CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən bu sahələrdə fəaliyyətə icazə verilir - Qaydalar

© AFP 2023 / Al Bello/Getty ImagesТренажерный зал во время пандемии
Тренажерный зал во время пандемии - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Operativ Qərargahın qərarına əsasən bu gündən etibarən idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklər açılacaq.

BAKI, 10 iyun — Sputnik. Bu gündən Azərbaycanda koronavirus pandemiyası dövründə qəbul olunmuş bəzi qadağalar aradan qaldırılacaq. Sputnik Azərbaycan iyunun 10-dan etibarən hansı sahələrdə fəaliyyətə icazə veriləcəyi barədə materialı oxuculara təqdim edir. Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılması ilə bağlı qərar verib. Həmin qərarların növbəti qrupu bu gündən etibarən tətbiq olunacaq. Operativ Qərargahın qərarına əsasən bu gündən etibarən idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklər açılacaq.

İdman zallarına bu şəxslər buraxılacaq...

Sabahdan yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi yoxdur!

Məscidlərdə sabahdan öz qapısını mömünlərin üzünə açır,amma...

İyunun 10-dan dini ibadət yerlərində 50 nəfərdən çox olmamaqla dini ibadətlərə də icazə veriləcək. Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır. Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir.

İbadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidir. Eləcə də ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalı, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir. İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Mallar da açılır...

İyunun 10-dan iri ticarət mərkəzləri də fəaliyyətə başlayır. Amma Mallar-ın nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə qoyulan qadağa qüvvədədir.

Çimərliklərdə yay mövsümünə start verilir...

Sabahdan yay mövsümünün vazkeçilməzi olan çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerləri də öz fəaliyyətlərini bərpa edəcək. Çimərliklərdə ötənilki qaydalar tətbiq olunacaq. Çimərliklə bağlı sayt fəaliyyətə başlayacaq. Qeyd edək ki,ötən mövsüm Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək məsləhət görülürdüş . Onlayn növbə prosedurunu həyata keçirmək üçün "cimerlik.az" saytının hazırlanaraq fəaliyyət göstərirdi.

Bu sayt vasitəsilə vətəndaşlar hansı çimərliklərdə sıxlıq olub-olmadığını öyrənə bilirdilər. Onu da bildirək ki, artıq çimərliklərdə monitorinq keçirilib. Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyi insanların istifadəsi üçün yararlı olmadığı açıqlanıb. Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

Xatırladaq ki, 2020-ci il 31 avqustdan sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti, açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsini dayandırılmışdı.

İki ölkə ilə uçuşlar da həyata keçiriləcək

Nazirlər Kabinetinin iyulun 5-də qəbul etdiyi 162 saylı qərarla 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilir. Belə ki, yaşı 18-dən yuxarı olan şəxslər bu ölkələrdən Azərbaycana yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında buraxılacaqlar. 1-18 yaş arasında olan şəxslər isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər. Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Məlumat üçün bildirək ki, COVID-19 pasportunun iki növü var: "COVID-19 vaksin sertifikatı" və "COVID-19 immunitet sertifikatı". "COVID-19 vaksin sertifikatı" COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), "COVID-19 immunitet sertifikatı" isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin "Şəxsi Kabinetə giriş" (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə "MyGov" portalına da inteqrasiya edilmişdir. Burada "ASAN Login" sisteminə istifadəçi FİN-i, "Asan İmza", Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə "Digər xidmətlər" bölməsi seçilməlidir. "Digər xidmətlər" bölməsi seçildikdə ekranda "COVID-19 vaksin sertifikatı" və ya "COVID-19 immunitet sertifikatı" seçimləri əks olunur. Əgər vətəndaş vaksin olunubsa, "COVID-19 vaksin sertifikatı" seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə "COVID-19 immunitet sertifikatı" seçimini etməlidir. Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan "QR Code" vasitəsi ilə yoxlanılması da mümkündür. Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu "E-Təbib" mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

Xəbər lenti
0