10:12 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Qəbiristanlıq
vk.com

Bizim qəbristanlıqlar artıq mavzoleyə çevirilib

MULTİMEDİA
Qısa URL
4901

Bir daha toy və yas adətlərimiz barədə: millət vəkili və din xadiminin mövqeyi

Təxminən bir il əvvəl yas mərasimlərində ehsan verilməsi, dəbdəbəli qəbir daşlarının qoyulmasının qarşısının alınması, toylarda israfçılığın aradam qaldırılması ilə bağlı ciddi müzakirə başladı. İctimaiyyət də müzakirələrə qoşuldu, əksəriyyət dövlət tərəfindən toy və yas mərasimlərinə ediləcək nəzarəti yüksək qiymətləndirdi. 

Günlərlə davam edən yas mərasimləri, bahalı başdaşları, restoranların təklif etdiyi dəbdəbəli menyularla müşayət olunan israfçılıq heç də hamının cibinə görə deyil.

Ötən ilin yay ayalarından başlayan müzakirələrdən sonra dövlətin toy və yas mərasimlərinə ümumi standartlar tətbiq edəcəyi deyilirdi. Artıq dövlət rəsmilərinin, məmurların, deputatların da bu mövzu haqda müzakirələrə qoşulması, haqlı iradlarla razılaşması belə ümid yaratmışdı ki, həqiqətən də toy və yaslarda olan israfçılıq aradan qaldırılacaq.

Amma bu müzakirələrdən təxminən bir il keçir, niyə heç nə dəyişmədi?

“Sputnik”in bu sualını yas və toy məclsilərindəki israfçılıqla bağlı həmişə etiraz edən, fikirlərini mütəmadi olaraq sosial şəbəkələrdə bölüşən Milli Məclisin deputatı Fazil Mustafa cavablandırır:

“Yaslarla bağlı məsələdə bir irəliləyiş olmadı. Bizdə xalqın böyük əksəriyyəti israfçılığı sevir. Böyük əksəriyyət dinə, dinin tələblərinə əsrlər boyu ciddi yanaşmayıb. Bidətlərlə, qarışıqlıqlarla doldurublar. Ona görə bu proseslərdə ayrı gözləntilər gözləmək də olmazdı. Dini komitə müsbət bir addım atdı. İnsanlara bir şans verdi ki, bu istiqamətdə müəyyən məsələləri həll etsinlər. İnsanlar şöhrətpərəstlik etmədən, başqasının istəyinə alüdə olmadan özünün vəziyyətini yüngülləşdirəcək addım atsın. Amma yenə də möhtəşəm qəbir daşları, yas yerlərində yemək içmək davam edir”.

Belə məlum olur ki, israfçılıqla bağlı aparılan müzakirələrin nəticəsi gözlənildiyi kimi olmadı. Amma bir müddət yaslarda ehsan verilməsinə rayon icra hakimiyyətləri və polisləri tərəfindən nəzarət edildi. Həmin ərəfədə yaslarda yalnız çay, qənd, limon, halva və xurma verildi. Bu qadağa Bakı və ətraf rayonlarda bir müddət inzibati üsullarla da olsa tətbiq edildi. Lakin sonradan nəzarət aradan qalxdı və vəziyyət əvvəlki halını aldı.

Yaslarda ehsan verilməsi qadağası ilk olaraq Təzəpir məscidində pozuldu. Elə bu da cəmiyyətdə ciddi çaşqınlığa, bir növü də etiraza səbəb oldu. Rayonlarda və qəsəbələrdə ehsanlara nəzarət edildiyi halda Bakının mərkəzində Təzəpir məscidində dəbdəbəli ehsan süfrəsinin açılması heç də birmənalı qarşılanmadı. 

Toylardakı israfçılığın qarşısının alınması ilə bağlı isə ümumiyyətlə iş görülmədi. Sonradan müzakirələr belə dayandı. Fazil Mustafanın fikrincə bunun səbəbi ölkədə olan “resotran mafiyası” ilə bağlıdır. Yəni toylardan gəlir əldə edənlər bununla razı deyil:

“Toylar bir az fərqlidir. Toylar sırf mafiya məsələsidir. Toylar ayrı-ayrı vəzifəli, imkanlı şəxslərin əlində olan haqsız biznes şəbəkəsidir. Bu şəbəkədə insanların soyulması rəsmiləşdirilib. Ən yüksək səviyyədə insanların soyulması istiqamətində qoruyucu sistem formalaşıb. Çünki heç kim, heç nədən şikayət edə bilməz, yeməklərin köhnə və keyfiyyətiz olmasına müqavimət imkanı yoxdur. Toy sahibinin soyulması baş verir. İnsanların toylarda da şöhrətpərəstlik xəstəliyi qoymur ki, yeniləşmə olsun. Hər kəs başqasını razı salmaq, xoşuna gəlmək üçün həyatını qurur. Ona görə də bu işlərdə çətinlik var. Heç bir dəyişiklik yoxdur”.

İlahiyatcı Hacı Adil Hüseynov “Sputnik”ə açıqlamasında ehsan süfrələrinin qadağan edilməsindən danışıb. İlahiyatçının fikrincə ehsanın qadağan edilməsi yas mərasimlərinin də ləğvinə gətirib çıxara bilər. Bu isə öz növbəsində yas mərasimlərində islam dinin təbliğini azaldır:

“Hər hansı bir qanun gündəmə gələndə qadağa, məhdudiyyət olanda cəmiyyət onu birmənalı qarşılamır. Bu qanun şəklində qoyulanda təbii ki, ictimaiyyətin bir qrupunun narazılığına səbəb olacaq. Bunun haqlı və haqsız tərəfləri də var. Təbii ki, yas mərasimlərində israfçılığın olması, ehsanın öz yerinə çatdırılmaması- yəni ehsan kimlərə düşür, kimlərə verilə bilər bu tam başqa istiqamətə yönləndiyindən buna müəyyən bir tənzimləmə olmalıdır. Amma qadağan edilməsini düzgün hesab etmirəm. Birinin rəhmətə gedəni varsa, o ürəyi istədiyi kimi ehsan verməlidir. Bu onun haqqıdır. Bir insanın onu böyüdən valideynin yolunda ehsan verməsi başa düşüləndir. Məsələnin məni narahat edən tərəfi odur ki, ehsana qoyulan qadağa yas mərasimlərinə qadağaya gətirib çıxarır. Yəni artıq ehsan verilmirsə, yas mərasimləri də yavaş-yavaş sıradan çıxır. Bunun özü də islam dinin təbliğ olunması üçün qalan yeganə auditoriyanın təbliğ olunması deməkdir”. Hacı Adil Hüseynov qəbirdaşlarının standrt hala salınması məsələsinin vacib olduğunu dedi. Onun fikrincə qəbristanlıqlardakı indiki vəziyyət heç də ürəkaçan deyil:

“Bizim qəbristanlıqlar artıq mavzoleyə çevirilib. Şəriət qaydalarına görə belə bər-bəzəkli, təm-tərahlı şeylərə ehtiyac yoxdur. Qonşu ölkələr — İran və Türkiyədə bu cür halları hamı normal şəkildə qəbul edir. Çox da gözəl effektli alınır. Mərmər daşları qoymaq bahadır. Bu baxımdan standartların olması yaxşı olardı. Onsuzda bunun ölüyə heç bir xeyri yoxdur”.

Qeyd edək ki, hazırda müzakirə olunan məsələ məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsüdür.

Bu haqda da mətbuata Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı məlumat verir.

Mübariz Qurbanlı son açıqlamasında məzarlıqlarla bağlı yeni qanun layihəsinə Nazirlər Kabineti tərəfindən baxıldığını, yekun müzakirələr aparıldığını deyib. 

M.Qurbanlı növbəti mərhələdə sənədə prosedura uyğun olaraq Prezident Administrasiyasının qanunvericilik şöbəsində baxılacağını və sonra qanun layihəsinin Milli Məclisə təqdim olunacağını deyib. 

Sənədlə bağlı heç bir problemin olmadığını deyən komitə sədri qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlərinyer aldığını deyib. 


Əsas mövzular