06:58 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
9 0 0

Prezident İlham Əliyev İtaliya lideri Sercio Mattarellanı ölkəsinin komandasının futbol üzrə Avropa çempionatında uğuruna görə təbrik edib.

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Futbol üzrə İtaliya milli yığma komandasının Avropa çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün dost İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Avropa birinciliyinin bütün oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq, yenilməz iradə nümayiş etdirmiş və öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış İtaliya futbolçularına ən səmimi təbriklərimizi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu əlamətdar anlarda sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqına daim rifah və əmin-amanlıq diləyirəm".

AVRO-2020-nin qalibi

Qeyd edək ki, ötən gün AVRO-2020-nin final görüşü İngiltərə və İtaliya yığmaları arasında Londondakı "Uembli" stadionunda keçirilib.

Oyunda ilk qol 2-ci dəqiqədə vurulub. İngiltərə millisində Lyuk Şou əks-hücumda fərqlənərək final qarşılaşmasının ilk qolunun müəllifi olub.

Görüşün 67-ci dəqiqəsində isə final matçının növbəti qolu vurulub. İtaliya millisinin futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib - 1:1.

90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Komandalar nəticə üçün əlavə vaxtda oynamalı olublar. Lakin əlavə vaxtda da hesab dəyişməyib.

Penalti seriyasında italyanlar daha dəqiq olublar - 3-2. Beləcə İtaliya yığması AVRO-2020 kubokunun sahibi olub.

Qolların müəllifləri İtaliya yığmasında Domeniko Berardi, Leonardo Bonuççi, Federiko Bernardeski, İngiltərə yığmasında isə Harri Keyn və Harfri Maguire olub.

Görüşü niderlandlı referi Byorn Kuypers idarə edib.

Beləliklə bu, 1968-ci ildə də qızıl medala yiyələnən İtaliya yığmasının ikinci qitə çempionluğudur. Bundan əlavə, "Skuadra adzurra" iki dəfə - 2000 və 2012-ci illərdə finalda məğlub olub.

Finalda qol vura bilməyən Harri Keyn bombardirlər yarışında liderlərə çatmayıb. Portuqaliyalı Kriştianu Ronaldu və çexiyalı Patrik Şik hərəyə 5 topla AVRO-2020-nin ən məhsuldar oyunçuları olublar.

Qeyd edək ki, növbəti Avropa çempionatı 2024-cü ildə Almaniyada keçiriləcək.

Eləcə də oxuyun:

Teqlər:
AVRO-2020, təbrik, İtaliya prezidenti, Prezident İlham Əliyev

Əsas mövzular