17:22 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
3650 0 0

Əgər biz bütün kağız tullantılarımızı təkrar istehlak etsək, təxminən 250 000 000 ağacı xilas etmiş olarıq.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. İstifadə olunan kağız tullantıların yığılaraq yenidən xammala çevrilməsi təcrübəsi artıq Azərbaycanda da yayılmaqdadır. Ekoloji sağlamlıq naminə atılan bu addımla həm ağacların qırılmasının qarşısı alınır, həm də bundan müəyyən məbləğdə də olsa, gəlir əldə edilir.

Qlobal Tullantı Kağızlarının Təkrar Emalı marketinin 2018-ci il üzrə gəliri 37 milyon 529 min ABŞ dolları olub. 2027-ci ilədək bu rəqəmlərin 56 milyon 140 min dollar olması proqnozlaşdırılır. Göründüyü kimi, artıq dünyada bu sahə həm də gəlirli sahələrdən birinə çevrilib.

Bu sahədə canlanma isə 2018-ci ildən etibarən yaranıb. Belə ki, statistikaya görə, 2018-ci ildən etibarən artıq dünyada istifadə olunmuş tullantı kağızlarının təkrar istehlakı ilə bağlı rəqəmlər artıb. Avropada bu rəqəm 2018-ci ildə 71,7 faiz idisə, daha sonrakı ildə 72 faiz olub.

Bu gün kağız tullantılar poliqonlardakı ümumi tullantıların təxminən 26%-ni təşkil edir ki, bu da nəticə etibarı ilə meşələrin qırılmasına, havanın çirklənməsinə və tullantı problemlərinə səbəb olur.

Bu gün dünyada tullantı kağızının təkrar emalına görə ən yüksək göstəricilər ABŞ, Kanada, Almaniya, Fransa, Çin, Hindistan və Avstraliya kimi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin payına düşür.

Maraqlıdır, Azərbaycanda bu iş necə təşkil olunur?

Makalatura ilə məşğul olan Rövşən Lətifov Sputnik Azərbaycan-a bildirib ki, onlar tullantı kağızları toplayır və üyüdür sonra şirkətlər bundan tualet kağızı istehsal edirlər:

"Biz bu kağızları müəssisə, təşkilatları gəzərək yığırıq. Bəzilərinə hətta kağız tullantılar üçün xüsusi zibil qutuları da qoyuruq. Təklif edirik ki, istifadəyə yararsız olan kağızları yandırmasınlar. Çünki bu, həm ekoloji tarazlığın pozulmasıdır, həm də israfdır. Əgər biz bundan başqa məqsədlər üçün istifadə edə biliriksə, onu niyə yandırmalıyıq, məhv etməliyik? Təbiətdən qopan bu parçalara biz yenidən can verib istehsala yararlı vəziyyətə gətiririk. Bir tona görə 80 manat ödəniş edirik. Bununla onlar həm də bizim biznesimizə dəstək olmuş olurlar". 

R.Lətifovun sözlərinə görə, hazırda onların işçi qrupu 10 nəfərdən ibarətdir. Onlar gündəlik olaraq 3-10 ton kağız tullantısı yığa bilirlər. Aylıq olaraq isə bu rəqəm 100-150 ton olur.

O bildirir ki, kağız tullantılar daha çox idarə və təşkilatlarda, Dövlət Sosial Müdafiə Fondunda, xəstəxanalarda, məktəblərdə, kurslarda, banklarda olur.

Həmsöhbətimizin gördüyü mənzərə isə budur ki, Azərbaycanda kağız çox israf olunur: "Elə olur, üz tutduğumuz ünvanlardan bizə deyilir ki, 1-2 ay öncə gəlsəydiniz, 1 Kamaz kağızı tullamazdıq".

Artıq Azərbaycanda bu işlə məşğul olanlar müəyyən gəlir əldə edə bilirlər. Belə ki, həmsöhbətimizin sözlərinə görə, onların aylıq gəlirləri 6 min manata yaxın olur. Bir ton kağızın qarşılığında bütün xərcləri çıxmaq şərtilə 70-80 manat gəlir əldə edirlər.

"ECO Friendly Habits" isə istehsalçıları kağız tullantılarını daha yaxşı idarə etməyə, onları tullamamağa səsləyir. İstehsalçıları kağız tullantılarını yandırmaq, məhv etmək fikrindən daşındırmaq üçün təşkilat, "Tullantı kağızlarının yenidən istehlakı nə deməkdir?" adlı maraqlı araşdırma apararaq statistik rəqəmləri açıqlayıb:

- 1 ton kağız tullantısını yenidən istehlak etmək 17 ağacın xilas olmasıdır. Bu, həm də meşələrin məhvinin qarşısının alınması deməkdir. Lakin təəssüflər olsun ki, istehsal olunan kağızların yalnız yarım miqdarı yenidən istehlak olunur.

- Kağızların yenidən istehlakı həm də hər ailəyə 6 ağacın düşməsi deməkdir. Əks halda, hər ailəyə düşən ağac sayında da azalma olacaq.

- Kağız enerji tələbatına görə üçüncü böyük istehsal sahəsi hesab olunduğundan təkrar istehsal həm də enerji xərclərinin azalması deməkdir.

- Araşdırmalara görə, bu gün ofisdə kağız tullantılarının yalnız 7 faizi təkrar istehsal olunur. Təkrar istehsal isə həm də atmosferə atılan tullantıların azalması deməkdir. Bir kağızı təkrar emal etmək yalnız 5 faiz çirklənməyə səbəb olur.

- Ağaclarını qırılma səbəblərindən biri də poçt zərflərinin istehsalına olan tələbatdır. Bu gün önəmsiz yerə istehsal olunan poçt zərfləri illik olaraq 100 milyon ağacın kəsilməsi deməkdir.

- Araşdırmalara görə, kağız tullantılar xüsusən də bayram günlərində daha da artır. Belə ki, bu günlərdə adi günlərlə müqayisədə kağız biletlərin satışı daha çox həyata keçirilir. Təkcə ABŞ-da bayram günlərində illik olaraq 2,6 milyard tətil bileti satılır.

- Qəzetlərin təkcə bazar günü nömrələrinin çıxarılması üçün həftəlik olaraq 500 min ağac qırılır. Əgər biz bütün kağız tullantılarımızı təkrar istehlak etsək, təxminən 250 000 000 ağacı xilas etmiş olarıq.

- Bundan başqa, supermarketlər hər il 6 milyon kağız paketlərdən istifadə edir ki, bu da ağcaların qırılmasına səbəb olur.

- Qəbzlər BPA qat ilə ilə örtüldüyü üçün təkrar emal edilə bilməz. Bu səbəbdən tövsiyə olunur ki, ehtiyacınız yoxdursa, qəbz istəməyin.

 - Statistikaya görə, kağız tullantılar sırasında daha keyfiyyətli kağızların tullantısı üstünlük təşkil edir.

- Bundan başqa, kağız istehsalı həm də kifayət qədər su israfı deməkdir. Təkcə bir A4 kağızının istehsalında 10 litr su istifadə olunur.

- Kağız istehsalı istixana qazlarının tullantısına görə dünyada 4-cü hesab edilir.

- Statistikaya görə, illik olaraq hər evdən 13 min kağız tullantısı olur.

- Statistikaya görə, illik olaraq 44,2 milyon ton kağız təkrar istehsal olunur. İllik olaraq 85 milyon ton kağız tullantıları yaranır.

- İllik olaraq kağız istehsalı üçün 4 milyard ağac kəsilir.  

Bəs siz kağız tullantılarınızı necə idarə edirsiniz?

Təbiətə fayda vermək hələ də gec deyil. Siz də bu missiyanı üzərinizə götürmək istəyirsinizsə, o zaman Rövşən Lətifov (055 543 55 02) kimi maklatura ilə məşğul olan şəxslərlə əlaqə saxlayın, ofisinizə kağız tullantılar üçün xüsusi qutular qoyulsun.

Əsas mövzular