CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaxın gələcəkdə pensiyalar orqanizmin funksiyasının pozulma faizinə uyğun artırılacaq

© Sputnik / Elvin AhmadЖенщина у банкомата
Женщина у банкомата - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarlara görə şəxsin əlillik vəziyyəti qiymətləndirilərkən ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30 faizdən yuxarı pozulması meyarı əsas götürüləcək.

BAKI, 11 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihələri barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

O bildirib ki, Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim edilmiş qanun layihələri zərfi əlilliyin qiymətləndirilməsinin yeni meyarlarını və qaydalarını müəyyən edir, həmçinin əlaqəli qanunlarda bu müddəalardan irəli gələn uyğunlaşma xarakterli dəyişiklikləri nəzərdə tutur.

Komitə sədri nəzərə çatdırıb ki, Azərbaycanın da qoşulduğu "Əlillərin hüquqları haqqında" BMT-nin Konvensiyası əlillik sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq və normalara uyğunlaşdırılmasını tövsiyə edir. Azərbaycan Prezidentinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun tətbiqi barədə" 18 iyul 2018-ci il tarixli Fərmanı və "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 18 yanvar 2019-cu il tarixli Fərmanı ilə əlilliyin müəyyən edilməsi meyarlarının və qaydalarının ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması barədə hökumətə tapşırıq verilib.

Musa Quliyev bildirib ki, əlillik siyasəti sahəsində baza qanunu hesab edilən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun 11 maddəsinə edilən 30 dəyişiklikdə əsas məqsəd əlilliyin təyinatı prosesində ünvanlılığın, şəffaflığın və sosial ədalətin təmin edilməsi, bu sahədə beynəlxalq təcrübənin və standartların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.

Komitə sədri deputatların nəzərinə çatdırıb ki, qanunda indiyədək işlənən "əlillik dərəcəsi" ifadəsi "orqanizmin funksiyasının pozulması faizi" ifadəsi ilə əvəz olunur: "Bu dəyişiklik qəbul olunandan sonra şəxsin əlillik vəziyyəti qiymətləndirilərkən ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30 faizdən yuxarı pozulması meyarı əsas götürüləcək. Yəni funksiyanın 31 faizdən 60 faizədək pozulması mövcud 3-cü dərəcəli əlilliyə, 61 faizdən 80 faizədək pozulması 2-ci dərəcəli əlilliyə, 81 faizdən 100 faizədək pozulması isə 1-ci dərəcəli əlilliyə uyğun qiymətləndiriləcək. Beləliklə, sağlamlığın pozulmasının faizlə qiymətləndirilməsi eyni ənənəvi əlillik dərəcəsi daxilində olan şəxslərin reabilitasiya potensialının, bərpa imkanlarının, reabilitasiya vasitələrinə ehtiyacının, yaxın gələcəkdə sosial müavinət və pensiya təminatının faizlər səviyyəsində dəqiq diferensiallaşmasına imkan yaradacaq".

O bildirib ki, bu dəyişikliklər zərfi qəbul ediləndən sonra sosial müavinətlər və əmək pensiyaları haqqında qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə aparılacaq islahatların növbəti mərhələsində pensiya və müavinətləri orqanizmin funksiyasının pozulma faizinə uyğun şəkildə artırmaqla əlilliyi olan şəxslərin sosial müdafiəsini daha ədalətli və etibarlı şəkildə təmin etmək mümkün olacaq.

Qeyd olunub ki, layihələr hazırlanarkən əlilliyin müəyyən edilməsi meyarları sahəsində mövcud olan qabaqcıl beynəlxalq təcrübə ətraflı nəzərdən keçirilib. Bu məsələlər Əmək və sosial siyasət komitəsinin genişləndirilmiş iclasında qanun layihəsi subyektlərinin iştirakı ilə geniş təhlil və müzakirə olunub. Qanunun 2022-ci ilin 1 yanvarından qüvvəyə minməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar qanunvericilik layihələri hazırlanıb.

Əlillik xəstəliyin ağırlıq dərəcəsinə görə veriləcək

Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Yəni,

I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,

II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi,

III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi

kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

Yeni "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.

Aidiyyatı orqanlar müzakirəyə qatılacaq

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsinin yekununda deputat Musa Quliyev deyib ki, gələn həftə Milli Məclisdə bu qanun layihəsinin müzakirəsi geniş formatda təşkil olunacaq. Müzakirələrin keçirildiyi iclasda aidiyyəti dövlət orqanlarının nümayəndələri də iştirak edəcək.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Həmçinin oxuyun: 

* Əlilliyi qiymətləndirəcək tibb müəssisələri bəlli oldu

* Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir - Yenilik nədən ibarətdir?

Saxta əlilliyin ifşası ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib

* Əlilliyin verilməsinin yeni meyarları açıqlandı

* Əlillərin işsizlik problemi və onlar üçün yaradılan şərait

* Vətəndaşlarımızın əlillikdən könüllü imtinası müşahidə olunur

Xəbər lenti
0