17:53 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
2376 0 0

"Gələcəkdə yəqin ki, pensiya və müavinətlər artdıqca, baxıcılara verilən vəsaitlər də artacaq. Bu məbləğ orta aylıq əmək haqqına bağlansa, daha yaxşı olar" - Musa Quliyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Dünya əhalisinin təxminən 20 faizinədək olan hissəsi orta və ağır dərəcəli fiziki məhdudiyyətli şəxslərdir ki, onlar digərləri ilə müqayisədə daha çox yardıma ehtiyac duyurlar. Onların həyat keyfiyyətlərinin yaxşılaşdırılması üçün xüsusi baxıcıların ayrılmasına ehtiyac var. Əlilliyi olanlara baxan şəxslərin maaşları pandemiya dövründə müxtəlif ölkələrdə artıb. Pandemiyadan öncəki illə müqayisədə bir çox ölkələrdə ötən il əlilliyi olanlara baxan şəxslərin maaşları artıb. Həmçinin bu şəxslərin maaşlarının cari ildə də artacağı gözlənilir. Belə ki, cari ildə Türkiyədə minimum əmək haqqının 2 min 825 Türk Lirəsi (579 manat) olacağı proqnozlaşdırılıb. Minimum əmək haqqı ilə yanaşı bəzi məvaciblərdə də artım proqnozlaşdırılır. Bu sırada əlilliyi olan şəxslərin baxıcıları da maaşları artırılacaq şəxslər sırasında yer alıb. Burada məqsəd əlilliyi olan şəxsləri daha keyfiyyətli xidmətlərlə təmin etməkdir.

Belə ki, Türkiyədə əlilliyi olan şəxslərə təyin olunan baxıcılara aylıq olaraq 2019-cu ildə 1384 Türk Lirəsi (284 manat), 2020-ci ildə 1460 Türk Lirəsi (299 manat), cari ildə isə ekvivalenti 316 Azərbaycan manatına bərabər əmək haqqı təyin olunub.

Qonşu Türkiyədə bu vəsait yalnız əlilliyi azı 50 faiz olan şəxslərə qulluq edən baxıcılara verilir. Yəni, əllilik dərəcəsi 50 faizdən az olan şəxslərə heç bir baxıcı təyin edilmir. Türkiyə qanunlarına görə, yalnız şəxsin ailə üzvləri, yaxud da qohumları baxıcı ola bilər. Baxıcıdan tələb olunan əsas şərtlərdən biri də işçinin fiziki məhdudiyyəti olan şəxsin olduğu evdə ona xidmət göstərməsinin vacibliyidir. Əks təqdirdə, fiziki məhdudiyyəti olan şəxsin rahatlığının təmin olunmaması nəzərə alınaraq həmin şəxslərə vəsait ödənilmir.

Azərbaycanda isə qanunvericiliyə görə, yalnız 1-ci qrup əlil olan şəxslərə baxıcı təyin olunur və onlar aylıq olaraq 50 manat əməkhaqqı alırlar. Əlilliyi olanlara baxan baxıcılar bu vəsaitin kifayət qədər az olduğundan gileylidirlər. Onlar ölkəmizdə də bu məbləğin artırılmasının tərəfdarıdırlar.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvi Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında baxıcılar üçün ayrılan vəsaitin zamanla artacağını deyib:

"Öncələr bu xidmətə görə məvacib təyin olunmurdu. Yalnız birinci qrup əlillərin pensiyaları daha yüksək hesablanırdı, bu zaman müavinət xərcləri bura daxil idi. Lakin son iki ildə qanunvericilikdəki dəyişikliklərə görə, digər qruplara nisbətən 1-cı qrup əliliyi olan şəxslərin pensiyaları yüksək olaraq qalır, həm də ailə üzvlərinə 50 manat məbləğində sosial müavinət müəyyənləşir. Bu məbləğ başlanğıc üçündür. Gələcəkdə də yəqin ki, pensiya və müavinətlər artdıqca vəsaitlər artacaq. Bu məbləğ orta aylıq əmək haqqına bağlansa, daha yaxşı olar".

Deputat əlavə edib ki, əlillik dərəcələri ilə bağlı yeni meyarlar hazırlansa da, hələlik Milli Məclisə daxil olmayıb. May ayında güman ki, yeni meyarlar Milli Məclisə daxil olacaq.

Sputnik Azərbaycan-a danışan "Əlil Qadınlar Cəmiyyəti"nin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlillik və reabilitasiya ilə bağlı fəaliyyət göstərən ictimai şuranın üzvi Məxluqə Rəhimova isə növbəti ildə bu problemin də həllini tapacağına ümidlidir:

"Çalışırıq ki, əlilliyi olan şəxslərin sosial problemləri həll olunsun. Lakin hazırda işğaldan azad olunan ərazilərdə quruculuq işləri aparıldığı üçün bu məbləği qaldırmaq mümkün deyil. Əslində isə onlara təyin olunan məbləğ yüksək olmalıdır. Bir insan haradasa işləyirsə, ən azı 200-250 manat əmək haqqı alır. Bu da onun kimi. Həmin şəxs ailə üzvü yox, başqası olsa, o da məvaciblə çalışmalıdır".

Rəhimovanın dediyinə görə, əlilliyi olan şəxslərə baxanlara ötən ilin yanvarından bu məbləğ təyin olunub, ondan daha öncə isə bu məbləğ də olmayıb.

"Düşünürəm ki, növbəti ildən sonra bu məsələlər yenidən həllini tapacaq, mərhələli şəkildə təşkil olunacaq. Qarabağdan gəlir əldə etdikdən sonra bəlkə də Azərbaycan əlilinə, qazisinə, şəhid ailəsinə ən yaxşı baxan bir dövlət formalaşacaq. Veteranlar 80 manat alırlar, onlara verilən müavinətin artırılmasına ehtiyac var. Lakin hazırkı dönəmdə bir millət kimi gücümüz çatan təminatla razı olmalıyıq. Əslində bu gün hamımız əlilik, sağlam görünənlərimiz də stress və həyəcandan əlil səviyyəsindədir", - deyə o, əlavə edib.

Əsas mövzular