08:44 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
54 0 0

Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim nümunələrini təsdiq üçün təqdim edib. Ölkə məktəblilərinin mütləq əksəriyyətinin geyindiyi məktəbli forması istehsalçısı olan Bakı Tikiş Evi (BTE) məsələyə aydınlıq gətirib.

BAKI, 6 iyul — Sputnik. Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün təqdim edilib. Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Rəsmi məlumata görə, həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə bildiriləcək. Bununla belə, qeyd edilib ki, yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları da istifadədə qalacaq.

Xatırladaq ki, pandemiyadan əvvəl 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd-qəhvəyi, tünd-boz, tünd-göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq-yaşıl və açıq-sarı;

- Jaket - tünd-boz, qəhvəyi, tünd-göy, tünd-yaşıl və açıq-gəhvəyi.

Sputnik Azərbaycan ölkə məktəblilərinin mütləq əksəriyyətinin geyindiyi məktəbli forması istehsalçısı olan Bakı Tikiş Evi (BTE) ilə əlaqə saxlayıb.

BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onların yeni məktəbli formalarının istehsal ediləcəyindən xəbərləri yoxdur:

"Bu məsələ ilə bağlı Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə görüş keçirilmişdi, biz də öz təklifimizi vermişik. Amma bizim təklif etdiyimiz eskizlər nazirliyin təsdiq üçün təqdim etdiyi geyim nümunələri arasında yoxdur. Amma istənilən məktəbli forması nümunəsi təsdiq edilərsə, BTE bu sahə üzrə ixtisaslaşmış tikiş müəssisəsi kimi həmin formaları istehsal edə bilər".

Bununla yanaşı, E.Əzimov yeni geyim forması ilə yanaşı, hazırda qüvvədə olan məktəbli formalarının da istehsalını davam etdirəcəklərini bildirib: "Nazirliyin açıqlamasında da qeyd edilir ki, hazırda qüvvədə olan məktəbli formalarından da istifadə ediləcək. Ona görə də biz gələn tədris ilində, ehtiyac olarsa, həmin məktəbli formasından istehsal edəcəyik. Bunun üçün kifayət qədər parçamız da var. Həmçinin keçən ildən də bir qədər forma satılmamış qalıb".

BTE səlahiyyətlisi yeni məktəbli formalarının qiyməti ilə bağlı indidən heç bir fikir söyləməyin mümkün olmadığını bildirib. E.Əzimov bildirib ki, hazırkı məktəbli formalarının qiyməti isə dəyişməyib.

Xatırladaq ki, 2020-ci ildə Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ölkədəki tikiş müəssisələrinin rəhbərləri ilə yeni məktəbli forması ilə bağlı müzakirə aparılıb. Təhsil Nazirliyi rəsmiləri bəyan ediblər ki, məktəbli formasının tikilməsi ilə bağlı nazirliklə hər hansı tikiş müəssisəsi arasında heç bir anlaşma yoxdur. Nazirlik nümayəndələri məktəbli formasının tikilməsi mexanizminin tam şəffaf keçiriləcəyini, bu məsələdə maraqlı tərəf olmadıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə məktəbli forması istehsalı əsasən bir müəssisə - Bakı Tikiş Evi tərəfindən aparılır.

Qeyd edək ki, ötən tədris ili koronavirus pandemiyasına görə dərslər əsasən onlayn keçirildiyindən, məktəbli formalarına təlabat olmadı. Bu il isə dərslərin necə keçiriləcəyi pandemiyanın gedişatından asılı olacaq.

Xatırladaq ki, "Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi"ndə hər bir məktəbdə vahid məktəbli geyiminin olması əks olunub.

Eləcə də oxuyun:

Teqlər:
qiymət, "Bakı Tikiş Evi" (BTE) ASC, geyim, forma, məktəbli

Əsas mövzular