16:13 15 Dekabr 2017
Canlı yayım
Hacı Madər

Hacı Madər: Onlar danışırlar, mən iş görürəm

meclis.gov.az
XƏBƏRLƏR
Qısa URL
249 0 0

Hacı Madər Musayev Binəqədidə baş vermiş yanğının təxribat olduğuna inanmır

BAKI, 22 may — Sputnik. "Mən saat 12-dən 8-ə qədər yanğın olan yerdə olmuşam. Düşünmürəm ki, Binəqədidə baş vermiş yanğın hansısa xarici, ya da daxili qüvvənin təxribatıdır."

25 ildir Binəqədi rayonundan Azərbaycan Milli Məclisinə deputat seçilən Hacı Madər Musayev Sputnik-ə müsahibəsində belə deyib.

"Mən yanğının təxribat, ya da məmur səhlənkarlığı ucbatından baş verdiyinə inanmaq istəmirəm. Ortada insan tələfatı var, məmurlar tezalışan materialların binaya yapışdırılmasına necə imkan verə bilərdilər ki?! O binalara daş üzlüklərin çəkilməsi nəzərdə tutulub. Sonra tezalışan materialların binalara hansı yollarla yapışdırıldığı aydın deyil. Ölkə prezidentinin yanğınla bağlı addımlarını diqqətlə izləyirəm. O, əlindən gələni edir ki, günahkarlar aşkara çıxsın və cəzalandırılsın. İlham Əliyev lazımi tapşırıqlarını verib və onun əsasında da iş gedir. Kim günahkardırsa, gec-tez ortaya çıxacaq və layiqli cəzasını alacaq. Biz isə yanğından zərər çəkənlərə əlimizdən gəldiyi qədər yardım göstərməyə çalışırıq. Əlimizdən nə gəlirsə, edəcəyik" — deyən deputat iqtidaryönümlü medianın və şəxslərin yanğınla bağlı təxribat versiyasını nə səbəbə irəli sürdüyünü başa düşmədiyini deyib: "Yanğın səhər saatlarında, adamların yuxudan oyanıb işə getdiyi vaxt başlayıb. Bu elə vaxtdır ki, əgər kimsə yanğın törətməyə cəhd etsəydi, o saat ətrafdakılar onu görərdi və qarşısını alardı. Binanın üzlüyü gözümüzün qabağında alışıb yanırdı, bu necə təxribat ola bilər ki?"

Hacı Madər sözügedən faciənin onun siyasi karyerasını da zədələyə biləcəyi barədə mediada yazılanları əsassız hesab edir: "Mən 25 ildir Binəqədinin deputatıyam. Əgər Binəqədi camaatı məni sevməsəydi, hörmət etməsəydi, məni 5 dəfə dalbadal deputat seçməzdi. Növbəti seçkilərə hələ 5 ay var. İndi seçki barədə düşünmürəm. Ona görə də seçkidə iştirak edib-etməyəcəyimi deyə bilmərəm. Əgər etimad göstərsələr, yenə namizəd olacağam, göstərməsələr yox. Hər halda hamı mənim Binəqədi üçün nələr etdiyimi bilir. O yanğını mən törətməmişəm ki, mənim siyasi karyerama da xələl gətirə."

Bu yanğınla onun da dəstəklədiyi "Təmiz Binəqədi" layihəsinin fiaskoya uğraması barədə fikirlərə isəBinəqədinin "Xaç atası" adlandırılan M.Musayev belə cavab verib: "Mən və ailəm Binəqədidə yaşayırıq. 25 illik siyasi fəaliyyətim, həm də iş həyatımda Binəqədidə gedən prosesləri yaxından izləmək imkanım olub. "Təmiz Binəqədi" layihəsinin işə düşdüyü son 3 ildəki inkişafı əvvəlki dövrlərlə qətiyyən müqayisə etmək olmaz. Fərq yerlə göy arasındadır. İndi heç kəsin arzu etmədiyi bir yanğın hadisəsinə görə, Binəqədinin inkişafını inkar etmək olmaz. Düşünürəm ki, "Təmiz Binəqədi" layihəsi davam etməlidir və daha gözəl işlərə imza atmalıdır.

Binəqədinin tale yüklü məsələləri lə bağlı parlamentdə daim susmasının səbəbini isə, Hacı Madər belə izah edib: "Mən uzunmüddətli parlament təcrübəsi olan adam kimi yaxşı bilirəm ki, nəyi parlamentdə danışırlar, nəyi özləri edirlər. Elə şeylər var ki, onları parlamentdə danışmaq lazım deyil, əl-qolunu çırmayıb o problemi aradan qaldırmaq lazımdır. Mən danışmasam da, Binəqədi camaatı gördüyüm işlərdən xəbərdardır. Mən danışmaqdansa iş görməyi üstün tuturam."

Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Eyni dairədən 5 dəfə təkrar seçilən yeganə deputatdır.

Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. "Şöhrət" ordeni ilə təltif edilib. Xarici dillərdən ancaq rus dilini bilir.
1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986-1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb. Bitərəfdir.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, beş çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.

Əlaqədar

Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək
Yanmış avtomobillərin sahiblərinə kompensasiya veriləcək
Bakıda yanan binada təmir işlərinə başlanılıb
Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumu açıqlandı

Əsas mövzular