17:49 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
66510

2021-ci ilin. yanvar-mart ayları ərzində ölkəmizdə taksi ilə 18 milyon 624,3 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz və ya 4 milyon 119,4 min daha çoxdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Rayonlara giriş-çıxışa qoyulan qadağa aradan qaldırılsa da, ötən ilin mart ayından etibarən Nazirlər Kabinetinin qərarı ilə avtobuslarla şəhərlərarası və rayonlararası sərnişindaşımaya tətbiq edilən məhdudiyyət bu günədək aradan qaldırılmayıb. Sərnişinlər bir ilə yaxındır ki, rayonlara getmək üçün şəxsi avtomobilləri ilə taksi xidməti göstərən sürücülərin ümidinə qalıb. Havaların isinməsi ilə bölgələrə gedənlərin sayının artması isə mövcud problemi daha da dərinləşdirib.

Sputnik Azərbaycan avtobuslarla şəhərlər və rayonlararası sərnişindaşımanın bərpasının mümkünlüyünü araşdırıb.

Nəqliyyat məsələlələri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olduğundan qərara dəyişikliyi də sözügedən qurum etməlidir: "Ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə işləri aparılır. Bütün dünyada vaksindən sonra karantin qaydalarında müəyyən dəyişikliklər edilir. Azərbaycanda da artıq bəzi sahələrdə fəaliyyətə icazə verilib. Amma rayonlara sərnişindaşıma hələ ki, bərpa olunmayıb. Buna baxmayaraq, insanlar taksi vasitəsilə rayonlara gedib-gəlirlər. Hazırkı vəziyyətdə itirən əsasən sərnişinlərdir. Rayonlara getmək üçün alternativ sərnişindaşıma xidməti olmadığından onlar taksi ilə gedib-gəlirlər. Taksilər isə mövcud vəziyyətə görə qiyməti diktə edirlər".

Ə.Hüseynov bildirir ki, avtobusların rayonlararası hərəkətinə virusun yayılma riski baxımından məhdudiyyət qoyulsa da, hazırkı vəziyyətdə rayon və şəhərlərarası sərnişindaşıma daha təhlükəlidir: "Avtobuslarla rayonlara sərnişindaşımaya ona görə qadağa qoyuldu ki, insanlar avtobusda bu virusa yoluxa bilər. Çünki avtobusda sərnişin tutumu çoxdur. Amma indi 7 nəfərlik avtomobillərlə sərnişinlər rayonlara daşınır. Bu zaman heç bir ara məsafəsi qorunmur. Avtomobildəki sərnişinlərin maskadan istifadəsinə nəzarət yoxdur. Halbuki, avtobuslara müəyyən ara məsafəsi qorunmaqla sərnişindaşımaya icazə verilə bilər. Bu zaman həm də gigiyenik vəziyyətə nəzarət edilə bilər. Düşünürəm ki, bəzi sahələrdə yumşalmalara icazə verildiyi kimi, rayonlar və şəhərlərarası sərnişindaşıma da bu cür bərpa edilə bilər".

Qeyd edək ki, avtobusların fəaliyyətinə qoyulan məhdudiyyət taksi xidmətinə tələbatı artırıb. Bu barədə Dövlət Statistika Komitəsi bildirib. 2021-ci ilin yanvar-mart ayları ərzində ölkəmizdə taksi ilə 18 milyon 624,3 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz və ya 4 milyon 119,4 min daha çoxdur. Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyyatından istifadə edən sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə taksilərin xidmətlərindən yararlanıb. Belə ki, avtomobil nəqliyyatı vasitəsilə 252,6 milyon sərnişin daşınıb və sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz az olub. Müvafiq dövrə 233,9 milyondan çox sərnişin avtobusdan istifadə edib ki, onların sayında 37,4 faiz azalma müşahidə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı istisna olmaqla şəhərlər və rayonlararası taksi xidməti göstərmək üçün bu ilin yanvar ayında 496, fevral ayında 418, mart ayında isə 760 nəfər fərqlənmə nişanı alıb. Aprel ayı üçün isə bu rəqəm 454 təşkil edir. N.Allahyarova taksi fəaliyyəti üçün fərqlənmə nişanı alanların sayında artımın əsasən bayramlarda müşahidə olunduğunu söyləyib.

N.Allahyarova bildirib ki, hazırda rayonlararası, şəhərlərarası sərnişin daşıyan mikroavtobuslar isə taksi hesab olunmadığından, qeyri-qanuni sərnişindaşıma ilə məşğul olduqlarından onlara nəzarət DANX-ın səlahiyyətində deyil.

Sonda qeyd edək ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də sərnişindaşımadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-mart ayları ərzində ölkədə sərnişin daşımaları ötən ilin müvafiq dövrünə nisbətən 42,5 faiz azalıb. Məlumata əsasən, bu dövrdə nəqliyyatçılar tərəfindən 253,2 milyon sərnişinə xidmət göstərilib.

Əsas mövzular