20:07 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
CƏMİYYƏT
Qısa URL
11

Müzakirələrdə əsas diqqət Azərbaycanla Rusiya arasındakı nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Cənubi Qafqazda təhlükəsizlik problemləri və Rusiya-Azərbaycan əməkdaşlığının bu problemin həllinə təsiri məsələlərinə yönəlib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Mayın 24-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiya Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə "Azərbaycanla Rusiya arasında əməkdaşlıq perspektivləri: Cənubi Qafqazda təhlükəsizlik və logistika məsələləri" adlı virtual müzakirələr keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İsgəndərov, Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Pyotr Kortunov açılış nitqləri ilə çıxış ediblər. Müzakirələrdə Azərbaycan tərəfdən həmçinin ADA Universitetinin prorektoru Fariz İsmayılov, politoloq və jurnalist Tofiq Abbasov, Rusiya tərəfindən isə Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aparıcı tədqiqatçısı Vyaçeslav Şuper, "Valdai" diskussiya klubunun eksperti Fərhad İbrahimov, RDY-İnvest şirkətinin baş analitiki Sofya Kortunova və hər iki tərəfdən digər ekspertlər iştirak ediblər.

Müzakirələrdə əsas diqqət Azərbaycanla Rusiya arasındakı nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Cənubi Qafqazda təhlükəsizlik problemləri və Rusiya-Azərbaycan əməkdaşlığının bu problemin həllinə təsiri məsələlərinə yönəlib.

Rusiya ekspertlərinin dediyinə görə, təhlükəsizlik və regional inkişaf Rusiyanın Cənubi Qafqaz siyasətinin gündəmində olan əsas məsələlərdir. Xüsusilə qeyd edilib ki, Rusiyanın əsas məqsədi Azərbaycan və Ermənistanla əməkdaşlığı balanslı saxlamaq və bununla da "sıfır nəticəli paradiqma"dan uzaqlaşmaqdır.

Diskussiyalar zamanı Azərbaycanla Rusiya arasında energetika və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı məsələsi müzakirə edilib və Rusiyanın xarici siyasətində Cənubi Qafqaz istiqamətinin aktuallığının artdığı bildirilib. Bundan başqa regional əlaqələrin inkişafında Rusiya – Azərbaycan – İran və Rusiya – Azərbaycan – Türkiyə üçtərəfli əməkdaşlıq formatlarının qurulması da vacib faktor kimi göstərilib, "Şimal – Cənub" nəqliyyat dəhlizinin işə düşməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanlı ekspertlər Azərbaycanın Qarabağ regionunun işğaldan azad edilməsinin regional əməkdaşlıq üçün yeni imkanlar açdığını bildiriblər. Onlar Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpası məsələsindəki rolunun vacibliyini qeyd ediblər.

Virtual konfrans zamanı iki ölkə arasında humanitar əlaqələrin dərinləşməsi, universitetlər arasında əlaqələrin qurulması, alternativ enerji mənbələri, ekologiya məsələləri üzrə əməkdaşlıq və birgə tədqiqat proqramlarının icrası məsələləri gündəmə gətirilib.

Əsas mövzular