CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Musa Quliyev: Əlilliyin 4 dərəcəsi olacaq

© AFP 2023 / CHAIDEER MAHYUDDINЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
"Əlillik dərəcələrinin verilməsi ilə bağlı Almaniyadakı kimi faiz göstəricilərinə keçəcəyik. Bu da kriteriyaları daha da yüngülləşdirəcək. Əlillik indiyə qədər əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə təyin olunub"

BAKI, 24 may — Sputnik. "Əlilliyin təyinatı ilə bağlı qanunvericiliyə çox ciddi dəyişikliklər olacaq".

Bunu APA-ya müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, indiyə qədər əlilliyin təyin olunması sovet sisteminə, 1940-cı illərdən formalaşan 3 əlillik dərəcəsi ilə müəyyənləşib: "Amma Azərbaycan həm əlillərin hüquqları üzrə BMT Konvensiyasına qoşulub həm də 2018-ci ildə "Əlillərin hüquqları haqqında" yeni qanun qəbul olunub. Həmin qanunun tələblərindən biri əlillik dərəcələrinin qruplar üzrə deyil, aparıcı ölkələrdə olduğu kimi, daha geniş şəkildə faizlər üzrə verilməsinə daha çox imkan yaradılmasını nəzərdə tutur. Əlillik dərəcələrinin verilməsi ilə bağlı Almaniyadakı kimi faiz göstəricilərinə keçəcəyik. Bu da kriteriyaları daha da yüngülləşdirəcək. Bir var, 3 dərəcə, biri də var, 4 dərəcə olsun. 4 dərəcə olacaq və bu zaman həkimin seçim imkanları da, qiymətləndirmə imkanları da geniş olur. Əlillik indiyə qədər əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə təyin olunub. Yəni, üçüncü qrup əmək qabiliyyəti məhduddur, amma öz işində işləyə bilər, ikinci qrup əmək qabiliyyətsizdir, amma həkimlərin verdiyi əmək zəmanətinə uyğun olaraq işlə məşğul ola bilər. Birinci qrupun isə əmək qabiliyyəti tam məhduddur, işləyə bilməz, yaxud onun üçün xüsusi yaradılmış şəraitdə işləyə bilər və başqasının köməyinə ehtiyacı var. Tutaq ki, insanın hər iki ayağı amputasiya olunub, durub harasa iş yerinə gedib işləyə bilməz, ancaq əlil arabasında işləyə bilər. Deməli, evində xüsusi şərait yaradılarsa, kompüterdə hansısa işi görə bilər. Amma yeni meyarlara görə əmək qabiliyyətinin saxlanılma dərəcəsi əsas götürülür. Yəni tutaq ki, 10 faiz əmək qabiliyyəti itirilibsə, 90 faiz saxlanılıbsa, buna bir cür, 90 faiz itirilib, 10 faiz saxlanılıbsa, başqa cür baxılacaq. Amma əsas mahiyyət odur ki, indiyə qədər əlillik dərəcəsi əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə müəyyənləşirdisə, indi əmək qabiliyyəti və həyat fəaliyyətinin saxlanılma dərəcəsi əsas götürüləcək, daha pozitiv yanaşma olacaq".

"Eyni zamanda reabilitasiya potensialı müəyyənləşəcək ki, 10 faiz əmək qabiliyyətini itiribsə, çalışaq 1-2 il ərzində 10 faizini də bərpa edək, sağlam həyata qayıtsın. 4 əlillik dərəcəsinə görə müavinətlər də fərqli olacaq, spektr daha da genişlənəcək. Bəzi müavinətlər cüzi, bəzi müavinətlər daha çox olacaq. Bununla bağlı qanun qəbul olunandan sonra həmin həkimlərə treninq də keçiriləcək", - deyə o qeyd edib.

Parlamentin komitə sədri qeyd edib ki, eyni zamanda dəyişikliklərə əsasən, hər hansı səbəbdən əlillik təyinatı üçün gec müraciət olunubsa, təkrar müalicə və müayinəyə qayıdıbsa, ötürülən müddət üçün 6 ay geriyə imkan yaradılacaq ki, onun pensiyası verilsin: "Bu, yaxşı və vətəndaşın sosial müdafiəsini təmin edəcək bir təklifdir. Dəyişikliklər hazırdır, amma ona yəqin ki, növbədənkənar sessiyada baxacağıq".

Parlamentin komitə sədri vurğulayıb ki, bu gün heç kim əlillik sahəsində problem olmadığını demir: "Saxta əlillərlə mübarizə aparanda bəzən həqiqi əlillər də əziyyət çəkirlər. Yəqin ki, bu il ərzində bu problem çözülər və gələn il tam şəffaflığa nail olmuş olarıq. Bu, çox ciddi sosial problemdir. Amma bu, heç kimə əsas vermir ki, haqqı olanın haqqına girsin, eyni zamanda haqqı olmayan da dövlətdən müavinət, pensiya alsın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı monitorinqə əsasən, həqiqi əlilliyi olmayan insanlara il ərzində 270 milyon manat vəsait xərclənir. Bu vəsait büdcədə qalarsa, pensiyaları, müavinətləri artırarıq. O insanlar da artıq sağlam insanlardır, gedib əmək fəaliyyəti ilə məşğul ola bilərlər".

Xəbər lenti
0