13:23 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
CƏMİYYƏT
Qısa URL
1539 0 0

Digər bağçalarda övladı təlim-tərbiyə alan valideynlər də bağçalardan onlara bir neçə gün gözləməyin tövsiyə olunduğunu söylədilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Bu gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri fəaliyyətini dayandırıb. Hazırda qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələri bağlıdır. Təhsil naziri Emin Əmrullayev aprelin 3-də "Facebook" səhifəsində "Pandemiya dövründə tədrisin təşkili" mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini desə də, bu gün bağçalar uşaq qəbul etməyib.

Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat veriblər. Övladı Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçasına gedən valideynlər bildiriblər ki, məktəbəqədər təhsil müəssisəsindən onlara uşağı bağçaya gətirməmək tövsiyə olunub. Valideyn Səmayə Gövhərova Sputnik Azərbaycan-a deyib ki, bağçadan onlara bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin işçiləri peyvənd olunur. Ona görə də bir neçə gün bağça bağlı olacaq: "Bizə dedilər ki, vaksin vurulur, bağça açılanda bütün valideynlərə xəbərdarlıq edəcəklər".

© Official website of President of Azerbaijan Republic

Digər bağçalarda övladı təlim-tərbiyə alan valideynlər də bağçalardan onlara bir neçə gün gözləməyin tövsiyə olunduğunu söylədilər.

Sputnik Azərbaycan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bu barədə mətbuata açıqlama veriləcəyini söyləyiblər.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin aprelin 5-dən bağlanması ilə bağlı qərar aprelin 2-də müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən verilib. Amma Təhsil nazirinin bağçaların fəaliyyətini davam etdirəcəyi barədə açıqlaması ictimaiyyətdə çaşqınlıq yaradıb. Ona görə də bu gün valideynlərin bir qismi uşaqlarını bağçaya aparıblar. Bu zaman məlum olub ki, uşaq bağçaları işləmir. Bəzi bağçaların rəhbərliyi isə uşaqları məktəbəqədər təhsil müəssisəsinə gətirməmək barədə valideynlərə məlumat verib.

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət bağçaları icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir.

Əsas mövzular