QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Dabanımın dərisini soydular" - 35 gün əsir olan qəhrəmanın əzabdan qurtuluş hekayəsi

© Sputnik / Nigar IskanderovaMobil Əhmədzadə
Mobil Əhmədzadə - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
"O qədər ağrı, işgəncələr olmuşdu ki, qəlpə yarasından topuğumun bir hissəsinin olmamasını belə hiss etməmişəm. Əllərimə, barmaqlarıma kəlbətinlə sıxırdılar" - Mobil Əhmədzadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 mart - Sputnik. Bəşər tarixinin ən amansız üzüdür müharibə. Neçə-neçə ananın göz yaşı, körpələrin gözündə donan gülüşdür müharibə, həm də nə qədər qadının acı taleyidir müharibə. Qırışlanan simalar, ağaran saçlar, bükülən bellər, sönən çıraqlardır müharibə. Ondan daha dəhşətli nəsə ola bilərmi?! Əsirlik həyatı isə müharibənin ən ağır üzüdür. Çox zaman əsgərlər hər zaman üzərlərində son güllə saxlayırlar ki, əsir düşmə ehtimalları olduqları anda özləri həyatlarına qəsd etsinlər.

Sputnik Azərbaycan-ın budəfəki qəhrəmanı 35 gün əsirlik həyatı yaşayan, Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz Mobil Əhmədzadədir.

© Sputnik / Nigar IskanderovaMobil Əhmədzadə
Dabanımın dərisini soydular - 35 gün əsir olan qəhrəmanın əzabdan qurtuluş hekayəsi - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Mobil Əhmədzadə

1999-cu ildə Bakıda anadan M.Əhmədzadə 14 yaşından hərbdədir. O Naxçıvanski adına hərbi liseyi bitirib. 2020-ci ilin sentyabrında isə II Qarabağ Müharibəsinə yollanmaq üçün Heydər Əliyev adına Ali hərbi Məktəbdə təhsilini yarımçıq qoyaraq döyüşlərə qatılır. Şuşa döyüşlərində ermənilərlə üz-üzə vuruşan qəhrəmanımız noyabrın 8-də, səhər saatlarında Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə tankdan atılan mərmilərdən ağır yaralanaraq daha sonra əsir düşür. Onunla Şuşa-Xankəndi istiqamətində iştirak etdiyi döyüşlərdən, əsirlik həyatından danışdıq.

Şuşanın alındığı gün ağır yaralanan M.Əhmədzadə Şuşanın işğaldan azad olunmasından xəbərsiz olub: "Şuşa-Xankəndi döyüşlərində düşmənlə üz-üzə vuruşurduq. Noyabrın 8-də mayor Ələkbərov Fəridlə birgə yola çıxdıq. Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə açılan atəş, tankın mərmisi bütün bədənimə doldu. Nəticədə döyüş yoldaşım dünyasını dəyişdi, mən isə ağır yaralandım. Qolumdan qəlpə yarası aldım. Yaram ağır idi, burnumdan da qan gəlirdi deyə, huşumu itirib yıxıldım. Beş gün bu vəziyyətdə oldum, demək olar ki, gündə iki dəfə qısa müddətlik gözümü açıb bağlayırdım. Beləcə 5 gün ac-susuz meşədə qaldım. Qan itkim hər gün daha da çox olurdu. Sonradan isə düşmən tərəfindən əsir götürüldüm".

"Onların məni necə əsir kimi götürmələrindən xəbərim yox idi. İlk dəfə ayılanda təcili tibbi yardımın avtomobilində idim. Harada olduğumu, hara getdiyimi bilmirdim, halsızlıqdan bədənimi tərpədə bilmirdim. Başımı sağa çevirib "su" deyəndə başımdan vurdular. Onda artıq harada olduğumu anladım. Bundan sonra özümdən getdim. Bir də gözümü açanda nəzarətçinin dəyişdiyini görüb bu dəfə rusca "su" dedim. Suyu içib özümdən getdim. Bir də ayıldım ki, artıq İrəvandayam. Onlar pəncərəni açaraq mənə dedilər ki, bax bura İrəvandır. Ayaqlarım amputasiya olunmuşdu, əllərim isə bağlanmışdı. Erməni həkim və hərbçilər başımın üzərində dayanmışdı. Orada çox işgəncələrə məruz qaldım. Spirti şprislə ayağıma, barmaqlarıma vururdular", - deyə həmsöhbətimiz əlavə edir.

© Sputnik / Nigar IskanderovaMobil Əhmədzadənin yaxınları
Dabanımın dərisini soydular - 35 gün əsir olan qəhrəmanın əzabdan qurtuluş hekayəsi - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Mobil Əhmədzadənin yaxınları

Artıq buna görə ayaqlarında hissiyat ölübmüş: "O qədər ağrı, işgəncələr olmuşdu ki, qəlpə yarasından topuğumun bir hissəsinin olmamasını belə hiss etməmişəm. Əllərimi, barmaqlarımi kəlbətinlə sıxırdılar. İndi də bu izlər mənim barmaqlarımda qalır. Barmaqlarımın, dabanımın belə dərisini soymuşdular. Onların kəlbətin kimi alətləri vardı, ucları isə çox iti olurdu, onunla üzümüzü, burnumuzu, qulağımızı sıxır, bizi döyürdülər. Həbsxanada isə dəyənəklə vururdular. Sinəmin sol tərəfi istisna olamqla demək olar ki, hər yerim qəlpədir".

 "Ən çətini reanimasiya günləri idi. Halsız idim, əllərim bağlı vəziyyətdə idi. Həm həkimlər, həm də hərbçilər mənə işgəncə verirdilər. İşgəncələrinə heç bir reaksiya vermirdim, nə qışqırırdım, nə bir şey edirdim. Reanimasiyada qaldığım 4 gündə mənə yemək də vermədilər. Artıq bu vəziyyətimlə barışmışdım. Onların düşməni idim, əllərinə düşmüşdüm, bilirdim ki, mənə istədiklərini edə bilərlər. Hər şeyi axarına buraxmışdım ki, nə olursa olsun", - deyə o əlavə edir.

4 gün reanimasiyada yatdıqdan sonra onu əsirlər üçün nəzərdə tutulan həbsxanaya yerləşdirirlər: "Məni digər əsirlərlə bir kameraya salmadılar. Buna baxmayaraq bəzi hallarda kameralar dəyişiləndə bir-birimizi görürdük. Bir gün gəlib məni kameradan çıxardılar, başqa kameraya köçürdülər. Bir müddət sonra kameraya geri qayıtdım. Məni Vəliəhəd (Vəliəhəd Vəliyev - red.) və Bayram (Bayram Kərimov - red.) olan kameraya saldılar. Nəzarətçinin başı qarışıq olduğundan pıçıltı ilə soruşdum ki, kimsə gəlmişdi? Bayram dedi ki, Qırmızı Xaç Komitəsindən gəlmişdilər. Bundan sonra içimə bir qorxu düşdü. Çünki onlar gəlib məni əsir kimi qeydə ala bilməmişdilər. Onlar kimi ki, əsir olaraq qeydə alırdılar, həmin şəxslərin ölüm təhlükəsi sovuşurdu. Fikirləşdim ki, zabit olduğum üçün yəqin ki, mənimlə bağlı başqa planları var, ona görə də məni gizlədiblər. Qırmızı Xaç Komitəsinin nümayəndələri iki gün sonra yenə də gəldilər. Sən kimsən, deyə soruşduqda, dedim ki, əsirəm".

© Sputnik / Nigar IskanderovaMobil Əhmədzadə
Dabanımın dərisini soydular - 35 gün əsir olan qəhrəmanın əzabdan qurtuluş hekayəsi - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Mobil Əhmədzadə

"İki gün öncə məni görmədikləri üçün təəccüblənmişdilər, mən isə onlara deyə bilmirdim ki, ermənilər məni gizlətmişdilər. Çünki onların həqiqətən də mənim hüquqlarımı müdafiə edib-etməyəcəyini bilmirdim. Adımı qeydə aldılar, soruşdular ki, "ailənə məktub yazmaq istəyirsən?". Sadəcə öncədən də bildirdilər ki bu məktub senzuradan keçməli olacaq. Ona görə də mənə işgəncə verirlər, vururlar əvəzinə hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm, yazdım. Məktubda artıq Qarabağ qazisi olduğumu da vurğuladım. Məktub bir gün sonra, dekabrın 8-də artıq Azərbaycana çatmışdı", - deyə o əlavə edir.

Oğlundan xəbər olmadığı üçün anasına Mobilin sağ-salamat olduğu, sadəcə Şuşada dağda olduğu üçün danışmaq imkanının olmadığı deyilibmiş: "Artıq dekabrın 8-i məktubu əldə etdikdən sonra atam, qohum-əqrəbalaırm yaşadığımı öyrəndi. Ona qədər, yəni noyabrın 8-dən dekabrın 8-dək heç bir xəbər olmadığına görə məni şəhid bildikləri üçün morq-morq gəzib axtarırdılar. Tanınmayan meyitlərə görə onlardan DNT analizləri götürülürdü. Bir xəbər-ətər olmaığı üçün artıq evdə yas məclisinə hazırlıq işləri də görülmüşdü. Dekabrın 14-də telefonu verdilər ki, ailənə zəng et, de ki, artıq Bakıdayam. Dəstəyi anam götürdü. O elə bildi ki, danışan qardaşımdır. Qardaşım əsgərlikdədir, sonradan anam bildi ki, mənimlə danışır və ağlamağa başladı".

© Sputnik / Nigar IskanderovaMobil Əhmədzadənin mükafatları
Dabanımın dərisini soydular - 35 gün əsir olan qəhrəmanın əzabdan qurtuluş hekayəsi - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Mobil Əhmədzadənin mükafatları

 Əsirlik həyatı yaşadığı üçün Mobil Əhmədzadə artıq müharibəni dəhşətli bir şey kimi xatırlamır: "Dəhşətli olan əsirlik həyatı idi. Düşünürdün ki, indi öldürəcəklər, bu dəqiqə öldürəcəklər. Lakin bir müdətdən sonra məni öldürmədiklərini görüb başa düdüm ki, burada nəsə bir siyasət var. Düşündüm ki, yəqin neçə ildən sonra "humansitlik"lərini sərgiləmək üçün məni sağ qaytaracaqlar. Əsirlik həyatı yaşadığım üçün yaralanmaq, döyüşlər, döyüşlərin çətinliyi, dağda-meşədə döyüşməyim mənə adi gəlir artıq. Müharibə vaxtı da müəyyən qorxu hissi olurdu, mərmi düşürdü, hər an ölə bilərdin. Lakin bu qorxu hissinə qalib gəlmək üçün mütləq irəli getməli idik, biz də bunu edirdik. Qarış-qarış torpaqlarımızı geri almağımız şəhid və yaralılarımızın olmasına baxmayaraq bizdə əhval-ruhiyyəni qaldırırdı. Şəhidlərimizin qisasını aldığımız üçün çox sevinirdik".

35 gün əsirlik həyatı yaşayan həmsöhbətimiz bu günlərdə informasiya blokadasında olub. Azərbaycanın qələbəsindən də xəbərsiz olub. Müharibənin bitib-bitməmsindən də xəbərsiz olub. Dekabrın 14-də isə gözləri bağlı şəkildə digər əsirlərlə birgə həbsxanadan çıxarılıb, lakin onlara hara aparıldıqları ilə bağlı heç bir məlumat verilməyib: "Təyyarəyə minəndə düşündüm ki, bizi ya Rusiyaya, ya da İrana aparacaqlar. Azərbaycana çatdığımızdan xəbərsiz idik, təyyarədən düşürmək üçün minənlərdən harada olduğumuzu soruşduq. Düzü, onlar maskalı idi deyə tam simalarındakı mimikanı görə bilməsəm də, gözlərindən böyük sevinc oxuyurdum. Onlar "vətəndəsiniz" deyib bizi salamladılar. Təyyarədən düşüb təcili tibbi yardım maşına mindik. Onda, dekabrın 14-də bildik ki, qələbə qazanmışıq. Artıq pəncərəni açıb Bakının, vətənin qoxusunu ciyərimə çəkdim. Karantin müddəti başa çatdıqdan sonra, dekabrın 30-da evə gəldim".

© Sputnik / Nigar IskanderovaMobil Əhmədzadə
Dabanımın dərisini soydular - 35 gün əsir olan qəhrəmanın əzabdan qurtuluş hekayəsi - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Mobil Əhmədzadə

Mobil Əhmədzadə deyir ki, 7 ildir ki, hərbi təhsil aldığı üçün müharibəyə getməklə bağlı qərarı ailəsi tərəfindən elə də qeyri-adi qarşılanmayıb: "Onlar əvvəldən də bilirdilər ki, nə zamansa müharibə olsa, mən döyüşlərə qatılacam. Ailəmə demişdim ki, 1992-ci ildəki müharibəyə hərbi təhsil alan 4-cü kurs tələbələrini də aparmışdılar. Ona görə müharibə başlayan ərəfədə komandir heyətinə yaxınlaşaraq könüllü şəkildə döyüşlərə qatılmaq istədiyimi dedim. Ordudan tərxis olunsam da, meydanda sözümü dedim. Xidmətə başlamadan adımı yazdıra bildim. Hazırda mən ali hərbi məktəbin yeganə yaralanmış qazisiyəm. Eyni zamanda da əsrilikdən qayıdan yeganə zabitəm".

O yenidən hərbiyə qayıtmaq istəyir: "Sadəcə olaraq artıq şəxsi heyətlə işləyə bilməyəcəyəm, müəyyən oturaq işdə çalışmağı düşünürəm".

© Sputnik / Nigar IskanderovaMobil Əhmədzadə yaxınları ilə
Dabanımın dərisini soydular - 35 gün əsir olan qəhrəmanın əzabdan qurtuluş hekayəsi - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Mobil Əhmədzadə yaxınları ilə

Əsirlik həyatı yaşasa da, o heç bir psixoloji travmasının olmadığını deyir. Mobil Əhmədzadənin sağ qolunda, sol ayağında, sağ tərəfində qəlpə var, bir ayağı amputasiya olunub. Bədənində isə iki qəlpə var. Sol ayağının dabanında isə hissiyat yoxdur, istini, soyuğu, ayağının altındakı materiallılığı belə hiss etmir. O müharibə üçün məhdud yararlı hesab edilir.

Xəbər lenti
0