14:28 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
10400

Pəncəli Teymurov, Raquf Orucov, Mühüd Orucov, Ravil Novruzov, Samid İmanov kimi insanlar tarixdə qalacaqlar.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Mən öz ölümümə razı idim, amma Pəncəlinin ölümünə razı deyildim. O, Xüsusi Təyinatlıların onurğa sütunu idi".

Aprel döyüşləri zamanı şəhid olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi kəşfiyyatçısı Pəncəli Teymurovun doğulduğu Astara rayonunun Əzərud kəndində ev-muzeyi və büstünün açılış mərasimi baş tutub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, mərasim iştirakçıları ilk olaraq şəhidin məzarını ziyarət ediblər.

Açılış mərasiminə Pəncəli Teymurovun ailə üzvləri ilə yanaşı, döyüş yoldaşları da iştirak ediblər. Gələn qonaqlar arasında XTQ-nin ehtiyatda olan baş leytenantı, II qrup Qarabağ qazisi və Aprel döyüşləri iştirakçısı Əhliyət Mehdiyev də olub. Ə.Mehdiyev Sputnik Azərbaycan-a şəhid Pəncəlinin şücaətindən söz açıb: "Bu gün biz Pəncəli qardaşımızın ev-muzeyinin açılışında iştirak edirik. Bildiyimiz kimi, Pəncəli qardaşımız Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklərin işğaldan azad olunması üçün döyüşərək, misilsiz şücaət göstərib. Pəncəli və digər qəhrəman qardaşlarımızın səyləri nəticəsində ilk dəfə Aprel döyüşlərində qələbəni daddıq. Qələbə ilə başa vurduğumuz 44 günlük Vətən müharibəsinin təməli məhz Aprel döyüşlərində qoyuldu. Pəncəli qardaşımız uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib və xidmət etdiyi müddətdə qarşısına qoyulan bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib.

© Sputnik / Rahim Murad
Pəncəli Teymurovun məzarı

Dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamə və fəxri fərmanlarla, ölkə başçımız və müdafiə naziri tərəfindən orden və medallarla təltif olunub. Ümumiyyətlə, Pəncəli Teymurovu tanıyan bir insan kimi, onunla xidmət edən bir yoldaş kimi deyə bilərəm ki, bizim üçün də o, Xüsusi Təyinatlıların əfsanəsi idi. Azərbaycan Ordusunun əfsanəsi idi. Aprel döyüşlərinə qədər Pəncəli qardaşımızın xidmətləri bu şəxsin bütün mənəviyyatı ilə vətənə bağlı olduğunu göstərirdi və qardaşımızın öz toyunda özünə şəhidlik arzu etməsi ən böyük vətənpərvər insan olmasının göstəricisi idi. Pəncəlinin Aprel döyüşlərinə qədər göstərdiyi qəhrəmanlıq və şücaəti böyük olub. Elə Aprel döyüşlərində bildiyi bütün döyüş metodlarından istifadə edərək həm Vətən uğrunda, həm də dostları uğrunda şəhid oldu. Bizim də ən böyük istəklərimizdən biri qardaşımızın Milli Qəhrəman adına layiq görülməsidir. Bir Milli Qəhrəman hansı qəhrəmanlıqlara malikdirsə, Pəncəli qardaşımız onların hamısını edib. İnşallah, dövlətimiz Pəncəli qardaşa layiq olduğu Milli Qəhrəman adını verər. Mən onun döyüş yoldaşı kimi deyərdim ki, Pəncəli Teymurov, Raquf Orucov, Mühüd Orucov, Ravil Novruzov, Samid İmanov kimi insanlar həqiqətən də tarixdə qalacaqlar. Çünki bu insanlar xalq qəhrəmanlarıdırlar və onlara xalq öz qiymətini verib.

  • Pəncəli Teymurovun ev muzeyin açlışında
    © Sputnik / Rahim Murad
  • Pəncəli Teymurovun qardaşı Elbrus Teymurov
    © Sputnik / Rahim Murad
  • Pəncəli Teymurovun döyüş yoldaşı XTQ-nin ehtiyatda olan zabiti Əhliyət Mehdiyev
    © Sputnik / Rahim Murad
1 / 3
© Sputnik / Rahim Murad
Pəncəli Teymurovun ev muzeyin açlışında

Bu gün Aprel döyüşlərindən 5 il keçsə də, yenə də xalqın bizə olan sevgisini görürük. Hər zaman Pəncəli kimi digər şəhid qardaşlarımız da ziyarət olunur. Nə qədər ki, bu xalq, bu millət var, Pəncəli qardaşım və onun timsalında bizim bütün qəhrəman şəhidlərimiz yaddaşlarda yaşayacaqlar. Çünki bu insanlar öz əməlləri və qəhrəmanlıqları ilə sözün əsl mənasında hər birimizə bu vətəni necə sevməyi öyrədiblər. Allah Pəncəli qardaşımızın və digər şəhid qardaşlarımızın ruhlarını şad eləsin. Mən əminəm ki, bizim üçrəngli bayrağımız Qarabağ torpaqlarında dalğalandığı üçün bütün şəhidlərimizin ruhları şaddır".

Pəncəli Teymurovun böyük qardaşı Elbrus Teymurov şəhidimizin ev-muzeyinin inşası haqqında Sputnik Azərbaycan-a danışıb: "Hələ qardaşımız sağ ikən məzuniyyətə gələn dövrlərdə kiçik qardaşımla zarafatlaşardı ki, "Mənə burada yer verərsən təqaüdə çıxandan sonra özümə ev tikim?". Pəncəlinin özünə ev tikdirməyi nəsib olmadı. Artıq şəhid olandan sonra isə bütün ailəmiz toplaşıb məsləhətləşdik ki, onun hərbi formaları, şəxsi əşyaları, medalları, tərifnamələri, şəkillərini və sair əşyalarını toplayıb muzey yaradaq. Muzeyi anamıza görə yaratdıq. Sonra biz qardaşlar, bacılar, yeznələr öz şəxsi vəsaitimiz hesabına Pəncəlinin ev-muzeyini inşa etməyə başladıq. Şəhidimizin ev-muzeyi 2018-ci ildən hazır olsa da, rəsmi açılışı olmamışdı. Bir müddət əvvəl sosial şəbəkə vasitəsilə Namiq Əliyev adlı şəxs mənə məktub yazaraq öz şəxsi vəsaiti hesabına qardaşımın büstünü hazırlatdıracağını dedi.

© Sputnik / Rahim Murad
Pəncəli Teymurovun ev muzeyi

N.Əliyev 1-ci Qarabağ müharibəsi veteranıdır. Büstü isə paytaxtda yaşayan heykəltaraş Elxan Zeynalov yaradıb. Pəncəlinin büstünün hazırlanması ötən ilin oktyabr ayında başlanılmalı idi. Vətən müharibəsi başladığı üçün xeyli fasilə yarandı. Elxan Zeynalov ilk olaraq Milli Qəhrəmanımız general-mayor Polad Həşimovun büstünü hazırladı. Generalımızın büstünü təhvil verəndən sonra zəng edib Pəncəlinin büstünü hazırlamağa başladığını bildirdi. O, bu ilin fevral ayında qardaşımın büstünün hazırlanmasına başladı və mart ayında bitirdi. Vətən müharibəsi gedən günlərdə neçə-neçə gənclər Pəncəlinin ev-muzeyini gəlib ziyarət etdikdən sonra döyüşə gediblər. Bu, bizim üçün böyük qürurdur".

© Sputnik / Rahim Murad
Pəncəli Teymurovun ev muzeyi

Elbrus Teymurov əlavə edib ki, Aprel döyüşlərindən sonra general-leytenant Hikmət Mirzəyev onların ailəsinə baş çəkib: "Qardaşım Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Hikmət Mirzəyevin xətrini çox istəyirdi və sağlığında onun haqqında çox danışardı. Həmin illərdə Hikmət Mirzəyev hələ general-mayor idi. Aprel döyüşlərindən sonra general-mayor Hikmət Mirzəyev 2 şəhidin evini ziyarət etmişdi: Murad Mirzəyevin və Pəncəlinin. Pəncəlinin yeddi mərasimində bizə gələn vaxt Hikmət Mirzəyev dedi: "Mənim övladlarım da Pəncəlinin xətrini çox istəyirdi. Mən öz ölümümə razı idim, amma Pəncəlinin ölümünə razı deyildim. O, Xüsusi Təyinatlıların onurğa sütunu idi. Pəncəlinin elədiklərinin siz 3%-ni bilirsinizsə, mən isə 97%-ni bilirəm. Əmin ola bilərsiniz ki, Pəncəli Teymurov əsl Milli Qəhrəman adına layiq oğul idi". İndi də mən və ailə üzvlərimiz cənab Prezidentimizdən, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadan, cənab Müdafiə naziri Zakir Həsənovdan xahiş edirik ki, qardaşım Pəncəlinin xidməti dövründə göstərdiyi şücaətə yenidən baxılmasına göstəriş versinlər və şəhidimiz haqqı olan Milli Qəhrəman adına layiq görülsün. Biz Milli Qəhrəmanın ailəsinə verilən vəsaitdən də imtina edirik. Biz ailəliklə sadəcə Pəncəliyə Milli Qəhrəman adının verilməsini istəyirik".

Əsas mövzular