QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İvanovkalı rus gənc: "Ermənilər qarşımızda tab gətirə bilmirdilər" - FOTO

© Sputnik / Rashad KeremogluSapunkov Oleq
Sapunkov Oleq - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
Oleq Sapunkov: "Döyüş yoldaşlarımla münasibətim çox yaxşı idi. Onlar mənim rus olduğumu biləndə təəccüblənmişdilər".

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Vətən müharibəsinin qəhrəmanları arasında İsmayıllı rayon İvanovka kənd sakinləri də var. Bu gün onlardan biri, 24 yaşlı Sapunkov Oleq İvanoviçlə həmsöhbət olduq. Müharibədən əvvəl İvanovkada kolxozda işləyən Oleq oktyabrın 5-də valideynləri ilə vidalaşıb, Vətənin müdafiəsi üçün cəbhəyə yola düşüb. İlk günlərdən Cəbrayıl və Qubadlı uğrunda döyüş əməliyyatlarına qatılıb.

"Müharibə başlayanda mən də hər kəs kimi döyüşə yollandım. Hansı millətdən olduğumun fərqi yox idi, çünki Vətən çağırırdı, getməli idik. Hərbi komissarlıqdan Ağcabədi istiqamətində yola salındıq. İlk beş günü orada olduq, mənimlə birlikdə iki mindən çox yoldaşım var idi. Ayın 10-u Cəbrayıl uğrunda döyüşlərə qoşulmaq üçün irəliyə getdik. Burada döyüş çətin keçdi, çox yaxın qardaşlarımızı itirdik", - Oleq Sputnik Azərbaycan-a danışır.

© Sputnik / Rashad KeremogluSapunkov Oleq
İvanovkalı rus gənc: Ermənilər qarşımızda tab gətirə bilmirdilər - FOTO - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Sapunkov Oleq

Çətin döyüş müddətində xalqımızın əsgərlərə dəstəyini əsirgəmədiyini söyləyən Oleq Cəbrayılı azad etdikdən sonra Qubadlı istiqamətindəki döyüşlərə qatıldığını deyir:

"Burada da bayrağımızı sancdıq. Müharibənin ən gözəl və qürurverici hissi də bu idi - azad olunan torpaqlarda bayrağımızı yüksəltmək.

Qubadlıdan sonra döyüş hündürlük, dağlıq ərazidə davam edirdi, ermənilərlə daha yaxın idik. Atəş səslərini yaxından eşidirdik, daha çox snayperlə atırdılar. Bizim isə pulemyotçu və minamyotçular atəş açırdılar. Ermənilər bizim koordinatı bildilər və az qalsın, bizi vuracaqdılar. Komandir daha da yaxınlaşmağımız üçün əmr verdi. Bu ərazi dağlıq olduğu üçün yol təpə və dərələrdən ibarət idi. Üstümüzdəki təpədə ermənilərin səngəri vardı. Hündürdən atəş açdıqları üçün atdıqları güllələr sanki yağış kimi üstümüzə yağırdı. Vəziyyət o qədər ağır idi ki, yanımdakı döyüş yoldaşım buradan sağ çıxa bilməyəcəyimizi deyirdi.

© Sputnik / Rashad KeremogluSapunkov Oleq
İvanovkalı rus gənc: Ermənilər qarşımızda tab gətirə bilmirdilər - FOTO - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Sapunkov Oleq

Ermənilərin səngərinə bir-bir maşınlar gəlirdi, hər birinin də içi adamla dolu idi. Biz cəmi 75 nəfər idik, onlar tərəfdə isə ən az 500 nəfər olardı. Qərargah rəisindən rabitəmizə əmr gəldi ki, dağın arxasıyla gedək. Biz dağın arxasına keçdik, hələ də onlar tərəfə maşınlar gəlirdi, amma içi boş idi. Biz kolon şəklində oturmuşduq, hər kəs birdən qalxıb eyni anda 10-15 atəş açırdı. Onlar da elə bilirdilər, bizim sayımız çoxdur".

"Döyüş yoldaşlarımla da münasibətim çox yaxşı idi. Onlar bilirdilər mən rusam, hətta təəccüblənmişdilər mənim də döyüşdə olmağıma. Çünki bizim hərbi hissədə tək rus mən idim. Ancaq mənim üçün fərqi yox idi haralı olduğum. İnsanları millətə görə ayırmaq düzgün deyil, həm pis, həm də yaxşı insan var. Üstəlik, mənim azərbaycanlı dostlarım çox idi, nəinki ruslar. Mənə bəziləri deyirdilər ki, "Niyə buradasan? Niyə gedib Rusiyada xidmət etmirsən?"
© Sputnik / Rashad Keremoglu
Sapunkov Oleq - Sputnik Azərbaycan
1/3
© Sputnik / Rashad Keremoglu
Sapunkov Oleq - Sputnik Azərbaycan
2/3
© Sputnik / Rashad Keremoglu
Sapunkov Oleq - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Cavab olaraq deyirdim ki, mən əslən rus olsam da, Azərbaycan vətəndaşıyam, burada doğulmuşam, burada yaşayıram, burada xidmətdə olmuşam, burada da döyüşürəm. Mən bu Vətəni sevirəm. Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak etmişəm. Ermənilər Azərbaycan əsgərinin şücaəti və igidliyi qarşısında tab gətirə bilmirdilər. Ona görə də silah-sursatı, texnikanı atıb qaçırdılar. Sonda biz qalib gəldik, düşmənə yerini göstərdik. Bu sevinci yaşadığımız üçün özümüzü xoşbəxt sanırıq", - deyə Oleq bildirir.

Xatırladaq ki, müharibə dövründə İvanovkadan 17 nəfər səfərbərlik xətti ilə ordu sıralarına qatılıb. Eyni zamanda, İvanovka kəndinin sakinləri arxa cəbhədə də orduya dəstək aksiyaları keçirib, ön cəbhəyə yardım göndərilməsində könüllü iştirak ediblər. Qeyd edək ki, Vətən müharibəsində İvanovka kəndindən bir nəfər - 28 yaşlı Etibar Şirinov şəhidlik zirvəsinə ucalıb.

Xəbər lenti
0