08:35 18 Noyabr 2017
Canlı yayım
Təbriz şəhəri

28 may - Respublika günü Təbrizdə qeyd olunub

yestravel.ru
XƏBƏRLƏR
Qısa URL
2701

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü münasibətilə Təbrizdə rəsmi qəbul təşkil edib.

BAKI, 27 may — Sputnik. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü, 28 May — Respublika Günü münasibətilə Təbrizdə rəsmi qəbul təşkil edib. 

Sputnuk xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Təbrizdəki Baş Konsulluğu yayıb. Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə qəbuldakı çıxışı zamanı Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və nailiyyətləri haqqında iştirakçılara məlumat verib.

Baş konsul 23 ay ərzində yaradılan tarixin Azərbaycan xalqının varlığına hopduğunu, 70 illik əsarətdən sonra ölkəmizin yenidən müstəqilliyə qovuşduğunu bildirib. O, bu müstəqilliyin qorunub saxlanmasında Heydər Əliyevin boyuk rolu olduğunu qeyd edib. 

"Əsası Heydər Əliyev tərəfindən qoyulan hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini prezident İlham Əliyev ləyaqətlə davam etdirir. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində böyük uğurlar əldə olunub." — deyən Əlizadə tədbir iştirakçılarına Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar haqqında da məlumat verib. Bildirib ki, Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe, münaqişənin həllində beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi təəssüfləndirici haldır. "Azərbaycan nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü gec-tez bərpa edəcək.

Baş konsul son dövrlərdə hər iki ölkə rəhbərlərinin yüksək əzmi ilə daha da inkişaf edən Azərbaycan-İran münasibətlərindən də danışıb. O, bu münasibətlərin Baş Konsulluğun əhatə etdiyi vilayətlərə də sirayət etdiyini, qarşılıqlı səfərlərin, sərgilərin, müştərək layihələrin, iqtisadi, elmi-mədəni tədbirlərin artdığını qeyd edib.

İranın Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə isə çıxışında İran-Azərbaycan əlaqələrinin inkişafından, əhəmiyyətindən, ortaq bağlılıqlardan, ötən dövrdə həyata keçirilmiş və keçiriləcək işlərdən danışıb.

Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini, İranla münasibətlərini əks etdirən film nümayiş etdirilib. Azərbaycan xalq mahnılarının sədaları altında ziyafət verilib.

Burada Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının rəsmi təqdimat mərasimi də təşkil olunub.


Əsas mövzular