01:16 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
372 0 0

"Ətraf mühitin mühafizəsi haqqında" qanunda edilmiş dəyişikliyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkanların idxalı, istehsalı, satışı iyulun 1-dən qadağan edilir.

BAKI, 30 iyun — Sputnik. Sabahdan birdəfəlik istifadə üçün nəzərdə tutulan bir qrup plastik qablardan istifadə edənlər cərimələnəcək. "Ətraf mühitin mühafizəsi haqqında" qanuna edilmiş dəyişikliyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkanların idxalı, istehsalı, satışı iyulun 1-dən qadağan edilir. Bu qanunun qəbul edilməsində məqsəd ətraf mühitin, sahil zolaqlarının, çimərliklərin, çay hövzələrinin, meşələrin və digər təbiət ərazilərinin çirklənməsində böyük paya malik birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastiklərin əvəzində onların alternativlərinin - kağız, bioplastik, şüşə, çox dəfə istifadə olunan məhsullar və s. gündəlik həyatımıza daxil olması üçün əlverişli mühitin yaradılmasıdır. Bəs görəsən iaşə obyektləri bu qadağalara hazırdırmı? Onlar müştərilərə alternativ nə təklif edəcəklər?

Sputnik Azərbaycan birdəfəlik istifadə üçün nəzərdə tutulan bir qrup plastik qablardan istifadənin hansı problemləri aradan qaldıracağını, istehlakçılara əlavə problem yaradıb-yaratmayacağını araşdırıb.

Yeni qadağaya sahibkarlar hazırdırlar?!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, plastik qabların zərərləri artıq hər kəsə bəllidir. O bildirib ki, plastik qablardan istifadə biomüxtəlifliyin və ətraf mühitin məhvinə səbəb olur. Onun sözlərinə görə, bu problemlərin qarşısının alınması üçün dünya ölkələrində bir sıra tədbirlər həyata keçirilir: "Ölkəmizdə də üç ilə yaxındır ki, plastik qablaşdırmadan imtina ilə bağlı maarifləndirmə işləri aparılır. Beynəlxalq təcrübə, bu məsələyə digər ölkələrin yanaşmaları, hansı mərhələlərdən keçməli olmağımız, çıxış yolları araşdırıldıqdan sonra Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Söhbət “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan gedir. Həmin Tədbirlər Planında görüləcək işlər, təkrar emal müəssisələrinin işinin təkmilləşdirilməsi, sayının artırılması və alternativlərin istehsalının genişləndirilməsi, çeşidlərinin artırılması kimi məsələlər öz əksini tapıb. 2020-ci il dekabr ayında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olundu. Həmin dəyişikliklə 2021-ci il yanvarın 1-dən 15 mikrona qədər polietilen torbaların idxalı, istehsalı, istehlakçıya çatdırılması qadağan olundu. İyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkanların idxalı, istehsalı, satışı qadağan olunub".

S.Məmmədova deyir ki, bu qadağalara qədər istehsalçılar və iaşə obyektləri sahibləri, dövlət qurumları ilə maarifləndirici görüşlər həyata keçirilib. Onun sözlərinə görə, alternativlərin çeşidlərinin artırılması və ortaya çıxardılması istiqamətində də işlərin təşkili həyata keçirilib. Həmsöhbətimiz bildirir ki, hətta bir çox yerlərdə artıq qadağalar qüvvəyə minənədək alternativlərin istifadəsinə başlanılıb: "İaşə obyektləri kağız, karton, parçadan olan materialdan məhsullar istifadə edir. Zamanla tələbat artdıqca bu alternativlərin sayı daha da artırılacaq. İstehsalçılar da buna səy göstərirlər", - deyə S.Məmmədova bildirir.

Restoranlar alternativimiz yoxdur deyir...

İaşə obyektləri isə hələ ki, qadağaya hazır olmadıqlarını söyləyirlər. "Böyükfırat" restoranından Sputnik Azərbaycan-a bildirdilər ki, sabahdan birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl, bıçaq, qaşıqların istifadəsi qadağan edildiyindən, onlar sifarişlərin üzərində çəngəl, bıçaq göndərə bilməyəcəklər: "Biz indiyədək yemək sifarişlərində ehtiyac olduqda çəngəl və bıçaq da göndərirdik. Amma sabahdan bunu edə bilməyəcəyik. Çünki qanunla qadağandır".

Restorandan bildirdilər ki, hələ ki, müştərilərə alternativ təklif edə bilmirlər: "Bu bizdən asılı olmayan məsələdir. Birdəfəlik çəngəl-bıçağı nə ilə əvəz edək? Müştəri anlayış göstərib ya çəngəli, qaşığı evindən gətirməli, yaxud da sifariş verdiyi yeməyi əli ilə yeməlidir. Alternativ yoxdur".

Onu da qeyd etdilər ki, restoranda plastik stəkanlardan istifadə edilmir: "Bizim restoranda stəkanlar şüşə, çəngəl, bıçaq, qaşıq isə dəmirdir. Boşqablar isə saxsıdandır. Ona görə də restoranda yemək yeyən müştəri üçün heç bir problem olmayacaq. Amma sifarişlərdə biz çəngəl, bıçaq qoya bilməyəcəyik", - deyə restorandan bildirdilər.

Əlaqə saxladığımız digər restoranlarda da hələ ki, alternativ olmadığını söylədilər. Bildirdilər ki, ən böyük problem müştərilərə sulu yeməkləri çatdırarkən yaşana bilər. Şüşə qablar isə baha olduğundan sifarişlərdə istifadə edilməsi sərfəli deyil.

Ekologiyanın təmiz olmasını istəyiriksə...

Nazirliyin Ekoloji Siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev isə bildirir ki, pandemiya, yoluxucu xəstəliklərin başlıca səbəblərindən biri tullantıların düzgün idarə olunmaması, yaşadığımız mühitdə bu tullantıların gündən-günə artması hesab olunur: "Dənizdə, okeanda yaranan plastikin həcmini azaltmaq üçün beynəlxalq təcrübədə də birdəfəlik plastik məhsullarından istifadənin tam qadağan olunması və alternativlərin istehlakının genişləndirilməsi tədbirləri həyata keçirilir.

Pandemiya və yoluxucu xəstəliklərə yol açan, təbiət üçün böyük bəlaya çevrilmiş plastik tullantıların azaldılmasını və onu əvəz edən məhsulların bazara daxil olmasını hədəfləyən belə qanunların icrasının gecikdirilməsi yox, sürətləndirilməsi və effektivliyinin artırılması həm istehsalçılardan, həm istehlakçılardan, həm də KİV nümayəndələrindən çox asılıdır. Sadalanan məhsulları əvəz edən bir çox alternativ materialdan (fərqli kağız, bioplastik) hazırlanmış məhsullar mövcuddur. Həm də bu məhsulların çox dəfə istifadə olunanlarına üstünlük vermək lazımdır. Hökmən bir dəfə istifadə olunan və ətraf mühiti sonsuz dərəcədə çirkləndirən məhsullar olmalıdır deyə, bir yanaşma yoxdur. Burada məqsəd tullantıların, geri dönməyən tullantıların azaldılmasıdır".

Nazirlik rəsmisinin sözlərinə görə, artıq bir neçə ildir, belə materialdan olan məhsulların ölkəmizdə də idxalı, istehsalı və satışı ilə bağlı sahibkarlar tərəfindən işlər görülür:

"Lakin həmin sahibkarların dəstəklənməsi və bu işlərin səmərəliliyini təmin etmək üçün ətraf mühitə və təbiətə ciddi təhdid yaradan birdəfəlik plastiklərin məhdudlaşdırılması və mərhələli şəkildə istifadəmizdən çıxarılması çox vacibdir. Çünki bazar qanunlarına görə sahibkarlar hansı məhsula tələbat çoxdursa, onun idxalını, istehsalını və satışını genişləndirməyə üstünlük verir. Alternativlərin bazara daxil olmasını tezləşdirmək üçün haqqında danışdığımız qanunun tətbiqinə hamımız yardımçı olmalıyıq. Dəyişikliyə özümüzdən başlamalıyıq. Sadalanan məhsulların əvəzində, çox dəfə istifadə olunan qablardan, alternativ materialdan olan məhsullardan istifadəyə üstünlük verməliyik".

M.Nəbiyev qeyd edir ki, pandemiya və yoluxucu xəstəliklərin gündən-günə artdığını nəzərə alaraq, tullantıların idarə olunmasına hazırkı münasibətimiz dəyişməsə, gələcəkdə bu cür yoluxucu xəstəliklərin intensivliyi daha da artacaq.

Cərimələr 1000 manatdan 5000 manata qədər...

"Təmiz Şəhər" ASC-dən isə bildirdilər ki, iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsinə görə cərimələr müəyyənləşib. Nəzərdə tutulan cərimə insanların plastik qablardan istifadəsini məhdudlaşdırmaq üçündür. "Fiziki şəxslər üçün ilk dəfə 1000-1500, növbəti dəfələrdə isə 1500-2000 manat, hüquqi şəxslər barədə isə ilk hal üçün 3000-4000, növbəti dəfə 4000-5000 manat cərimə nəzərdə tutulub".

Əvvəlcə "pinqvin" sonra, plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkan...

Qeyd edək ki, 2021-ci ilin yanvar ayının 1-dən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların (“pinqvin”), habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Bu, "Ətraf mühitin mühafizəsi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda öz əksini tapıb. Həmin qanuna görə, müddəaların polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi yer alıb.

Eləcə də oxuyun:

Əsas mövzular