05:52 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
1470

"Avtobus metronun yükünü qaldıra bilmir. Çünki gündəlik olaraq 600 min nəfər metrodan istifadə edirdi. Bir avtobus isə maksimum 40 sərnişin tutur. 600 mini daşımaq üçün görün nə qədər avtobus reysə buraxılmalıdır" - Aydın Mirzəzadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Biri ilə yaxındır ki, ölkədə pandemiya rejiminin davam etməsi və demək olar ki, bir ildir ki, müvəqqqəti fəaliyyət dövrü istisna olmaqla metronun bağlı olması yollardakı vəziyyəti iflic edib. Nəticədə tıxacların sayı, tıxacın davametmə müddəti daha da artıb. Belə olan halda isə gündəlik işə gedib qayıdanlar ən azı 5-6 saatını elə yolda keçirmiş olur.

Paytaxt sakinləri metronun açılmasını tələb edir və onlar bunu həm də havaların isinməsi, saatlarla avtobusda tıxacda qalmağın mümkünsüzlüyü ilə izah edirlər.

Pandemiya bütün dünyanı bürüsə də, bir çox ölkələr qoruma tədbirlərini daha da gücləndirməklə demək olar ki, normal həyatlarına dönüblər. İctimai nəqliyyat, metronun fəaliyyəti bir çox ölkələrdə bərpa olunub. Bəs Azərbaycan necə, bu təcrübədən yararlana bilərmi?

Millət vəkili Elnur Allahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, hazırkı karantin rejiminə riayət etməklə metroların işi bərpa oluna bilər. Onun fikrincə, metronun fəaliyyəti günün müəyyən vaxtlarında, əhalinin işə gedib-qayıtdığı saatlarda bərpa oluna bilər.

"Çox istəyərdim ki, maydan etibarən metronun fəaliyyəti bərpa olunsun. Lakin hazırkı durumda statistikalar bizi çaşdırır və metronun nə zaman açılacağına dair qərarın verilməsi sual edilə bilər. Hazırda virusla bağlı durum çox mürəkkəbdir. Gördüyünüz kimi, xəstələnənlərin sayı artmaqda davam edir. Belə başa düşürəm ki, bu artım davam edəcək", - deyə o, əlavə edib.

Millət vəkili vətəndaşları bir daha karantin rejiminin tələblərinə əməl etməyə səsləyib: "Vətəndaşlar maskalardan istifadə edir, karantin rejiminə riayət edir. Çox sevindirici haldır ki, Sovetlər Birliyindən ayrılan ölkələr arasında Azərbaycan karantin rejiminin tələblərinə riayət etməsinə görə nümunəvi ölkələrdən biridir".

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında metronun xüsusən hansı vaxtlarda fəaliyyətinə ehtiyacın olmasından danışıb:

"Metronu günün müəyyən vaxtlarında açmaq olar. Bu vaxt 07:00-dan 09:00-dək, 17:00-dən 19:00-dək tənzimlənə bilər. Yəni, daha çox işə gedilən vaxtda metronun açıq olması ilə rahatlıq təmin oluna bilər. Metroda sıxlıq yarandığını iddia ediriksə, o zaman avtobusdakı vəziyyətə nəzər salaq. Avtobuslarda sıxlıq metrodan daha çox olur".

Deputatın fikrincə, avtobus metronun yükünü qaldıra bilmir. Çünki gündəlik olaraq 600 min nəfər metrodan istifadə edirdi. Bir avtobus isə maksimum 40 sərnişin tutur. "600 mini daşımaq üçün görün nə qədər avtobus reysə buraxılmalıdır. Birincisi, bizim bu sayda avtobusumuz yoxdur. Digər məsələ isə bu avtobusların belə sıxlıq yaradacağı ilə bağlıdır", - deyə millət vəkili əlavə edib.

O avtobuslardakı sıxlıqdan da söz açıb: "Belə olan halda insanlar işə basabasda getməli olur. Məsafənin gözlənilməsi, maskanın taxılması və maarifləndirici materialları yerləşdirməklə metronun fəaliyyətini bərpa etmək olar. Həm də, öncəki bir illə müqayisədə insanlar bu virus haqda daha çox məlumatlıdır və buna daha ciddi yanaşırlar. Bu zaman nəqliyyatdakı problem müəyyən qədər də olsa, həll oluna bilər".

Lakin infeksionist İlhamə Abbasova metronun açılmasının tərəfdarı olmadığını deyir:

"Metro açılarsa, virus daha da alovlanar. Çünki metro qapalı mühitdir. COVID-19-la bağlı rəqəmlərin artdığı bir vaxtda metronun açılması, hətta günün müəyyən saatlarında belə açılması məsləhət deyil. Peyvəndləmə işləri gedir, lakin vətəndaşların çoxunda narazılıq var, müəyyən bəhanələr gətirirlər. Heç olmasa əhali arasında peyvəndlənmə 80 faiz olarsa, bu zaman metronu günün hansısa saatında açmaq olar".

"Avtobusların sayını artırmağa, intervalı azaltmağa üstünlük verilsə, daha yaxşı olar", - deyə o, əlavə edib.

Əsas mövzular