49 18 Noyabr 2017
Canlı yayım
Con Kennedi

İlahi, Texasa səfərdən çəkinə bilsəydim

morashtenu.org.il
XƏBƏRLƏR
Qısa URL
17 0 0

ABŞ-ın 35-ci prezidenti (Demokratlar partiyasından) Con Ficerald Kennedi (ing. John Fitzgerald Kennedy) 1917-ci il mayın 29-da anadan olub.

BAKI, 29 may — Sputnik. ABŞ-ın 35-ci prezidenti (Demokratlar partiyasından) Con Ficerald Kennedi (ing. John Fitzgerald Kennedy) 1917-ci il mayın 29-da anadan olub.  

Kennedi 1961-1963-cü illərdə ölkəyə rəhbərliik edib. ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olub.

Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş verib.

Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilib. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Nyu-York beynəlxalq aeroportu, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılıb. 1963-73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.

1976-cı ildə Gellap İnstitutunun tədqiqatlarına əsasən amerikalıların əksəriyyəti Kennedini ABŞ prezidentləri arasında ən görkəmlisi hesab edib.

1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi. Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi. İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarmağı qət etdi. Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi. Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxdı. "Linkoln" Parklend Hospitelə yönəldi və həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışdılar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi. Bütün hadisəni Abraham Zapruder kameraya çəkib. Həmin gün saat 13:46-da Senat işini dayandırdı, bir dəqiqə sonra Nyu-York birjası bağlandı. Saat 13:49-da SİTA sui-qəsd haqqında xəbər verdi. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yükləndi. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırıldı.

Kennedinin vəfatından sonra ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılmış komissiya (Uorren komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Li Harvi Osvald tək hərəkət edib. Lakin növbəti araşdırmada Nümayəndələr Palatası qərara aldı ki, Kennedinin meyitinin yarılması standartlara uyğun şəkildə aparılmamışdır. Noyabrın 25-də Kennedi Arlinqton milli qəbiristanlığında torpağa tapşırıldı. Qəbirin üzərində həyat yoldaşı Jaklin Kennedinin təklifi ilə daimi od yandırılıb.

Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Conu öldürməyə 34 cəhdi araşdırıb. Həmin ştatda mühafizəkar və ultrasağ qüvvələrin mövqeləri xeyli güclü idi, hətta 1960-cı ildə əslən texaslı olan Lindon Conson və onun arvadı, sonra isə ABŞ-ın BMT-dəki səfiri Edlay Stivenson burada açıq şəkildə təhqirlərə məruz qalmışdılar. Dallas küçələrində Kennedinin şəkli və "xainliyə görə axtarılır" yazısı ilə plakatlar görünürdü. Lakin 1964-cü ildə prezident seçkilərinə hazırlaşarkən Kennedi Texasa yola düşmüşdü, çünki bu ştatın səsləri seçkilərdə mühüm rol oynayır. Kennedi demişdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim… Bir səbəb uydurmaq olarmı?"

Əsas mövzular