02:09 18 Oktyabr 2017
Canlı yayım
Müşfiq Ələsgərli
musavat.com

Qeyri-peşəkarlığın əsas səbəbi - siyasiləşmə

MULTİMEDİA
Qısa URL
9301

Müşviq Ələsgərli: “Azərbaycan mediası bütün post-sovet məkana nümunə göstərilə bilər”

XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-siyasi fikrin inkişafı milli mətbuatın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi çətinliklə olsa, belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. "Əkinçi"nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub.

İlk milli mətbuat orqanı olan "Əkinçi" qəzetinin işıq üzü gördüyü gün — iyulun 22-si respublikada "Mətbuat Günü" kimi qeyd edilir.

140 il ərzində Azərbaycan mətbuatının hansı yolu və necə qət edib? Suallarımızı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli cavablandırır:

- 140 illik dövrdə Azərbaycan Mətbuatının ən böyük uğurunu nədə görürsünüz?

— Azərbaycan mətbuatının yaranış tarixi dünyaya nisbətən bir az gec başlayıb. Dünyada peşəkar medianıın yaranışı XVII əsrin əvvəlləri hesab olunursa, Azərbaycanda bu XIX əsrdədir. Təqribən dünyadan 250 il geri düşmüşük. Amma başlanğıcı dünya tarixindən gec olsa da və Azərbaycanın peşəkar mediasının yaranması qısa müddətli yol keçməsinə baxmayaraq, kifayət qədər uğurlu media formalaşıb. Başqa ölkələrdən fərqli olaraq Azərbaycan mediası milli hərəkatın, müstəqil dövlətin qurulmasının, oyanış hərəkatının həmişə önündə getmiş bir mediadır. Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin və ondan sonra meydana çıxan Azərbaycan dilli medianın fəaliyyətinin nəticəsi olaraq təqribən 30-35 il sonra Azərbaycanda müstəqil demokratik respublika quruldu. Hesab edirəm ki, həmin respublikanın qurulmasında milli mətbuatınmızın kifayət qədər böyük rolu var.

Sovet dövründə Azərbaycan mediası totalitar sovet rejiminin tərkib hissəsi oldu, amma buna baxmayaraq öz milli simasını itirmədi və 80-ci illərin sonlarında milli hərəkatın başlamasında və dövlət müstəqilliyinin elan olunmasında yenə də çox mühüm rolu oldu. 90-cı illərin əvvəllərində Azərbaycan mediası dünyada Azərbaycana qarşı olan informasiya blokadasının aradan qaldırılmasında və həqiqətlərimizin dünyaya çatdırılmasında mühüm rol oynadı. Hətta Azərbaycan mediası öz sıralarından şəhidlər verdi. Hal-hazırki mediamız da yenə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında kifayət qədər rol oynayır. Qısa zaman ərzində mətbuat inkişaf sürətinə görə nəinki dünya media məkanına inteqrasiya olundu, həm də onun bir tərkib hissəsinə çevrildi və bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında kifayət qədər rol oynayır. Bu bizim uğurumuzdur. Bu gün Azərbaycan mediası bütün post-sovet məkanında medianın inkişaf etdirilməsi üçün bir nümunə kimi göstərilə bilər və göstərilir. 

- Mediada istər peşəkarlıq, istərsə də jurnalistlərin öz funksiyalarının yerinə yetirilməsi sahəsində hansı irəliləyişlər var?

— Dünyada peşəkarlığın ölçülməsi üçün standartlar mövcuddur və onları dünyada aparıcı qlobal jurnalist təşkilatları hazırlayırlar. Bu gün Azərbaycan mediasının uğurlu cəhətlərindən biri odur ki, Azərbaycan media təşkilatları, xüsusən jurnalist təşkilatları həmin beynəlxalq jurnalist qurumları ilə bərabər hüquqlu əməkdaşlıq qura və onların sıralarına inteqrasiya edə biliblər. Bu gün biz dünyada öz nüfuzu, təsir imkanları və peşəkar mühitin inkişaf etdirilməsi ilə məşğul olan jurnalist təşkilatlarının sırasına baxsaq, həmin sıralarda Azərbaycan jurnalist təşkilatlarını da görə bilərik. Məsələn, Beynəlxalq Mətbuat İnstitutu – bu dünyanın ən qədim jurnalist təşkilatlarından biridir və bütün dünyada fəaliyyət göstərir. Onun Azərbaycanda milli komitəsi və yerli üzv təşkilatları var və Beynəlxalq Avrasiya Mətbuat Fondu həmin təşkilatın nəinki Azərbaycanda, həm də reqion üzrə bir təmsilçisinə çevrilib. Azərbaycanda Jurnalistlərin Həmkarlar İttifaqı həmin Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü və Azərbaycan üzrə təmsilçisidir. Bu sıralama ilə biz saysaq, digər beynəlxalq təşkilatların hər birinin üzvlülüyündə bu gün Azərbaycandan da olan jurnalist təşkilatlarını görmək olar və onlar dünyada jurnalistlərin peşəkarlığı baxımından standartların hazırlanması, istərsə də, yeni elementlərin ora daxil olması yönümündə aparılan müzakirələrdə iştirak edirlər və həmin yenilikləri öyrənərək Azərbaycanda tətbiq edirlər. Bu baxımdan Azərbaycan jurnalistləri peşəkarlıq standartları barədə kifayət qədər məlumat alırlar və onları öz sahələrində tətbiq etməyə çalışırlar. Peşəkar medianın qurulması üçün Azərbaycanda həm də, ən yaxşı model olan – özünü tənzimləmə mexanizmləri tətbiq olunur. Bu medianın idarə olunmasında, peşəkarlığın artırılmasında ən yaxşı vasitələrdən biridir.

Azərbaycanda kifayət qədər peşəkar jurnalistlər fəaliyyət göstərirlər, baxmayaraq ki, qeyri-peşəkarlar da çoxdur. Bu faktı biz danmamalıyıq. Qeyri-peşəkarlılığın ortaya çıxmasının əsas səbəblərindən biri Azərbaycan mediasında siyasiləşmə amilidir – bu gün də Azərbaycanda müxtəlif siyasi qrupların təsir dairəsində olan media qurumları var. Onlar himayəsində olan KIV-lərdən təbliğat maşını kimi fəaliyyət göstərirlər. Təbii ki, bu cür KİV orqanlarında peşəkar şəxslərin çalışmasından danışmaq mümkün deyil. Onlar jurnalistləri peşəkarlığa görə yox, öz siyasi konyukturalarına uyğun olaraq seçirlər. Təəssüf ki, belələri var və biz inkar edə bilmərik. Onlar da Azərbaycan mediasının bir tərkib hissəsi olaraq yer tuturlar, media bazarında fəaliyyət göstərirlər və bu baxımdan biz onları bir hissə olaraq qəbul etməyə məcburuq. Nəinki qeyri-peşəkar olan, həm də Azərbaycanda jurnalist peşəsinə ləkə gətirən şəxslər də mövcuddurlar. Mətbuat Şurasının müvafiq komissyalarına il ərzində yüzlərlə şikayət daxil olur. Bu onu göstərir ki, hələ Azərbaycan mediasında kifayət qədər qeyri-peşəkarlar mövcuddur və fəaliyyət göstərirlər. Amma bu bütövlükdə medianın nüfuzuna xələl gətirəcək səviyyədə deyil. Biz Jurnalistlərin Həmkarlar İttifaqı olaraq həmişə bu faktı qabardırıq ki, Azərbaycanda peşəkar jurnalist problemi yoxdur, peşəkar jurnalistlərin peşəkar səviyyədə saxlanılması problemi var. Yani biz 6-8 il öncəyə dönsək, həmin dövrdə Azərbaycanda peşəkar jurnalistlərin bu sahədən axıb getməsi prosesini müşahidə edərik, ona görə ki, həmin vaxt media iqtisadi baxımdan çox bərbad bir gündə idi. Bu gün Azərbaycan mediasının uğuru ondadır ki, onun azad, sərbəst fəaliyyət göstərçməsi və iqtisadi cəhətdən özünü təmin etməsi üçün artıq yaxşı şərait yaranıb. 

- Həmkarlar İttifaqının sədri kimi bu illər ərzində jurnalistlərin əmək şəraitinin yaxşılaşdırılması sahəsində görülən işləri necə qiymətləndirirsiz?

— Beynəlxalq Jurnalistlər Federasiyasının məhşur bir devizi var –“Layiqli jurnalistika layiqli iş şəraitindən başlayır”. Bu layiqli iş mühitinə daxildir: jurnalistlərin normal iş şəraiti, onların əməklərinin leqallaşdırılması, əmək haqqının miqdarı, həmçinin, təhlükəsiz mühit. Biz də hesab edirik ki, ləyaqətli peşəkar jurnalistika ləyaqətli və peşəkar iş mühitindən başlayır. Bu baxımdan Azərbaycanda hansı vəziyyətdir? Hələki layiqli iş mühitinin yüz faiz qurulması barədə biz danışa bilmərik, çünkü müəyyən problemlər hələ də mövcuddur, amma buna baxmayaraq həmin layiqli iş mühitinin qurulamsı üçün son illər Azərbaycanda sürətli proseslər baş verir. Onlar nədən ibarətdir? Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı ildə 2 dəfə jurnalistləri sosial-iqtisadi durumuna dair hesabat hazırlayır və yayır. Biz peşəkar media qrumlarının əməkdaşlarını sorğulara cəlb edirik, onlardan öyrənirik ki, hansı mühitdə işləyirlər. Bura daxildir: onların nə qədər əmək haqqı var, nə qədər illik qazancları var, sosial və tibbi sığorta, peşə fəaliyyətinə görə təqib olunma və təhlükəsizlik məsələləri. Biz bunları sorğular nəticəsində müəyyən edib öz hesabatlarımızı yayırıq. Müsbət dəyərləndirilməli cəhət odur ki, bu sahədə çox ciddi irəliləyişlər var. Mən, müqayisə aparmaq üçün 2008-ci ili misal gətirmək istəyirəm. 2008-ci ildə biz redaksiyalarda sorğu keçirəndə məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən redaksiyaların təqribən 85 faizində jurnalistlərlə əmək müqaviləsi imzalanmır. Deməli, onların fəaliyyəti leqallaşdırılmır və əmək münaisbətləri ilə bağlı çox ciddi problemləri var. Tibbi sığorta anlayışı ümumiyyətlə yox idi. Biz müəyyən etmişdik ki, sorğuya cəlb etdiyimiz 100 redaksiyadan yalnız üçündə tibbi sığorta anlayışı var, amma qalan redaksiyalarda bu haqda heç bir anlayış yoxdur. Həmin dövrdə biz layiqli iş yerindən danışa bilməzdik. Bu gün həmin statistika tamamilə tərsinə fırlanıb. 2015-ci ilin ilk rübü üçün hazırladığımız hesabatda vardı ki, jurnalistlərin əmək haqqı artıq 500-600 manat və daha yuxarı həddə hesablanır. Əmək müqavilələri ilə bağlı – 2008-ci ildə 85 faiz redaksiyalarda əmək müqavilələri yox idisə, bu günki statistikaya görə artıq 90 faiz redaksiyalar ilə əmək müqavilələri bağlanır. Lakin orada yenə müəyyən problemlər var: əmək müqavilələri reallığı tam əks etdirmir – verilən əmək haqqı ilə rəsmiləşdirilən əmək haqqı arasında fərqlər mövcuddur və əmək müqavilələri redaksiyaların bütün əməkdaşları ilə bağlanmır. Amma əsas odur ki, bu 4-5 il ərzində biz nəyə nail olmuşuq. Nail olduğumuz odur ki, artıq redaksiyalarda əmək müqavilələrinin bağlanması prosesi gedir və gələcəkdə bu, yəqin ki, 100 faiz hamını əhatə edəcək. Əsas odur ki, bu gün həmin əmək müqavilələrinin bağlanmasını, əmək mühitinin yaxşılaşdırılmasını tələb edən bizim qanunvericiliydə dəyişikliklər və onları tələb edən mexanizmlər yaranıb. Bizim nailiyyətimiz budur. İndi Azərbaycanda jurnalistlər üçün layiqli iş mühitinin qurulması baxımından çox ciddi nailiyyətlər əldə olunub və bu hələlik 100 faiz səviyyəsində deyil, amma bu yöndə işlər gedir. 

 

Əsas mövzular