23:57 25 Fevral 2018
Canlı yayım
Journalists
© Sputnik / Vladimir Fedorenko

Peşəkarlıq, yoxsa dövlət maraqları?

MULTİMEDİA
Qısa URL
8201

Jurnalistlər cəbhədəki gərginliklə bağlı Mətbuat Şurasının mediaya müraciətnə münasibət bildirir

“Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır. Cəmiyyətin cəbhədə vaş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbul ediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir”.

Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "Facebook" şəbəkəsində yazıb.

Ə. Amaşov bildirib ki, Mətbuat Şurası ötən ilin avqustunda atəşkəs rejiminin kütləvi pozulması müşahidə edilərkən də məsələ barədə mövqeyini açıqlayıb: “Qurum belə qənaətdədir ki, cəbhədə baş verənlərin ictimaiyyətə çatdırılmasında medianın operativliyi nə qədər vacibdirsə, onun dəqiqliyi və obyektivliyi bir o qədər zəruridir. Həssas fəaliyyət jurnalistin təkcə peşə etikasına riayyət etməsi deyil, eyni zamanda onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edə bilməsi mümkün olan məqamlardan uzaq durmasıdır. Hər iki halda o, cəmiyyətin mənafe və maraqlarının keşiyində dayanır və səngərdəki əsgərdən heç də az iş görmür”.

Şura sədri cəbhədən xəbərlər yayan jurnalistləri, kütləvi informasiya vasitələrini, o cümlədən xəbər saytlarını həssas olmağa çağırıb: “Düşünürəm ki, onların həssas münasibəti ilk növbədə peşəkarlıqlarını ortaya qoyacaq. Hazırkı durumda belə fəaliyyətin yolu faktları müvafiq dövlət qurumu – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə dəqiqləşdirməkdən, rəsmi təsdiqi olmayan məlumatları yaymamaqdan keçir. Unutmayaq ki, mahiyyətinin pozitivliyi və neqativliyindən asılı olmayaraq dövriyyəyə buraxılan məlumatların Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etməsi mümkündür”.

Maraqlıdır, “jurnalistlərin qeyri-peşəkarlığı” ifadəsinin bu sahədə tez-tez təkrarlanmaması üçün nə etməli və belə hallarda jurnalistlər necə davranmalıdır? Bu haqda redaktorların fikrini öyrənməyə çalışdıq.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Əflatun Amaşovun münasibətini belə dəyərləndirdi:

“Ötən il avqust ayında cəbhədə baş verən hadisələr zamanı bəzi internet resurslarının davranışları bu müddət ərzində xeyli dərəcədə islah olunsa da, hələ də belə hallara rast gəlirik. Bu günlərdə Gədəbəydə baş verən gərginliklə bağlı bəzi internet resurslarının yoxlanmamış məlumatları yayması faktlarına rast gəlindi. Bəzi hallarda, bu, Azərbaycanın milli-dövlət maraqlarının əleyihinə də işləyir. Ona görə, Mətbuat Şurası sədrinin bu müraciəti yerində olan bir müraciət və jurnalistlər üçün bir çağırışdır”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də deyir ki, hər bir jurnalist öz peşəsindən əvvəl milli və dövlət maraqlarını düşünməlidir. Jurnalist Azərbaycan Respublikasının vətəndaşıdır və xalqın marağından çıxış etməlidir:

“Jurnalistlər yalnız dövlət marağından, ümummilli və xalq marağından çıxış edərək, belə hallarda çox diqqətli olmalıdırlar. Mən də bütün jurnalistləri belə həssas məqamlarda diqqətli olmağa çağırıram ki, bizim verdiyimiz informasiyalar hansısa dövlətin marağına xidmət etməsin və bizim informasiyalardan istifadə edib bizim dövlətin əleyihinə kampaniya aparmasınlar. Eyni zamanda, jurnalist hərbi sirri satmamalıdır. Hərbi sirri qorumaq hər bir vətəndaşın, vətəndaş kimi də jurnalistin borcudur”.

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, bəzi saytlarda yoxlanmamış məlumatların getməsi peşəkarlıqdan daha çox dövlət maraqlarının düzgün dərk edilməməsindən irəli gəlir:

“Mən deyərdim ki, peşəkarlığın aşağı olmasından yox, daha çox dövlət maraqlarını lazımi qədər dərk etməməkdən irəli gələn bəzi problemlər var. Məsələn, yoxlanmamış bəzi məlumatların internet səhifələrinə çıxarılması faktları ilə biz hələ də rastlaşırıq. Bu da peşəkarlıqla bağlı deyil, sadəcə olaraq bizim bəzi jurnalistlərin dövlət mənafiələrinə lazımi qədər qiymət verməməsi ilə bağlıdır”.

Rəyini öyrəndiyimiz baş redaktorlar belə hesab edirlər ki, jurnalitlər dövlət maraqlarına diqqətlə yanaşmalı və həssas məqamlarda peşəkar davranmalıdırlar. 


Əsas mövzular