21:27 25 İyun 2017
Canlı yayım
Londonda etiraz aksiyası

Londonda Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Bir qrup azərbaycanlı və onlarla həmrəylik nümayiş etdirən şəxslər bir araya gələrək iki günahsız dinc azərbaycanlının öz doğma Kəlbəcər rayonlarında girov götürülməsinə qarşı etiraz aksiyası keçiriblər.

BAKI, 25 may — Sputnik. Bir qrup azərbaycanlı və onlarla həmrəylik nümayiş etdirən beynəlxalq hüququn dəstəkçiləri bir araya gələrək iki günahsız dinc azərbaycanlının 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olan öz doğma Kəlbəcər rayonlarında girov götürülməsinə qarşı etiraz aksiyası keçiriblər. Avropa Azərbaycan Cəmiyyəti (TEAS), Böyük Britaniyadakı Azərbaycan icması və Türk Assosiasiyaları Federasiyası bu etiraz aksiyasına dəstək veriblər.

Ermənistanın Böyük Britaniyadakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb və 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər. Bu iki azərbaycanlı 2014-cü ilin iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən əsir götürülüblər. Digər üçüncü şəxs-38 yaşlı Həsən Həsənov isə öldürülüb. Dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum edib.

Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cek Peqoraro etiraz aksiyası ilə bağlı şərh verib: "Dilqəm və Şahbaz öz qədim torpaqlarına valideynlərinin qəbrinə baş çəkmək məqsədilə getmiş iki günahsız mülki şəxsdir. Bu onların insan haqqıdır və qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarını işğal edən ermənilərin onların qarşısını almağa heç bir haqqı çatmır, o ki qaldı qanunsuz şəkildə saxlayıb, işgəncə verməyə və hərbi təxribatçı olduqlarını iddia etməyə. Onların şəklini görən istənilən şəxsə aydın olur ki, bu iki şəxs yaşlı insanlardır, əsgər deyillər. Onların həbs edilməsi və qondarma məhkəmə tərəfindən mühakimə edilməsi, bu, insan haqlarına ziddir və Cenevrə Konvensiyasının pozulması deməkdir. Biz burada bu şəxslərin dərhal azad edilməsini və Ermənistan qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etmək üçün toplaşmışıq".

Qeyd edilən şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasına, Beynəlxalq Humanitar Hüququ, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasına ziddir və Ermənistanın Mülki və Siyasi hüquqlar haqda Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland Dilqəm Əsgərov və Şahbuz Quliyevin dərhal azad edilməsini tələb ediblər.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini sözügedən girovların mülki şəxs olduğunu nəzərə alaraq, bu qeyri- qanuni aktı pisləyib.

Bu şəxslərin tutulması və "mühakimə edilməsi" beynəlxalq hüquq prinsiplərinə ziddir. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal bu günə qədər davam edir. İşğalçı erməni qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri-konstruktiv mövqeyinin göstəricisidir.

 

Teqlər:
məhkəmə, həbs, işğal, azərbaycanlı, səfirlik, girov, etiraz aksiyası, Türk Assosiasiyaları Federasiyası, Böyük Britaniyadakı Azərbaycan icması, Avropa Azərbaycan Cəmiyyəti, Dilqəm Əsgərov, Şahbaz Quliyev, Cek Peqoraro, Kəlbəcər, Böyük Britaniya, London

Əsas mövzular