21:25 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
144511

Rada xanım: "Bütün analar deyir ki, siz kaş onu elə cəzalandırmazdınız, elə verərdiniz bütün şəhid analarının əlinə, onda görün necə olurdu".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. "Biz onun kimilər üçün deyil, dəmir yumruq üçün, dəmir yumruğun əzələləri üçün, torpaq üçün vuruşmuşuq". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında şəhid Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə deyib.

O həmin şəxslə bağlı heç bir fikir bildirmək istəmədiyini deyib: "Mən onun haqda nə deyə bilərəm ki?! Bu adam rəhbər vəzifədə olanları da söyür, nə deyim daha?".

© Photo: Sirxan Mammedov
Yusifzade Xudayar anası ilə

Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə haqda ironik paylaşım edən gəncin döyülməsi ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünən axşam saatlarında Bakı şəhərində vətəndaş Fuad Rəsulzadənin döyülməsini əks etdirən videogörüntülərdən məlumatlıdırlar: "Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək".

Şəhidimizin anası Rada xanım da bu məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışıb və bu işi belə qoymayacağını bildirib: "Mən o şərəfsiz, içimizdə qalan erməninin müsahibəsini oxudum. O, bütün Azərbaycan xalqının qarşısında, bütün şəhid və qazi analarının qarşısında efirdən üzr istəməlidir. Yoxsa mən ondan əl çəkən deyiləm. O, bir-iki dənə yumruq, şillə-təpik yeməklə elə bildi ki, onunla qurtaracağıq?! Yox. Məni, onu döyəni, döydürənləri hədələyir, deyir ki, məhkəməyə üz tutacağam. Mən səndən qabaq məhkəməyə üz tutacağam. Mənim oğlum gedib döyüşsün, torpaq alsın, erməni ilə üz-üzə gəlsin, bu isə hansısa kafe, restoran, çayxana, ya nə bilim, elə evdə rahatca ləbləbisi, çayını qabağına qoyub oğlumla zarafat etsin. Mənim oğlum şəhiddir, ona kim haqq verir ki, şəhidimlə, ökə başçısı, Nəsimi ilə zarafat etsin? Kimdir o?! Deməli o, Azərbaycan xalqının düşmənidir. Mən onu ayrı cür görə bilmirəm. İnanın, neçə gündür nə stress keçirirəm, onu ancaq o göydəki Allah bilir. Ağrıdan ürəyim çatlayır".

"Bütün analar deyir ki, siz kaş onu elə cəzalandırmazdınız, elə verərdiniz bütün şəhid analarının əlinə, onda görün necə olurdu. Onun hər tikəsini bir çöldən yığardılar. O necə deyə bilər ki, mən şəhidlə bağlı zarafat etdim ki, gülsünlər?! Çox gülməli idi? Oğlum şəhid oldu ki, kimsə ona gülsün?! Görün balalarını yiyəsiz qoyan, anasını tək qoyan nə qədər şəhidimiz var?! O kimdir ki, bu sözləri desin. O, bu gün Xudayarla bağlı yazırsa, sabah da başqa şəhidlər haqda danışacaq. Lazım olsa, bütün şəhid, qazi analarını tökəcəm onun üstünə", - deyə Rada xanım əlavə edib.

Rada xanım deyir ki, səhhəti bir qədər yaxşılaşan kimi Bakıya gələcək və bu məsələ ilə bağlı lazımi bütün addımları atacaq.

Xatırladaq ki, Fuad Rəsulzadə adlı şəxs şəhid Xudayar Yusifzadə haqda ironik paylaşımında "Xudayar çoxdandır təzə mahnı buraxmır" deyə yazmışdı.

Xatırladaq ki, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb.

Əsas mövzular