03:14 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
CƏMİYYƏT
Qısa URL
443 0 0

"40 manata PCR testi edən poliklinikaların çoxunun nəticələrini AZAL qəbul etmədiyi üçün vətəndaşlar özəl klinikalarda test etdirməyə məcbur olurlar".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) xaricə səfər edənlər üçün əksər dövlət xəstəxanalarının COVID-19 təyini ilə bağlı PCR testlərinin nəticələrini tanımır. Bununla bağlı jurnalist Rəsul Mirhəşimli sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, dövlət poliklinikalarında həmin test üçün məbləğ özəl klinikalardan 2 dəfəyə qədər ucuz olsa da, "Azərbaycan Hava Yolları" QSC yalnız məhdud çərçivədə dövlət poliklinikasının nəticələrini qəbul edir. Jurnalist qeyd edib ki, dövlət xəstəxanalarında PCR testinin qiyməti 40 manatdır. Özəl klinikalarda isə bu qiymət 70-110 manat arasında dəyişir. Onun sözlərinə görə, Sumqayıtda müraciət olunan özəl klinikaların bəziləri əvvəllər PCR testi etsələr də, sonradan onların səlahiyyətlərinin alındığını bildiriblər:

"Nəhayət Sumqayıtdakı Ailə Sağlamlıq Mərkəzinə getdim. Bir müddət əvvəl burada PCR testinin qiyməti 65 manat olub. Mənə isə qiymətin 95 manat olduğunu bildirdilər. Plan açıq-aşkar ortadadır. 40 manata PCR testi edən poliklinikaların çoxunun nəticələrini AZAL qəbul etmədiyi üçün vətəndaşlar özəl klinikalarda test etdirməyə məcbur olurlar. Nəhayət uzun axtarışdan sonra Tusi adına Klinikada 70 manat ödəyib, test verdik".

Sputnik Azərbaycan AZAL-a qarşı səsləndirilən bu ittihamları araşdırıb.

AZAL-dan Sputnik Azərbaycan-a bildirilib ki, COVID-19 pandemiyası dövründə reyslərin icrası zamanı sərnişinlər Azərbaycandan uçub getmək üçün mütləq qaydada TƏBİB-in akkreditə olunmuş laboratoriyalarında koronavirus infeksiyasına dair testdən keçməlidirlər: "Digər ölkələrdən Azərbaycana uçuş zamanı sərnişinlər COVID-19 koronavirusunun olmaması barədə arayış təqdim etməlidirlər (yalnız PCR testləri qəbul olunur). Koronavirus infeksiyasına dair testin mənfi nəticəsi barədə arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır. Eyni zamanda, testin nəticəsi müsbət olan sərnişinlər uçuşa buraxılmayacaqlar. İstanbul-Bakı istiqamətində endirimdən yararlanmaq istəyən tələbələrin nəzərinə - aviabiletlərin rəsmiləşdirilməsi fərdi qaydada həyata keçirilməlidir".

Qeyd edək ki, jurnalist onu da bildirib ki, Səbail rayonundakı 1 saylı poliklinika AZAL-ın xaricə səyahət üçün test edə bilən obyektlər siyahısında göstərilsə də, AZAL bu testlərdə QR kodu olmadığını əsas gətirərək nəticələri qəbul etmir.

AZAL-dan bildirdilər ki, arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir:

"QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir. COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar".

TƏBİB-dən isə bildirdilər ki, Bakı şəhəri üzrə COVID-19 üçün PCR testi aparan 45 laboratoriyanın 12-i TƏBİB-in balansındadır. Paytaxtda isə bu testi aparan tibb müəssisələrin çoxu Səhiyyə Nazirliyinə tabedir.

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı da bəlli olub ki, Səbail rayonundakı 1 saylı Şəhər poliklinikası xaricə səyahət üçün test edə bilən klinika və laboratoriyalar siyahısında öz əksini tapıb.

AZAL-ın saytında yer alan məlumatda qeyd olunur ki, "Azərbaycan Hava Yolları"nın xüsusi reysləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşmək üçün sərnişinlər Azərbaycanda yerləşən, adları aşağıda qeyd olunmuş klinika və laboratoriyalarda koronavirus (COVID-19) testindən keçə bilərlər. Siyahı isə aşağıdakı linkdə öz əksini tapıb (https://www.azal.az/az/information/covid-clinics). Bu tibb müəssisələrinin arasında Səbail rayonundakı 1 saylı Şəhər poliklinikası da var. Digər klinikaların isə mütləq əksəriyyəti özəldir. Səbail rayonundakı 1 saylı Şəhər poliklinikasından bildirdilər ki, onlar 40 manat ödəniş müqabilində test edirlər. O ki qaldı QR koda, poliklinikadan QR kodu olmadığını bildirdilər: "Əgər AZAL sizdən israrla QR kodu olan cavab istəyirsə, o zaman gedib özəl klinikada test verin".

AZAL-dan isə bir daha bildirdilər ki, QR kodun olması arzuolunandır, məcburi deyil...

Əsas mövzular