CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Araz Manuçəri: Hansı ölkədə narkomaniyanın öhdəsindən gələ biliblər?

© AP Photo / Arnulfo FrancoУничтожение наркотиков, фото из архива
Уничтожение наркотиков, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.06.2021
Abunə olmaq
Narkoloji Dispanserin keçmiş rəhbəri Araz Manuçəri ölkədə, eləcə də dünyada narkotik aludəçiliyi ilə bağlı vəziyyəti çox pessimist dəyərləndirib.

BAKI, 26 iyun — Sputnik. Bu gün Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Bu gün bütün dünyada narkomaniya qarşısıalnmaz bir bəlaya çevrilib.

Sputnik Azərbaycan ölkəmizdə bu sahədəki duruma nəzər salmağa çalışıb.

Uzun müddətdir ki, bu kimi xəstələrin müalicəsi ilə məşğul olan, Narkoloji Dispanserin sabiq rəhbəri Araz Manuçəri ölkəmizdəki vəziyyətdən danışaraq problemin qarşısını lamaq istiqamətində nə kimi addımların atılmasından söz açıb: "Köklü islahatlar olmalıdır, yanaşmalar, protokollar, münasibətlər və bir çox nüanslar dəyişdirilməlidir. Demək olar ki hər şeyə təzədən baxılmalı, yeni qanunlar qəbul edilməlidir. Eyni zamanda da müalicə protokollarının dəyişilməsi ilə yanaşı müasirləşməsinə də ehtiyac var. Yoxsa ki, bu gedişlə təbii ki, rəqəmlər artmağa davam edəcək. Görüləcək işlərin əsas tərkib hissəsindən biri kimi dövlət tərəfindən reabilitasiya mərkəzləri yaradılmalıdır".

© Sputnik / Nigar IskanderovaRespublika Narkoloji Mərkəzinin sabiq rəhbəri Araz Manuçəri
Araz Manuçəri: Hansı ölkədə narkomaniyanın öhdəsindən gələ biliblər? - Sputnik Azərbaycan, 1920, 26.06.2021
Respublika Narkoloji Mərkəzinin sabiq rəhbəri Araz Manuçəri

Həmsöhbətimiz deyir ki, rəqəmlərin artmasının əsas səbəbi narkotikin çox əlçatan olması, rahat tapılması, ucuz olması və tez asılılıq yaratmasıdır: "Bundan başqa, hazırda narkotiklərin müxtəlif formaları var. İynə vurmaq artıq keçmiş dünyada qalıb. İndi elə çəkirlər, iyləyirlər, vəssalam. Bu səbəbdən də rəqəmlər artaraq gedir".

"Bu bəlanın gənclər və yeniyetmələr arasında yayılmasının əsas səbəbi isə əlçatanlığı və internetdə reklamıdır. Hamısı birdən-birə ağır narkotikdən başlamır. Belə düşüncələr yayırlar ki, pis olsaydı, Gürcüstanda buna icazə verməzdilər, Hollandiyada, Amerikada da belə qanunlar olmazdı. Filmlərə baxırsan hamısı nəşə çəkir, komediyalara baxırsan orada da zarafat-zarafat kokaindən danışırlar. Narkotik artıq bizim içimizdədir. Aptekdən bir başağrısı dərmanı istəsən saatlarla resept istəyəcəklər. Amma narkoman gəlib aptekdən nə istəsə alıb çıxıb gedir", - deyə həmsöhbətimiz əlavə edib.

Bəs, validyenlər nə etməlidir ki, bu bəla onların evlərinə ayaq açmasın: "Valideynlər əsasən uşaqlara pul verərkən onu hara xərclədiklərini bilməlidirlər, buna nəzarət lazımdır. Həmçinin övladının ətrafı, dostlarının kim olduğunu, nə işlə məşğul olduqlarını və övladının asudə zamanını necə keçirdiyini, hara getdiyini bilməlidirlər. Eyni zamanda uşağın məktəb davamiyyəti, gündəlik davranışı, dərslərini çatdırıb-çatdırmamağı da öyrənilməlidir. Əslində yeni heç nə demirik, eyni şeyi deyirik, yəni, burada Amerika açmaq lazım deyil. Nə qədər desək də, onsuz da valideynlər, eləcə də psixoloqlar da öz bildiklərini edir. Sadəcə olaraq biz çox danışırıq".

"Bəs, bu bəlanın qarşısını almaq olarmı" sualını cavablayan Araz Manuçəri deyir ki, "məgər haradasa bunun qarşısını alıblar? Heç İranda bunun qarşısını ala bilməyiblər": "Tehranda küçələrdə narkomanlar uzanıb yatırlar. Hansı ölkədə narkomaniyanın öhdəsindən gələ biliblər? Bunun da səbəbi burada böyük pulların olmasıdır. Başqa nüanslar da var. Narkotik insan həyatının bir hissəsidir. Narkotik olmasa insanlar yaşaya bilməzlər. Narkotik olmasa, ağrıkəsici olmaz. Narkotik olmasa anesteziya, reanimasiya olmaz, narkotik olmasa, infarktdan hamısı ölər. Ağır yaralılar, onkoloji xəstələr də var. Narkotik olmasa, insanın ayağı sınandan sonra ayağındakı şokun ağrısından ölər. Öskürəyin qarşısını alan dərmanların, mədə-bağırsaq dərmanlarını, eləcə də bir sıra dərmanların tərkibində yüngül narkotik təsir var. Tibbi baxımdan olaraq mən bunları qeyd edirəm. Sadəcə olaraq insanlar onu qeyri-tibbi nöqteyi nəzərdən istifadə edəndə bu ciddi bir problemə çevrilir. Araq, spirtli içkilər olmasa toylar getməz. Bir azdan görəcəksiniz, energetik içkilərə də qadağa qoyulacaq. Nə qədər energetik içkilərdən asılı adamlar olacaq. Onlar gündə 6-8 dəmir bankada enerji içkisi içmədən gözlərini belə aça bilmirlər. Yəni, bir bəla bitsə, o birisi başlayacaq".

Statistika nə deyir?

2020-ci ilə dair statistika açıqlanmadığı üçün ondan daha öncəki ilə istinad etmək məcburiyyətindəyik:

2019-cu ilə aid son açıqlanan statistikaya görə, narkotik təsiri altında törədilən cinayətlərin sayı 2001-ci illə müqayisədə xeyli artıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildə narkotik təsiri altında törədilən cinayətlərin sayı 6, 2019-cu ildə isə 18 olub. Cinayət törətmiş şəxslərin sayı isə 2001-ci ildə 21, 2019-cu ildə isə 29 olub.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı 2001-ci ildə ümumilikdə 2 min 303, 2019-cu ildə isə 4 min 383 olub.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin sayı 2001-ci ildə 2 min 91, 2019-cu ildə isə 3 min 464 olub. Bu şəxlsər arasında əvvəllər də cinayət törədənlərin sayı 2001-ci ildə 541, 2019-cu ildə isə 906 olub. Bu şəxslər arasında işləməyən və oxumayanların sayı isə 2001-ci ildə 1851, 2019-cu ildə isə 2 min 436 olub.

Bu şəxslər arasında qadınların sayı 2011-ci ildə 135, 2019-cu ildə isə 97 olub.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanların yaş bölgüsünə nəzər salaq:

2001-ci ildə:

14-17 yaşlıların sayı- 5

18-29 yaşlıların sayı - 613

30 və daha yuxarı yaşlıların sayı - 1473

2019-cu ildə:

14-17 yaşlıların sayı - 14

18-29 yaşlıların sayı - 817

30 və daha yuxarı yaşlıların sayı - 2633

2001-ci ildə müsadirə olunan belə malların sayı 88.8 kiloqram, 2019-cu ildə isə 3 317, 5 kq olub.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə 2011-ci ildə məhkum olunanlaırn sayı 1896, 2019-cu ildə isə 3 min 242 nəfər olub. 2011-ci ildə bu şəxslərdən 118-i, 2019-cu ildə isə 78-i qadın olub. Məhkumlar arasında 2001-ci ildə 14-17 yaşlıların sayı 7, 2019-cu ildə isə 9 olub. Bu şəxslər arasında 2001-ci ildə hərbi qulluqçuların sayı 9, 2019-cu ildə isə 6 olub.

2001-ci ildə ilk dəfə narkoman olaraq qeydiyyata düşənlərin sayı 1483, 2019-cu ildə isə 515 olub. Bununla da 2019-cu ildə əhalinin hər min nəfərinə düşən narkonalaırn sayı 28.6 olub. 2000-ci ildə müalicə və profilaktik müəssisələrdə qeydiyyatda olanların sayı 14 min 10, 2019-cu ildə isə 32 min 921 nəfər olub.

Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Müdafiə Günü

BMT baş Assambleyası 1987-ci ildə narkomaniya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədi ilə iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü elan edib.

Həmçinin oxuyun:

Öz taleyini yıxanlar - Narkoloji Mərkəzdə keçən bir gün

Xəbər lenti
0