CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nə edək, polad çətir altında gəzək? - Yeni tikilən binalar ölüm kabusuna çevrilib

© Sputnik / Sergey PyatakovYaşayış evinin tikintisi, arxiv şəkli
Yaşayış evinin tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
"İnzibati Xətalar Məcəlləsində isə inzibati xətanın cəriməsi, eləcə də əməyin mühafizəsi qaydasını təmin edilmədiyi üçün cərimə məbləği 1000-1500 manatdır. Cərimə məbləği artırılmalıdır ki, tikinti şirkətlərində məsuliyyət olsun"

BAKI, 18 may — Sputnik, Zülfiyyə Quluyeva. İstehsalatda baş verən qəzaların böyük hissəsi tikintidə baş verir. Bu gün tikinti yerləri təhlükə risklərinin potensialına görə öndə gedir desək, yanılmarıq. Xüsusilə yeni binaların inşası zamanı vaxtaşırı faciələr yaşanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı təhqiqatlar nəticəsində də məlum olub ki, istehsalatda ən çox tikinti, emal, mədənçıxarma sahəsində qəzalar baş verir. Bu günlərdə tikinti şirkətlərinin birində yükqaldırıcı səbətin trosunun qırılması bir nəfərin ölümü, digərinin yaralanmasına səbəb oldu. Bu cür hadisələrin təkrarlanması tikinti şirkətlərinin inşaat zamanı təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına əməl etmədiklərini sübut edir.

Bəs görəsən, tikinti şirkətləri bu cür faciələrin yaşanmaması üçün hansı tələblərə əməl etməlidirlər?

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən əməyin mühafizəsi üzrə ekspert Samir Nəbi bildirib ki, hər il tikintidə baş verən qəzalar nəticəsində insanlar həyatlarını itirir, əlillik qazanır. Onun sözlərinə görə, istehsalatda baş verən qəzaların 30 faizi ölümlə nəticələnir. S. Nəbi deyir ki, bu kimi halların qarşısını almaq üçün iş yerlərində sağlam əmək şəraiti yaradılmalıdır:

"Tikintidə işləyən fəhlələr hündür mərtəbələrdə əmək fəaliyyəti ilə məşğul olurlarsa, mütləq şəkildə təhlükəsizlik kəməri taxılmalıdır. Çox təəssüf ki, bu gün bəzi tikinti şirkətləri öz işçilərini təhlükəsizlik kəməri ilə təmin etmirlər. Tikintidə işçinin yıxılmasının qarşısını alan fiziki mexanizmlər olmaldır. Bu tikinti şirkətləri üçün o qədər də böyük məbləğə başa gəlmir. Təklükəsizlik kəmərinin qiyməti 10 manat arasındadır. Nəzərə alsaq ki, tikintidəki bütün işçilər hündürlükdə işləmir, bu zaman inşaatı aparan şirkətin təhlükəsizlik kəməri üçün xərcləyəcəyi vəsait 50-100 manatdan yuxarı olmayacaq".

S.Nəbi deyir ki, işçilər fərdi mühafizə vasitələri - dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təchiz edilməlidir. İşçilərin bu vasitələrdən istifadə etməsinə isə nəzarət mexanizmi olmalıdır.

Bundan əlavə ekspert bildirir ki, tikintidə istifadə edilən qurğular istismardan öncə testdən keçirilməlidir. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin akreditasiyasını almış şirkətlər var. Həmin şirkətlər qaldırıcı qurğuların yoxlanılması xidmətini göstərirlər. Ağırlıq qaldıran qurğuların troslarının hansı çəkidə yük qaldırdığı yoxlanılmalıdır. Bunun üçün 10 tonluq səbətə 12 ton yük vurulur. Əgər qurğu testdən keçirsə, 6 və 1 il istifadə müddəti verilir. Həmin müddət başa çatdıqdan sonra yenidən qurğular testdən keçirilməlidir. Amma tikinti şirkətləri buna çox vaxt laqeyd yanaşırlar. Qurğuların testdən keçirilməsinə əlavə pul xərcləmək istəmirlər. Bu səbəbdən də qəzalar baş verir".

Ekspret bildirir ki, tikintidə təhlükəsizliklə bağlı Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi normativ hüquqi aktlara əməl edilməlidir. Onun sözlərinə görə, bu tələblərə əməl edilməməsinə görə cərimə yoxdur. İnzibati Xətalar Məcəlləsində isə inzibati xətanın cəriməsi, eləcə də əməyin mühafizəsi qaydasının təmin edilmədiyi üçün cərimə məbləği 1000-1500 manatdır. Cərimə məbləği artırılmalıdır ki, tikinti şirkətlərində məsuliyyət olsun".

Həmçinin S.Nəbi tikinti şirkətləri sahiblərinin mövcud tələblərə əməl etmədikləri üçün azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmalı olduğunu da söyləyir: "Qanunda işəgötürənə azadlıqdan məhrumetmə cəzası da ola bilər. Bu qorxu olmadığı üçün tikinti şirkətləri özbaşınalığını davam etdirirlər".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) Sputnik Azərbaycan-a bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq subyektlərində aparılan yoxlamalar dayandırıldığı üçün Xidmət tərəfindən 01 noyabr 2015-ci ilin tarixindən etibarən sahibkarlıq subyektlərində yerində yoxlama həyata keçirilmir. Vətəndaşlardan daxil olan şikayət ərizələri və müraciətlər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Xidmət tərəfindən ciddi araşdırılır, müvafiq tədbirlər görülür və qanunauyğun cavablandırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən, istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana (Dövlət Əmək Müfəttişliyi Xidmətinə) məlumat verməyə borcludur. Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığını araşdırır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatını aparmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilir.

Məlumat üçün qeyd edək ki, ötən il Azərbaycanda istehsalatla əlaqəli sayılan 247 bədbəxt hadisənin təhqiqatı aparılıb, 19-u qrup halında olan bu hadisələr nəticəsində 63 nəfər vəfat edib, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı nəticəsində 302 nəfər zərərçəkmiş şəxsə (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub", - deyə nazirlikdən bildirilib.

Həmçinin oxuyun:

"Kristal Abşeron"un binasında dəhşət: 20 yaşlarında fəhlə sanki şişlənib - FOTO

Xəbər lenti
0