00:03 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
930 0 0

Bakının iqlimi, relyefi velosiped yollarına uyğun deyil, ekspert Bakıdan kənarda bu yolların salınmasını təklif edir.

BAKI, 6 sentyabr — Sputnik. Prezident İlham Əliyev 2019-cu ildə 2019-2023-cü illərdə avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilərin müəyyən edilməsi üçün sərəncam imzalayıb. Maraqlıdır, hazırda bu istiqamətdə görülən işlər nə yerdədir.

Bakı Nəqliyyat Agentliyinin Yol Hərəkətinin Təşkili şöbəsinin müdiri Tərlan Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. Velosiped yolunun sırf nəqliyyat vasitəsi kimi istifadəsindən danışan T.Səfərov artıq Bilgəh qəsəbəsində bu işin təşkil olunduğunu bildirib: "Bu il 2 kilometr uzunluğunda Bilgəh qəsəbəsi ərazisində velosiped yolu salınıb ki, bu da 5 turizm mərkəzini birləşdirir və 2 istiqamətlidir. İlkin mərhələdə Nardaran qəsəbəsindən "SeaBreeze" kompleksinə, daha sonra isə Pirşağı qəsəbəsinədək uzadılacaq. Planda var ki bu yol Zaqulba adlanan əraziyə də birləşdirilsin".

O bildirib ki, Pirşağı qəsəbəsinin daxilində də velosiped yollarının təşkili ilə bağlı plan var: "Bundan başqa, şəhər mərkəzində 7.5 kilometrlik velosiped yolu ilə bağlı layihə var. Bu layihə artıq dövlət qurumları ilə razılaşdırılmanın son mərhələsindədir. Razılaşmadan sonra isə elə bu il ərzində velsoiped yollarının salınmasının təşkilinə başlamağı planlaşdırırıq. Şəhərdə isə "Sahil" metrosu, "Sahil Bağı", Hökumət Evinin ətrafı, Dənizkənarı Milli Parkın ərazisini əhatə edən velospied yolu layihələndirilib və icrasına başlanılacaq".

T.Səfərov bildirir ki, ölkənin baş planına əsasən 2027-ci ilədək 63 kilometr velosiped yolunun təşkili nəzərdə tutulub.

Duracaqlara gəldikdə isə o bildirir ki, hazırda şəhərdə 14 məntəqədə duracaq yerlərinin təşkili nəzərdə tutulub: "Bilgəh qəsəbəsinə gəldikdə isə, hələlik ki, burada duracaqlar yoxdur. Lakin yaxın zamanda qeyd olunan ərazilərdə də duracaqlar təşkil olunacaq".

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi haqda dövlət proqramı ölkə başçısı tərəfindən 2018-ci ilin dekabrında imzalanıb. Bu dövlət proqramına görə 2019-2023-cü illərdə Azərbaycanda yol hərəkəti təhlükəsiz vəziyyətə gətirilməlidir. Burada ətraf mühitin təmizlənməsi, avtomobillərdən atılan zəhərli qazların miqdarının azaldılmasını, bir sözlə, Azərbaycan üzrə hərəkətin sağlamlaşdırılması nəzərdə tutulub: "Həmin proqramda ölkəmizdə velosiped yollarının salınması, ekoloji təmiz nəqliyyat vaistələrinin istismarının stimullaşdırılması və sair qeyd olunur. Bu gün Bakıda da velosiped yollarının çəkilməsi cəhdləri var. Amma cəmi bir neçə kilometr velosiped yolu çəkilib deyə, "artıq Azərbaycanda velosiped yolları mövcuddur" deyə bilmərik. Bu yollar sadəcə Dənizkənarı Milli Park, Bilgəh tərəfdə avtomobil yolunun bir tərəfi xətlənməklə mövcud olub".

Ekspert deyir ki, hər şəhərdə velosiped yolu çəkmək asan deyil:

"Elə şəhərlər var ki, onun iqlimi buna imkan vermir. Bakının iqlimi burada velosipedin bir nəqliyyat vasitəsi kimi populyarlaşmasına, sakinlərin kütləvi olaraq ondan istifadə etməsinə imkan vermir. İdman və əyləncə vasitəsi kimi Azərbaycanda velosiped özünəməxsus yer tutsa da, nəqliyyat vasitəsi kimi sırf Bakı şəhərində bu yeri tuta bilməyib".

O bildirir ki, nə üçün dövlət qurumları velosiped yollarının məhz Bakı şəhərində salınmasını qarşılarına  məqsəd qoyublar: "Bu alınmırsa, özümüzü niyə aldatmalıyıq. Belə yolların çəkilməsi üçün Sumqayıt, Gəncə kimi şəhərlər də var. Bakıda o qədər nizamsız tikinti işləri aparılıb ki belə velosiped yolunun çəkilməsi də problematik olacaq. Sadəcə olaraq mövcud olan avtomobil yolunun bir hissəsini kəsib onu velosiped yoluna çevirmək daha böyük problemə yola aça bilər. Bu sıxlığa səbəb ola bilər. Avtomobil yollarının bir hissəsini avtobuslar üçün ayrılması da sıxlığa səbəb olub".

Bəs velosipedçilər nədən narazıdır, hansı təklifləri var?

Velosipedçi Kənan Qafarzadə DƏnizkənarı Milli Park ərazisindəki problemlərdən danışır. O bildirir ki, adıçəkilən ərazidə belə yollar yoxdur. "Dəniz Mall" adlanan ərazidə salınmış yollarda isə piyadalar velosiped üçün nəzərdə tutulan yollardan istifadə edərək onların hərəkətinə mane olur. "Dənizə yaxın hissədəki zolağa velosiped sürənlərin girişinə qadağa qoyulduğu kimi velosiped üçün nəzərdə tutulan yolda piyadaların hərəkətinə sərt qadağa qoyulmalıdır".

Elşən Ağayev isə velosipedçilərin bu və bənzər problemlərinin həlli üçün bir gün onları toplayaraq şikayət və təkliflərinin dinlənilməsinə ehtiyac olduğunu deyib. 

Vüsal Əzizli isə Bakının mərkəzi küçələrində velosiped zolaqlarının olmasının tərəfdarıdır. Çünki maşınların əlindən hərəkət etmək olmur. Bundan başqa, ən azı yola velosiped zolaqlarının qoyulmasının tərəfdarıyam ki, sürücülər də bizi başa düşə bilsin.

Aydın Kazımov bunun qlobal mövzu olduğunu deyir. O bildirir ki, ekologiya qorumaq, tıxacların qarşısını almaq üçün ilk olaraq şəhər daxilində, daha sonra isə şəhər ətrafında velosiped yollarının salınması zəruridir: "Həm avtomobil sürücülərini, həm də velosiped sürənləri maarifləndirmək lazımdır ki, yollardakı təhlükəsizlik qaydalarına əməl edilsin, onlar təhlükəsizlik geyimləri ilə təmin olunsun".

Kənan İsmayılzadə isə bildirir ki, ümumiyyətlə velosiped yollarının salınması sadəcə magistral yollarda deyil, maşınların çoxluq təşkil etdiyi yerlərdə də məqsədəuyğun hesab olunar: "Belə olan halda, məsələn, bir metrodan digər metroya, yaxud da hansısa prospektdən digərinə hərəkət daha rahat olardı".

Nihad Poladxanov deyir ki, velosipedin nəqliyyat vasitəsi hesab olunmaması elə özü ən böyük problemimizdir.

Digər həmsöhbətimiz Faiq Məsud isə sürücülərin onlara qarşı laqeyd münasibətindən, yollarda onların hüquqlarının pozulmasından söz açıb: "Neçə dəfə olub ki, avtomobil sürücüsü az qala velosiped sürəni tapdalasın. İrad bildirəndə də deyirlər ki, yolda da velosiped sürərlər, bura sənin üçün stadiondur? Düşünürəm ki, bununla bağlı telekanallarda, radioda maarifləndirici materiallar hazırlanmalıdır".

Qeyd edək ki, velosiped zolaqlarının və yollarının layihələndirilməsi ilk olaraq şəhərin mərkəzi hissəsində əsas maraq nöqtələrini birləşdirən marşrut xətləri üzrə nəzərdə tutulub. Daha sonra bu marşrutlar əlaqələndirilərək daha böyük velosiped yolları şəbəkəsinin təşkili planlaşdırılır.

Yasamal Yaşayış Kompleksinin nəqliyyat planı hazırlanarkən Bakı Nəqliyyat Agentliyi tərəfindən velosiped zolaqları və dayanacaqları ilə bağlı məsələlər də əksini tapıb və artıq icra edilib. Birinci mərhələdə paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar əraziləri, ikinci mərhələdə isə İçərişəhər, Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud, Atatürk, Nəriman Nərimanov, Sahil parkları, Ağ Şəhər, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulub.

Həmçinin oxuyun: 

Bakıda velosiped yollarının uzunluğu artırılır

* Bakıda bu işçilər velosipedlə təmin olunacaqlar

Naftalanda ilk: Velosipedçilərin artıq öz yolu var

Mingəçevirdən Avropaya səyahət etməyə hazırlaşan 72 yaşlı velosipedçi: "Şəkərim yox oldu"

Əsas mövzular