CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda erkən nikahlar hansı bölgələrdə dəbə minib?

© AFP 2023 / SAFIN HAMEDНевеста, фото из архива
Невеста, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov 2019-cu ildə erkən nikaha məcbur etməyə görə bir cinayət məsuliyyətinə cəlb etmə faktının, 2020-ci ildə bir neçə fakt olduğunu söyləyib.

BAKI, 22 iyul — Sputnik. Azərbaycanda ötən gün daha bir erkən nikahın qarşısı alınıb. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə özünün "Facebook" profilindən Astara rayonu, Rüdəkənar kənd sakini 16 yaşlı Məmmədova Sumayyə ilə Astara şəhər sakini, 30 yaşlı İsmayıl adı şəxs arasında baş tutması planlaşdırılan nişan mərasimi haqda status paylaşaraq baş verən hadisələri və buna göz yumanları kəskin qınamışdı. O, paylaşımında növbəti gün qız toyunun olacağını da qeyd etmişdi. Artıq məsələ ictimailəşdiyi üçün nişan və toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Ötən ay isə Lənkəran rayonunda 14 yaşlı qızla 36 yaşlı kişinin nişan mərasimi baş vermişdi. Ardınca da Şəkinin Dəhnə kəndində 16 yaşlı qızın 30 yaşlı kişiyə ərə verilməsi faktı üzə çıxıb. Bütün bu hallar Azərbaycanda erkən nikah problemini yenidən aktuallaşdırıb.

Sputnik Azərbaycan ölkəmizdə erkən nikah hallarının ən çox yayıldığı ərazilər, buna görə cinayət məsuliyyətinə cəlb edilmə hallarının olub-olmadığını araşdırıb.

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizin bütün bölgələrində erkən nikah halları müşahidə olunur. Onun sözlərinə görə, erkən nikah problemi hələ də aradan qalxmayıb: "Erkən nikahlar yenə də baş tutur. Əvvəl olduğu kimi qızların 14-15 yaşdan ərə verilməsi faktları var. Çox təəssüf ki, cəmiyyət erkən nikah bəlasından xilas ola bilməyib. Bu gün erkən nikahların azaldığını söyləmək olmaz. Sadəcə olaraq bu faktlar az üzə çıxır. Yaxşı ki, sosial şəbəkələr erkən nikah hallarını ictimaiyyələşdirir. Əks halda, bu məsələlərdən insanlar xəbər tutmaz, faktlar gizli saxlanılar. Biz çalışmalıyıq ki, uşaqların erkən nikaha cəlb edilməsində rol oynayan, bunun qarşısını almayan valideynlər də cəzalandırılsın. Cəzasızlıq mühiti olduqca bu hallar təkrarlanacaq".

K.Ağazadə bildirir ki, əksər hallarda erkən nikahı "nişan", "adqoydu" adı ilə ört-basdır etməyə çalışırlar. Birlik sədri erkən nikaha qarşı qanunvericiliyin daha da sərtləşdirilməli olduğunu söyləyir. Onun sözlərinə görə, həm cərimə, həmçinin də azadlıqdan məhrumetmə cəzası artırılmalıdır.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov isə Sputnik Azərbaycan-a açıqlamasında son illər ölkəmizdə uşaq yaşda nikahların azaldığını bildirib. Onun sözlərinə görə, 10 il əvvəl 4500 civarında olan uşaq nikahlarının sayı ötən il 360-a düşüb: "Son illərdə Azərbaycanda uşaq nikahları 10 dəfəyədək azalıb. Burada əsas gender stereotipləri aradan qaldırılmalıdır. Erkən nikahı dünyanın heç bir ölkəsində tam aradan qaldırmaq mümkün olmayıb. Erkən nikahla mübarizə üçün öncə beyinlərdə mübarizə aparılmalıdır. Bu düşüncə insanların beynindən silinməlidir".

Komitə səlahiyyətlisi deyir ki, erkən nikaha məcbur etməyə görə Azərbaycan qanunvericiliyində cəza tədbirləri var. Onun sözlərinə görə, erkən nikaha cəlb etməyə görə 4 min manat cərimə və azadlıqdan 4 ilədək məhrumetmə cəzası nəzərdə tutulur: "Bu məsələdə valideynlərin məsuliyyəti artırılmalıdır. 2019-cu ildə erkən nikaha məcbur etməyə görə, bir cinayət məsuliyyətinə cəlb etmə faktı qeydə alınıb. 2020-ci ildə bir neçə fakt olub".

E.Səfərov bildirir ki, bu gün erkən nikah əsasən Bakı kəndlərində qeydə alınır. Regionlardan isə siyahıya Şəki zonası başçılıq edir: "Ölkə üzrə erkən nikaha görə Bakı kəndləri öndədir. İkinci yeri Şəki zonası, üçüncü yeri Gəncəbasar, dörd və beşinci yerləri cənub bölgəsi tutur. Halbuki cənub bölgəsi illər öncə erkən nikaha görə daha öncül yerlərdə qərarlaşırdı. Aparılan maarifləndirmə işləri bu sahədə vəziyyəti yaxşılaşdırıb".

Komitə səlahiyyətlisi deyir ki, təkcə erkən nikahlara yox, erkən nikaha qədər mərasimlərə qarşı da maarifləndirmə aparılmalıdır: "Bəzən 16 yaşda nikah yox, "həri" mərasimləri təşkil olunur. Biz bunun da qarşısını almağa çalışırıq. Yəni nikaha qədər mərasimlər də aradan qaldırılmalıdır".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə Sputnik-ə bildirib ki, erkən nikah qurbanları sığınacağa müraciət edənlər arasında da var. Onun sözlərinə görə, bu ilin iki rübü ərzində 30 nəfər erkən nikah qurbanı olan qadın sığınacağa müraciət edib. Onlar məişət zorakılığına məruz qalanlardır: "Erkən nikah halları məişət zorakılığına gətirib çıxardır. Bu ilin beş ayında sığınacağa müraciət edənlərin 20 faizdən çoxu erkən nikaha daxil olan qadınlardır. Bu ilin iki rübü ərzində bu rəqəm 30 nəfər təşkil edib. 1-ci rübdə erkən nikaha daxil olan 17 qadın, ikinci rübdə 13 nəfər bizim sığınacağa müraciət edib".

M.Zeynalovanın sözlərinə görə, onların əksəriyyəti Bakının Nardaran, Mərdəkan, Novxanı kəndlərinin sakinləridir. Yerdə qalanlar isə Lerik, Masallı, Lənkəran, Astara, Quba, Biləsuvar rayonlarından olan qadınlardır: "Hazırda da bizim sığınacaqda üç erkən nikah qurbanı olan qadın var. Onlardan ikisi cənub bölgəsindən olan bacılardır. Biri 16, digəri 17 yaşda ailə qurublar. Bir nəfər isə Bakının Mərdəkan kəndindən olan qadındır. Hansı ki, o, 14 yaşında ailə qurub", - deyə M.Zeynalova bildirir.

Birlik rəhbəri deyir ki, erkən nikaha daxil olan qızların rəsmi nikah yaşı çatmadığından onlar adətən iki və üçüncü uşaq dünyaya gətirdikdən sonra nikahı rəsmiləşdirirlər: "Bizim sığınacaqda 14 yaşda erkən nikaha daxil olan qadın var ki, hazırda 5-ci uşağını dünyaya gətirib".

M.Zeynalova bildirir ki, erkən nikaha cəlb olunan qızlar daha sonra müdafiəsiz insanlara çevrilirlər: "Onlar uşaqlarla küçədə qalırlar. Ucuz işçi qüvvəsinə insan alverinə və narkokuryerə çevrilirlər", - deyə Birlik rəhbəri bildirir.

M.Zeynalova ötən il insan alveri qurbanı olan qadınlarla bağlı tədqiqat apardığını söyləyir. Onun sözlərinə görə, həmin tədqiqat zamanı üzə çıxıb ki, Azərbaycanda insan alveri qurbanına çevrilənlərin 70 faizi erkən nikaha cəlb olunan qızlardır.

M.Zeynalova erkən nikahın nikahdankənar doğulan uşaqların da sayını artırdığını söyləyir. Onun sözlərinə görə, ötən ay Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qızın ana olması buna sübutdur.

Qeyd edək ki, iyun ayında hamilə vəziyyətdə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü Səbinə Namiq qızı Hüseynovanın övladı dünyaya gəlib. Bu ilin fevralında Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı oğlanla nişanlanması ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı. Videonun yayılmasından bir müddət sonra cinayət işi açılmışdı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkidə ərə verilən 15 yaşlı qızın ailəsinə qaytarıldığını açıqlayıb. Komitədən bildirilib ki, məsələ ilə əlaqədar qızın ailəsi ilə profilaktik söhbətlər aparılıb və o, ata evinə geri qaytarılıb. Məsələ Şəki Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinin də nəzarətindədir.

Xəbər lenti
0