15:08 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
11 0 0

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, aktiv vərəm xəstəsi il ərzində 15 nəfəri yoluxdurmaq qabiliyyətinə malikdir. Bu səbəbdən bu şəxslərin azadlığa çıxmalarına 3 ay qalmış onlarla görüş keçirilir" - Pərvanə Vəliyeva.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. "İctimai Birlik olaraq 2011-ci ildən cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vərəmli xəstələrin sağlamlığını izləyirik. Həmin ildən bu günədək 800-dən çox vərəm xəstəsi azadlığa buraxılıb və vərəm əleyhinə müəssisələrdə onların müalicəsi davam etdirilib".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva 24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günü ilə bağlı Sputnik Azərbaycan-da keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirir ki, 2011-ci ilədək əksər hallarda məhkumlar azadlığa çıxdıqdan sonra müalicələrini davam etdirmirdilər:

"Bu şəxslər penitensiar müəssisələrdə, ixtisaslaşmış müalicə müəssisələrində vərəm müalicəsinə qoşulur, müalicə müddəti tamamlanmadan azadlığa buraxılırlar. 2011-ci ilədək həmin şəxslər azadlığa buraxılırdı, lakin bundan sonra müalicələrini davam etmirdilər. Bu zaman da dərmana davamlılıq yaranırdı. Belə olan halda həmin şəxslər bu xəstəliyi ətraflarına yayırdılar".

Vəliyeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, aktiv vərəm xəstəsi il ərzində 15 nəfəri yoluxdurmaq qabiliyyətinə malikdir. Bu səbəbdən də bu şəxslərin azadlığa çıxmalarına 3 ay qalmış onlarla görüş keçirilir. Bu görüşlər maarifləndirmə məqsədi daşıyır:

"Həmin şəxslərin əlaqə məlumatları toplanır və bizim təşkilatın məsul şəxsinə ötürülür. Azadlığa buraxılan kimi pentensiar xidmətdən bizə məlumat verilir, həmin şəxslə əlaqə saxlanılır. Onun yaşayış yeri üzrə dispanserdə qeydiyyatını müşahidə edirik".

O bildirir ki, hər ay bu xəstələrin dərmanları penitensiar müəssisələrin apteklərindən alınaraq həmin xəstələrin qeydiyyatda olduqları dispanserlərə çatdırılır və aylıq olaraq da onlarla görüşlər keçirilir.

"2018-ci ildə 30 nəfər dərmanlara həssas, 42 nəfər dərmanlara davamlı, 2019-cu ildə 24 nəfər dərmana həssas, 32 nəfər dərmana davamlı olub. 2020-ci ildə isə rəqəmlərdə bir qədər azalma müşahidə olunub", - Pərvanə Vəliyeva əlavə edib.

Onun sözlərinə görə, ötən il 16 nəfər dərmanalara həssas, 22 nəfər dərmanlara davamlı şəxs azadlığa buraxılıb:

"Ümumilikdə 2011-2020-ci illərdə 792 belə məhbus azadlığa buraxılıb ki, onların arasında 447-i dərmana həssas, 345 nəfər isə dərmana davamlı vərəm xəstəsi olub".

Qeyd edək ki bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür.

Əsas mövzular