CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fiziki məhdudiyyətli insanların qızıl tövsiyələri

© Sputnik / Murad OrujovProtez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə protezlər təqdim olunub
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə protezlər təqdim olunub - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
"Bizim insanlar qorxurlar ki, doğması səhv edər. Bu, yalnışdır. İnsan səhvini düzəldə-düzəldə öyrənir. İnsanı buraxmaq lazımdır ki, səhv etsin. Övladının səhhətində problemi olan valideynlərdə həddindən artıq qayğı və kompleks var. Bunu dəf etmək lazımdır.
BAKI, 11 avqust — Sputnik. Bu gün insanların böyük bir hissəsi motivasiyanı harada tapmaq və özünü necə motivasiya etmək barədə düşünür. Cəmiyyətdə qarşılaşdıqları irili-xırdalı problemlər onları həyatdan küsdürür. Nəticədə bu, depresiyaya, bəzi hallarda isə intihara belə gətirib çıxarır. Qarabağ Ampute komandasının üzvlərinin həyat hekayəsi həyatdan əli üzülən insanlar üçün əsl motivasiya mənbəyi ola bilər.
Sputnik Azərbaycan həmin qəhrəmanları təqdim edir.
Rasim Ələkbərov – 1-ci qrup Qarabağ qazisidir. 1992-ci ildə Ağdərənin işğaldan azad olunmasında iştirak edib. Qəlpə yarasından sağ ayağını itirən qəhrəmanımız çalışır ki, həmişə fəal olsun. O həm də digər əlil insanlara da yardım əlini uzadır.
"Mən iki dəfə yarlanmışam. Birinci dəfə Şuşa ətrafında, Daşaltı əməliyyatında yaralanmışam. Laçın istiqamətində gedən döyüşlərdə və Ağdərənin alınmasında gedən döyüşlərdə yaralanmışam. Abşeron rayonu Əlillər cəmiyyətinin sədri olmuşam. Həmişə çalışmışam ki, ətrafımda olan əlillərə də yardım edim. Onların həyata bağlanması üçün dəstək vermişəm. Bir gün düşündük ki, necə edək ki, əlil insanlar fiziki aktiv olsunlar. Tennis turnirləri, nərd yarışları təşkil edirdik. Sonra gördük ki, dünyada Ampute futbol komandası var. Dedik bizdə niyə olmasın?", - deyə qazi bildirir.
Beləliklə, həmsöhbətimizin sayəsində komanda yaranır. Hətta komandanın üzvlərinin maşınla stadiona gətirilməsi də təmin edilir. Həyatdan küsmüş qazilər də komandaya cəlb edilir.
"Əli adlı bir əlil var idi. O özünə tam qapanmışdı. Biz onu evindən çıxarıb gətirdik, onu həyata qaytardıq. İdman insana həm fiziki, həm də psixoloji olaraq müsbət təsir edir. Fiziki məhdudiyyətli insan üçün isə idmanla məşğul olması onun həm də psixologiyasına müsbət təsir edir, onu cəmiyyətin bir parçasına çevirir", - deyə o vurğulayır.
"Arzum odur ki, necə ki, biz Qarabağda vuruşduq, eləcə də yaşıl arenada Azərbaycan bayrağını qaldıraq, dünyada tanıdaq. Ümid edirəm ki, buna nail olacaq. Sentyabrda Avropa çempionatında iştirak etmək üçün vəsiqə qazanmışıq. Bu komandada yarışanların əksəriyyətini qazilər təşkil edir. Qazilərdə bir xarakter var ki, onlar heç vaxt uduzmaq istəməzlər. Həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində, eyni zamanda bədbəxt hadisələr zamanı sağlamlığını itirən insanlar da bu komandada birlikdı vuruşurlar" - deyə R.Ələkbərov əlavə edir.
Daha sonra həmsözhbətimiz son zamananlar bəzi qazilərin intihara əl atdığını təssüflə qeyd edir və qazi olan öz döyüş yoldaşlarına çağırış edir.
"Qazi öz qürurunu qoruyub saxlamağı bacarmalıdır. Mən keçmiş döyüş yoldaşlarımı da buna səsləyirəm ki, mübariz olsunlar, çətinliklər onları yıxmasın. Onlar ən böyük çətinliyi dəf edə biliblər. Etiraf edim ki, mən yeni yaralanıb gələndə insanların içinə çıxmağa utanırdım. İstəmirdim məni kimsə belə görsün. Sonra düşündüm ki, mən oğurluq üstündə, hansısa utancverici hərəkətə görə əlil olmamısan. Vətən uğrunda sağlamlığımımdan olmuşam. Mənim tanışlarım, qohumlarım mənimlə fəxr edirlər ki, nəslimizdə qazi var", - deyə R.Ələkbərov bildirir.
Müsahibə zamanı komandanın üzlərinin fiziki baxımdan sağlam olan futbol komandasi ilə yarışının da şahidi olduq. Mübaliğəsiz deyə bilərik ki, fiziki məhdudiyyətli futbolçularımız sağlam futbolçulardan daha yaxşı oynayırlar. Rasim Ələkbərov də bu fikirdədir.
"Onlar bundan depressiyaya düşməsinlər. Gəlsinlər komandamıza qoşulsunlar. İntihar çıxış yolu deyil. Elə əlil var ki, dünya çempionudur, elə əlil var ki, Avropa çempionudur. Allahın dərgahında şəhidlikdən sonra ikinci mükafatdır qazilik. Həyatdan küsən digər sağlam insaznlar gəlsinlər görsünlər ki, həyatda hər şey etmək olar, yetər ki, sınmayasan", - deyə o vurğulayır.
Kənan Pirizadə Qarabağ Ampute komandasının və milli komandanın sağ cinah müdafiəçisidir. 11 yaşında avtomobil qəzası keçirib. 10-12 yaşlarında, yəni yeniyetməlik çağında belə hadisələrin baş verməsi psixoloji olaraq müəyyən sarsıntıya səbəb olsa da müəyyən müddətdən sonra özündə güc tapıb, həyatına davam edib.
"11 yaşlı uşağa nə qədər də desən ki, hər şey yaxşı olacaq, o inanmayacaqdı. Bizim komandada da var, hansı ki, onların bəzilərinin ayaqları amputasiya olunub, bəzilərininki anadangəlmədir. Mən onların valideynlərinə deyirəm ki, siz onlara sərbəstlik verin, məhdudiyyət yaratmayın. Çünki, insan nə qədər müstəqil, sərbəst olsa bir o qədər də güclü olacaq", - Pirizadə bildirir.
Pirizadə fiziki məhdudiyyətli övladı olan valideylərə də səslənir. Övladlarına sərbətlikverilməsini tövsiyyə edən idmançının fikrincə, fiziki məhdudiyyətli insanlar cəmiyyətə nə qədər tez intiqrasiya olunsalar, cəmiyyətdə daha tez qəbul olunacaqlar.
"Bizim insanlar qorxurlar ki, doğması səhv edər. Bu, yalnışdır. İnsan səhvini düzəldə-düzəldə öyrənir. İnsanı buraxmaq lazımdır ki, səhv etsin. Övladının səhhətində problemi olan valideynlərdə həddindən artıq qayğı və kompleks var. Bunu dəf etmək lazımdır. Deyirlər ağıllı adam başqasının səhvi üzərində öyrənir fikri ilə razı deyiləm. İnsan öz səhvləri üzərində öyrənir. Öz başına gələndə artıq ona dərs olur. İnsanlar başqalarının səhvi üzərində öyrənsəydilər, onda dünyada səhv edən adam qalmazdı", - deyə kapitan vurğulayır.
Müsahibimizin sözlərinə görə, insan nə qədər vəziyyəti ilə barışsa, bununla yaşaya bilsə, onun üçün daha rahat olacaq, daha çox uğur qazana biləcək.
"30 yaşından sonra anlayırsan ki, həyat qəddardır. 30-35 yaşında bir insanın cəmiyyətə daxil olması və öz fikirini ifadə edə bilməməsi cəmiyyətdə elə bir fikir yaradır ki, o insanın düşüncə tərzində yəqin ki, problem var. Xeyr, bu insan 35 yaşında cəmiyyətə daxil olub. O insan 20 yaşında artıq sərbəst düşünsəydi, 30 yaşında digər həmyaşıdları ilə eyni fikirdə olacaqdı. Bir var 30 yaşına qədər cəmiyyətin içində olsun, bir də var 30 yaşına qədər evdə otursun", - deyə o bildirib.
Əvvəllər üzgüçülüklə məşğul olan Kənan bir çox beynəlxalq yarışlarda iştirak edib, mükafatlar qazanıb. Sonradan sözügedən futbol futbol komandasına qoşulub. Artıq peşəkar məşğul olmağa başlayan idmançı eyni zamanda Milli komandanın üzvüdür.
"Azərbaycanda bir çox klublar var, onların ən yaxşı oyunçuları milli komandanın üzvləridür. Bu il Qarabağ Ampute komandası Azərbaycanda klublar arasında birinci yeri tutub. Biz bu il çempionlar liqasına dəvət aldıq, yarımfinala qədər yüksəldik. Liqada Avropanın ən güclü klubları iştirak edirdi. Bu bizim üçün ilk təcrübə idi. Yeni komanda olmağımıza baxmayaraq, yarımfinala qədər yüksəldik. Düşünürəm ki, bu, bizim üçün böyük uğur idi. Gələcəkdə daha böyük nailiyyətlər qazanacağımıza əminəm", - deyə o bildirib.
K.Pirizadə həmçinin Moskva Dövlət Humanitar İqtisad Universitetininin hüquq fakultəsini bitirib. Hazırda magistr pilləsində olan qəhrəmanımız Protez-Ortopedik Bərpa Mərkəzinin İstehsalatın Keyfiyyətinə Nəzarət və İdarəolunması üzrə mütəxəssisdir. O düşünür ki, insanın hədəfi olması şərtdir.
"Mən öncə fiziki cəhətdən sağlam insanlara müraciət edirəm. Çünki, bu gün özünə qapanan, depressiyaya düşən, intihar edənlərin böyük bir qismi fiziki cəhətdən sağlam insanlardır. Gərək mübarizə aparsınlar. Çətinlikləri aşmağa çalışsınlar", - deyə o vurğulayır.
Həmsöhbətimiz təəssüflə qeyd edir ki, cəmiyyətimiz fiziki məhdudiyyətli insanlara həssas yanaşırlar. O hesab edir ki, buna ehtiyac yoxdur, çünki onlar hər şeyi bacarır. Pirizadə müəyyən fiziki məhdudiyyətləri olsa da, digər sağlam insanlar kimi hərəkət edə bilməsələr də, onlara həssas yanaşmağı doğru hesab etmir.
"Fiziki məhdudiyyətli insanlara da səsələnirəm. Hansı ki, onlar cəmiyyətimizdə motivasiyaları aşağı olur, cəmiyyətə intiqrasiya etməyə çətinlik çəkir. Onlara səslənirəm ki, çalışın bu baryeri aşasınız. O baryeri aşandan sonra hər şey çox asan olur. Cəmiyyətin ona öyrəşməsi, onun cəmiyyətə öyrəşməsi çox tez baş verir. İnsanın özündən aslıdır. Həmişə fiziki məhdudiyyətli insanlara deyirəm o səddi aşın, sonra onu buraxın cəmiyyətə. Ondan sonra hər şey yaxşı olacaq. Mən ətrafdakı insanlara sübut etdim ki, məni digərlərindən fərqləndirmək, ayrıseçkillik etmək lazım deyil. 19 yaşımda ilk dəfə üzgüçülük üzrə Azərbaycanın milli komandasından Avropa çempionatına çıxanda mənim ətrafımda olan sağlam dostlarım üçün şok xəbər oldu. Ondan sonra ətrafımdakı insanların mənə olan münasibəti dəyişdi. Ətraf mühitin mənə olan münasibəti dəyişəndən sonra məndə də motivasiya, ruh yarandı", - deyə həmsöhbətimiz fikrini tamamlayır.
Həmçinin oxuyun:
Dövlət başçısı əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Saxta əlillik verilib, cinayət işi açılıb
Xəbər lenti
0