12:07 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
CƏMİYYƏT
Qısa URL
422 0 0

"Bu yaşayış massivinin bir hissəsi Binəqədi İcra Hakimiyyətinin, bir hissəsi isə Abşeron İcra Hakimiyyətinin ərazisi sayılır. Heç bir yerli icra orqanı yaşayış massivinin yollarını düzəltmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Bakıətrafı qəsəbələrdən birində altı ay əvvəl asfaltlanmış yol istifadəyə yararsız vəziyyətə düşüb. Bu barədə Sputnik Azərbaycan-a Abşeron rayonu, "Can Təpə" yaşayış massivinin sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, yaşayış massivində yollar bərbad vəziyyətdə olduğundan onlar bununla bağlı AbşeronRayon İcra Hakimiyyətinə müraciət ediblər. Dəfələrlə edilmiş müraciətdən sonra yaşayış massivinin əsas yolu asfaltlanıb. Amma yolun təmirindən altı at keçməmiş yolda dərin çalalar əmələ gəlib, asfalt örtüyü dağılıb.

Sputnik Azərbaycan sakinlərin problemlərini araşdırmaq üçün "Can Təpə" yaşayış massivində olub. Sakinlər yaşayış massivinin əsas yolunun asfaltlandığını bildirsələr də, yolda asfaltdan əsər-əlamət yox idi. 2000-ci ildən salınan yaşayış massivində yaşayanların çoxu məcburi köçkünlərdir. Sakinlər indiyədək yaşayış massivinin yollarına dəfələrlə daş, çınqıl tökdüklərini söyləyirlər. Onların sözlərinə görə, qış aylarında yaşayış massivinin yolları keçilməz olur.

© Sputnik / Zulfiyya Guluyeva
Can Təpə yaşayış massivi

Sakin Elşən Məmmədov bildirib ki, hava yağışlı olanda məktəblilər palçığa batırlar: "Ona görə də hamı məcbur olub uşağına taksi tutub. Yağış yağanda şagirdlər məktəbə çatana qədər üst-başları palçıq olur. Naəlac qalıb üç-dörd qonşu yığılıb taksi tuturuq ki, uşaq məktəbə gedib-gələ bilsin".

Sakinlərin bildirdiyinə görə, yolların bərbad vəziyyətdə olması səbəbindən yaşayış massivinə müasir avtobuslar da verilmir: "Siz bu yaşayış massivinə sərnişin daşıyan avtobusun vəziyyətini görsəniz dəhşətə gələrsiz. Avtobusun görünüşündən "cin hürkür". Avtobusun salonunda bir salamat oturacaq yoxdur. Döşəməsinin dəmiri çürüyüb, yayda toz, yışda palçıq salonun içindəki sərnişinlərin üstünü bulaşdırır. Yollar bərbad olduğundan, əraziyə müasir avtobuslar salınmır".

Gülnar Səfərova adlı sakin isə bildirir ki, yolların vəziyyəti onsuz da sınıq-salxaq olan avtobusların tez-tez xarab olması ilə nəticələnir: "İndi bu qədər sakini olan yaşayış massivinə cəmi 6 avtobus işləyir. Yerdə qalanları sürücülərin dediyinə görə xarab olduğundan qarajdadır".

© Sputnik / Zulfiyya Guluyeva
Can Təpə yaşayış massivi

142 saylı avtobusun sürücüləri də yolun vəziyyətindən şikayətçidir. Sürücülər bildirdilər ki, yollarda dərin çalalar olduğundan yaşayış massivinin içindən 7-ci Binəqədi şosesinə çıxmağa xeyli vaxt itirirlər: "Avtobusu bir az bərk sürsək gündə yolda qalarıq. Bu yollara görə hər gün avtobusların bir detalı qırılır. Bu yolda müasir avtobuslarla işləmək qeyri-mümkündür. Sərnişinlər avtobusların vəziyyətindən narazılıq edirlər. Amma biz də sərnişinlər qədər əziyyət çəkirik. Dəfələrlə marşrut sahibi yolu düzəltdirib. Bu yola 6 ay əvvəl asfalt tökdülər. Heç üç ay çəkmədi yol çökdü, asfalt dağıldı".

Sakinlər də bildirir ki, yolun əsaslı təmirə ehtiyacı var: "Prezident Bakıətrafı qəsəbələrin yollarının təmiri üçün vəsait ayırdı. Amma o puldan bizim yaşayış massivinə bir manat da pay çatmadı. Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. Bir dəfə icra başçısı burada yaşayanların problemləri ilə maraqlanmır. Ərazidə su axıb küçələrə tökülür, baxan yoxdur. Kanalizasiyadan tutmuş öz vəsaitimiz hesabına çəkmişik. Burada yaşayanların çoxu məcburi köçkünlərdir. Amma heç bir qurum onların problemləri ilə maraqlanmır".

© Sputnik / Zulfiyya Guluyeva
Can Təpə yaşayış massivi

Onlar deyir ki, yollar bərbad vəziyyətdə olduğundan, taksi də bu əraziyə sərnişinləri baha gətirir. 7-ci Binəqədi şosesindən "Can Təpə"ə taksi 5 manata gətirir. Hələ çox taksi sürücüsü "Can Təpə" adı çəkəndə müştərisi olmasa da geri çəkilir. Heç kəs öz avtomobilini bu əraziyə sürüb xarab olmasını istəmir".

Qeyd edək ki, yaşayış massivində minlərlə sakin yaşayır. Buna baxmayaraq indiyədək yaşayış massivinin yolu əsaslı təmir olunmayıb.

Sakinlər bildirir ki, son dəfə yaşayış massivinin avtobus hərəkət etdiyi əsas yoluna nazik asfalt qatı tökülüb: "Yolda bərkitmə işləri aparmadan nazik asfakt tökdülər. Həmin vaxt hər kəs narazılıq etdi ki, bu yolda bərkitmə işi aparmadan, alt qat möhkəmləndirilmədən asfalt salmaq mənasızdır. Amma yolu bildikləri kimi təmir etdilər. Nəticədə yol üç aya köçdü. 6 ay tamam olmamış asfalt dağıldı".

© Sputnik / Zulfiyya Guluyeva
Can Təpə yaşayış massivi

Abşeron Rayon İcra Hakimiyyətindən isə şikayətin araşdırılacağını bildirdilər.

Əsas mövzular