14:29 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
77302

Nazirlər Kabinetinin 94 saylı qərarına görə, restoranlar iş saatları barədə qapıya məlumat asmalıdırlar.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Ramazan ayı başlayandan bəzi kafe və restoranlar iş qrafikində dəyişiklik edib. Belə ki, paytaxtda bəzi restoranlar iftar vaxtına qədər müştəri qəbulunu dayandırıb. Bu isə sosial platformada müzakirələrə səbəb olub. Ramazan ayında restoranların müştəri qəbulunu dayandırmasını dini baxımdan müsbət qiymətləndirənlər olsa da, bunun əksini düşünənlər də var.

Sputnik Azərbaycan paytaxtda yerləşən restoranlarla əlaqə saxlayaraq yayılmış məlumatların həqiqətə uyğun olub-olmadığını və bunun istehlakçı hüququna təsirini araşdırıb.

"Qoç ət" restoranından Sputnik Azərbaycan-a bildirilib ki, restoran iftar saatınadək müştəri qəbul etmir. Restorandan bunun rəhbərliyin qərarı olduğunu bildirdilər: "Ramazanda insanlar oruc tuturlar. Bizim rəhbərlik hesab edir ki, axşam iftar vaxtınadək müştəri qəbul etmək doğru deyil".

Əlaqə saxladığımız digər restoranlar arasında iftar saatınadək müştəri qəbul etmədiklərini deyənlər olsa da, adi günlərdə olduğu kimi işləyənlər də vardı.

Avtobuslarda, restoranlarda sıxlıqdırsa, idman zallarına niyə icazə verilməsin?>>

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, restoranlar iş saatları barədə qapıya məlumat asmalıdırlar: "Bu qərara əsasən, restoranlar iş saatlarını, yəni restoranın hansı saatdan açılıb, saat neçəyədək işlədiyini göstərməlidir. Amma restoranların çoxunun qarşısında bu zəruri qeyd yoxdur. İaşə obyektləri özəl sahibkarlıq subyektləri olduqlarından, iş qrafiklərini sahibkar özü müəyyənləşdirir. Ramazan ayında da iftar saatınadək hansısa restoranın işləməməsi restoran rəhbərliyinin öz qərarı, öz işidir. Kimsə həmin sahibkarın işinə qarışa bilməz. Yəni restoranların üzərində öhdəlik yoxdur ki, o, gündüz işləməlidir, ya yox. Sadəcə olaraq bu barədə restoranın qapısında məlumat qoysalar, yaxşı olar".

E.Hüseynov deyir ki, Ramazan ayında retoranların iftar saatınadək işləməməsi barədə AİB-ə də məlumatlar daxil olub. Həmsöhbətimiz deyir ki, bu, müəyyən mənada restoran sahibinin dini inancı ilə bağlı olsa da, bəzi restoranlar Ramazan ayında iftara qədər işləmək sərfəli olmadığı üçün bu rejimdə çalışır:

"Azərbaycan müsəlman ölkəsidir. Bizdə də ildən-ilə oruc tutanların sayı artır. Ona görə də bəzi restoranlara gündüz saatlarında, yəni iftara qədər işləmək sərf etmir. İşçiləri müştəri az olan saatda işlətmək sahibkara sərfəli olmadığından onlar iftar saatında işləməyə üstünlük verirlər. Çünki sahibkar məcburdur ki, gündüz işlətdiyi işçinin də haqqını ödəsin. Axşam saatlarında isə iftara görə daha çox müştəri olur. Hazırkı şəraitdə restoran sahibinə işçini axşam işlətmək sərf edir. Çünki qazanc daha çox olur".
Teqlər:
sahibkar, , iftar, Ramazan, restoran

Əsas mövzular