08:31 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
32 0 0

"Sevimli” mal nişanı ilə satışa çıxarılan kolbasa məmulatlarının etiketində “ansar” yazılıb. Araşdırmamla məlum olub ki, “ansar” ticarət markası Qazaxıstanda eyni adlı istehsalçıya məxsusdur.

BAKI, 1 sentyabr — Sputnik. Yerli mağazalarda bənzər adda iki kolbasa məhsulunun peyda olması istehlakçılar arasında çaşqınlıq yaradıb. Təxminən 4 aya yaxın müddətdir ki, Azərbaycanda mağazalarda "Sevimli Dad" kolbasaları ilə yanaşı "Sevimli" markalı kolbasaların satılması iddiası ilə bir çox istehlakçı "Azad İstehlakçılar" Birliyinə müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O, qeyd olunan adda məhsulla bağlı araşdırma apardığını və bununla əlaqədar olaraq bir neçə quruma müraciət etdiyini bildirib:

"4 aydan çoxdur ki, istehlakçılardan zəng gəlir və bildirilir ki, marketlərdə "Sevimli" adlı kolbasa satılır. Bu məhsulun adı əhalinin çoxdan istehlak etdiyi "Sevimli Dad" kolbasası ilə yaxınlıq təşkil edir. Bu səbəbdən özüm də bir araşdırma apardım və məlum oldu ki, "Sevimli" məhsulu artıq 4 aydan çoxdur ki, bazardadır. Bundan başqa, məlum oldu ki, "Sevimli" mal nişanı ilə satılan kolbasalar üzərində saxta "Halal" nişanı əks etdirilib. "Halal" sertifikatı verən qurumla əlaqə saxladım, bildirildi ki, həmin şirkətə belə bir sertifikat verilməyib".

Bundan başqa, araşdırma nəticəsində məlum olub ki, şirkət Qazaxıstana məxsus bir mal nişanını da məhsulun üzərində əks etdirib. "Sevimli” mal nişanı ilə satışa çıxarılan kolbasa məmulatlarının etiketində “ansar” yazılıb. Araşdırmamla məlum olub ki, “ansar” ticarət markası Qazaxıstanda eyni adlı istehsalçıya məxsusdur.

E.Hüseynov deyir ki, sadalanan nöqsanlarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət edib:

"Lakin bu xidmətin nümayəndələri sərin otaqdan çıxmadan iki səhifəlik izahat məktubu yazsalar da, heç o kolbasanın nişanına da nəzər yetirməyiblər. Bütün bunlar sadəcə cəfəngiyyatdır".

E.Hüseynov bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də məktub yolladığını söyləyərək onlardan da uzun-uzadı bir cavab aldığını bildirib:

"Nəhayət, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova rəsmi məktub yazdım və hələ də onlardan cavab gözləyirəm. Görüm, onların məmurları sərin otaqlarından çıxıb o mala baxmaq istəyəcək, ya yox. Ümumiyyətlə, bazarda bu kimi hallar çoxdur".

Sədr bildirir ki, həmin kolbasa istehsalçısı ona bir ay müddərində problemi həll edəcəyini desə də, bu müddətdə heç bir iş görməyib:

"AİB-in sorğusuna cavab olaraq “Sevimli Dad” kolbasa məmulatlarının istehsalçısı olan “M&T”LTD-nin müdiriyyəti rəsmi olaraq “Sevimli Dad” mal nişanının onlara məxsus olduğunu, rəsmi dövlət qeydiyyatına alındığını bildirərək istehlakçılar tərəfindən qaldırılan bu məsələnin onların da biznesinə xələl gətirdiyini, mal satışının həcmində azalmalara səbəb olduğunu bildirib. Etiketdə qeyd olunan və lupa ilə oxuna biləcək nömrə ilə əlaqə saxladım. Özünü “Retro Holdinq” MMC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Rasim adlı şəxs mal nişanının rəsmi dövlət qeydiyyatına alınması və “Halal” nişanının hansı qurum tərəfindən müəssisəyə verilməsi barədə məlumatlı olmadığı bildirib".

Eyyub Hüseynov onu da bildirib ki, bir müddət sonra isə özünü şirkətin satış müdiri kimi təqdim edən Mehdi Cavani adlı şəxslə əlaqə yarada bilib: "Həmin şəxs bildirib ki, bu məsələlərə satış müdiri Rövşən adlı şəxs cavabdehdir. Adıçəkilən şəxslə əlaqə yaratdıqda isə o, söz verdi ki, AİB-in dövlət qurumlarına müraciət etməsinə ehtiyac yoxdur, iyun ayının sonunadək “Sevimli” sözünü malların üzərindən götürəcəklər".

Məsələyə aydınlıq gətirmək üçün biz də "Sevimli"nin rəsmisi Mehdi Cavani ilə əlaqə saxladıq. O bildirdi ki, "Sevimli" marka deyil, sadəcə olaraq malın adıdır: "Bizdə "Sevimli",  "Dadlı", "İsti" servalatları var. Bunlar markanın adları deyil".

Şirkət rəsmisi daha sonra bu məsələylə bağlı bizi hüquqşünasa yönləndirəcəyini desə də, sonradan onunla əlaqə yaratmaq mümkün olmayıb.

Qeyd edək ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlamışıq. Dövlət xidməti rəsmi münasibətini açıqlayarsa, agentlik bunu da işıqlandıracaq.

Həmçinin oxuyun:

Eyyub Hüseynov: “Enerji içkiləri insanların sağlamlığına ziyan vurur”

Əsas mövzular