06:34 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
Müharibə adamları
14 0 0

Nəbi müharibənin ilk günlərindən Murovdağ istiqamətindən döyüşlərə başlayıb. Sonra Füzuli istiqamətində döyüşüb. Oktyabrın 9-da isə ailəsinə şəhid olduğu haqda xəbər verilib.

BAKI, 9 iyul — Sputnik. Qazax rayonu Birinci Şıxlı kəndindən olan Nəbi Hüseynov Vətən müharibəsində qoçaqlığı ilə dastan yazan qəhrəmanlardandır. Ailənin fəxri, döyüş yoldaşlarının sevimlisi olan Nəbinin, yaşasaydı, bu gün 29 yaşı olacaqdı. Ailəsi ilk dəfə ad gününü onsuz qeyd edir.

1992-ci il doğumlu N.Hüseynov kiçik yaşlarından hərb sənətini seçib. Səkkizinci sinfi bitirdikdən sonra ailəsinin istəyinə qarşı çıxaraq Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ixtisaslı artilleriya zabiti kimi bitirib. Aprel döyüşlərində topçu zabit kimi iştirak edən N.Hüseynov sonradan Xüsusi Təyinatlı Qüvvələrdə zabit kimi çalışmağa başlayıb.

© Sputnik / Ilham Mustafayev
Şəhid Nəbi Hüseynovun fotosu

Nəbinin atası Hacıbala Hüseynov oğlunun Aprel döyüşlərindən sonra sanki daha 10 yaş böyüdüyünü, müdrikləşdiyini söyləyib: “Aprel döyüşlərində topçu kimi iştirak edib. Orada iki əsgəri şəhid olmuşdu. Aprel döyüşlərindən sonra Nəbi tamamilə dəyişmişdi. Sanki on yaş daha böyük, daha müdrik olmuşdu. Aprel döyüşlərindən sonra xüsusi təyinatlı qoşun növünü seçdi. Kəşfiyyatçı qrup komandiri kimi təlimlər keçirdi. Müharibə başlayanda tez-tez əlaqə saxlayırdıq. Nə vaxt soruşurduq, deyirdi: “Niyə narahat olursunuz, mən Sumqayıtda, işimin başındayam. Şəhid xəbəri gələnə kimi bizim onun döyüşlərdə iştirak etməyindən xəbərimiz olmadı”.

Nəbi müharibənin ilk günlərindən Murovdağ istiqamətindən döyüşlərə başlayıb. Sonra Füzuli istiqamətində döyüşüb. Oktyabrın 9-da isə ailəsinə şəhid xəbəri verilib. Daim kəşfiyyat qrupunun önündə tapşırıqlara gedən Nəbi Birinci Şıxlı kənd qəbristanlığında dəfn edilib.

  • Şəhid Nəbi Hüseynovun fotoları
    © Sputnik / Ilham Mustafayev
  • Şəhid Nəbi Hüseynovun orden və medalı
    © Sputnik / Ilham Mustafayev
  • Şəhid Nəbi Hüseynovun fotoları
    © Sputnik / Ilham Mustafayev
  • Şəhid Nəbi Hüseynovun fotoları
    © Sputnik / Ilham Mustafayev
  • Şəhid Nəbi Hüseynovun ailəsi
    © Sputnik / Ilham Mustafayev
1 / 5
© Sputnik / Ilham Mustafayev
Şəhid Nəbi Hüseynovun fotoları

Anası Gülnarə Hüseynova Nəbini evləndirmək istədiyini, elçi getməyə hazırlaşdığını söyləyib: “Sentyabrda elçi getməliydim. Sumqayıtdan gözaltısı var idi. Dedi, ana, gəlmə, özüm gəlib aparacağam səni. Hər danışanda deyirdi, işlərim bir az çoxdu, sahmana salıb gələcəyəm. Amma müharibə hər şeyi alt-üst etdi. İndi tez-tez döyüş yoldaşları gəlirlər. Deyirlər, ana, sən övladını itirmisən, biz hər şeyimizi itirmişik, bizim dərdimiz daha böyükdür”.

Nəbinin uşaqlıq dostu Haqverdi Şəmilov onun silahdaşlarından eşitdiyi məlumatları Sputnik Azərbaycan-ın müxbiri ilə bölüşüb. O, Nəbinin döyüş dəbilqəsinə taxdığı kamerada 300-dən çox erməni hərbçisini öldürməsinin görüntülərinin olduğunu deyib.

© Sputnik / Ilham Mustafayev
Şəhid Nəbi Hüseynovun məzarı

“Döyüş yoldaşları tez-tez gəlirlər. Onlar danışırlar ki, Nəbi 82 nəfərlik qrupa rəhbərlik edirdi. Ən çətin tapşırıqları bir nəfərin də burnu qanamadan yerinə yetirirdi. Silahdaşları Nəbinin dəbilqəsindəki kameranın 300-dən çox erməni hərbçisini öldürməsini əks etdirən videolar çəkdiyni bildiriblər. Ona görə də belə döyüş yoldaşlarını itirmək onlar da ağır gəlir”, - deyə dostu Nəbinin döyüş yolu barədə eşitdiklərini danışıb.

Baş leytenant Nəbi Hüseynovun İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilib. O, “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Eləcə də oxuyun:

Mövzu:
Müharibə adamları
Teqlər:
xüsusi təyinatlı, Qazax, Murovdağ, şəhid

Əsas mövzular