00:18 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
13

Bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub

BAKI, 10 iyun — Sputnik. Səhiyyə Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında ölkədə idman qidaları, bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsi və istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə həsr edilmiş görüş keçirilib.

Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin və AMADA-nın birgə təşəbbüsü ilə keçirilən görüşdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin və AMADA nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz istifadəsinin insan orqanizminə vura biləcəyi zərər və təhlükələr haqqında məlumat verərək, məsələnin aktuallığına diqqət çəkib.

AMADA-nın direktoru Şəfəq Hüseynli bioloji fəallığa malik qida əlavələrinin tərkibinə xüsusi nəzarət sisteminin yaradılmasının vacibliyini bildirib, bunun təmiz idman dəyərlərinin və idmançıların sağlamlığının qorunması baxımından da əhəmiyyətli olduğunu qeyd edib.

AQTA-nın aparat rəhbəri Elxan Mikayılov isə bu cür maddələrin daxili istehsalına nəzarətin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Görüşdə həmçinin bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışına nəzarəti gücləndirmək üçün monitorinq və yoxlama tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Qida əlavələrinin standartları

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. BFMQƏ-nin hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir.

BFMQƏ-nin istehsalında genetik modifikasiya olunmuş məhsullardan, nanomateriallardan, hormonlardan, pestisidlərdən, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, güclü təsir edən və zəhərli maddələrdən və Beynəlxalq Antidopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrindən istifadə edilməsi qadağandır. İdxal olunan BFMQƏ-nin qablaşdırması üzərində xarici dildə olan yazılar Azərbaycan dilində də olmalıdır.

Qida əlavələri orqanizmin zəruri tələbatlarının ödənilməsi üçün qidalanma zamanı və ya qida məhsulları kimi ayrıca qəbul edilir. Lakin heç bir halda normal qidalanmanı əvəz etmir. Beləliklə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz edə bilməz. Yəni bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz.

Azərbaycanda növbəti yumşalma

Onu da bildirək ki, iyunun 10-u saat 00:00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilib. Bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında əks olunub.

Qərara əsasən, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

Əsas mövzular