12:07 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
CƏMİYYƏT
Qısa URL
89120

"Bizim rayonlar arasında məsafənin çox olmasına baxmayaraq mənim Ceyran xanıma evlilik təklifimi ailəm çox xoş qarşıladı".

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. "Astaranın ucqar Sım kəndində anadan olmuşam. 2016-cı il Aprel döyüşlərində iştirak etmişəm. Hərbi xidməti bitirdikdən sonra isə bir müddət Bakıda daş karxanasında işlədim". Bunları Sputnik Azərbaycana Vətən Müharibəsi zamanı Füzulidən Şuşanın Daşaltı kəndinə qədər döyüş yolu keçən Astaranın Sım kənd sakini Yusif Ramiz oğlu Cabirzadə danışır. Qazi Yusif yaralandıqdan sonra öz sevgisini tapıb. Cabirzadə 2020-ci ilin Tovuz döyüşləri zamanı döyüşlərdə könüllü iştirak etmək üçün onlayn qeydiyyatdan keçib:

© Photo : From personal archives Yusif Dzhabirzade
Vətən müharibəsi iştirakçısı Yusif Cabirzadə hərbçi yoldaşları ilə

"Həmin vaxt məni döyüşə aparmadılar, amma 21 sentyabr 2020-ci ildə isə təlimlərə getdik. 27 sentyabr tarixindən isə N saylı hərbi hissənin kəşfiyyat bölüyünün tərkibində Füzuli rayonu ərazisindən Vətən müharibəsində döyüşlərə qoşuldum. Döyüşlərin ilk günündən 2020-ci ilin noyabrın 1-dək müharibədə iştirak etmişəm. Füzuli və Xocavənd rayonlarının azad olunmasında iştirak etmişəm. Xocavənd uğrunda döyüşlər gedə-gedə bizi ayırdılar və Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşmək əmr olundu. Daşaltı kəndində gecə saat 01:00 radələrində avtomobildə düşmən üzərinə hərəkət edərkən mənfur düşmən bizi minaatanlardan atəş açdı. Nəticədə bizim maşın vuruldu və aşdı. Allaha şükür, orada şəhidimiz olmadı, amma avtomobilin içərisində mənimlə bərabər 9 nəfər yaralandıq. Ayağımdan qəlpə yarası aldım, sağ əlim isə maşının dəmirləri arasında qalıb bərk əzildi. Həmin gün dərhal məni Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə etdilər, oradan da Ağsu Rayonu Mərkəzi Xəstəxanasına gətirdilər. Ağsuda bir dəfə əməliyyat olunandan sonra noyabrın 16-da məni Gəncə Mərkəzi Kliniki Xəstəxanasına gətirdilər. Gəncə Mərkəzi Kliniki Xəstəxanasında həkimlər, tibb bacıları və demək olar bütün personal bizim qulluğumuzda canla-başla dururdular. 20 noyabr tarixində isə xəstəxanada tibb bacısı işləyən Ceyran adlı xanımla tanış oldum. Dekabrın 26-a kimi mən həmin xəstəxanada müalicədə oldum. Bu müddət ərzində onun mənə qarşı daha çox diqqət etdiyini gördükdə, mənim də ona qarşı diqqətim artdı və sonra ona qarşı sevgim başladı".

© Photo : From personal archives Yusif Dzhabirzade
Vətən müharibəsi iştirakçısı Yusif Cabirzadə qazi yoldaşları ilə

Qazimiz bir gün palata yoldaşı əməliyyat olunan zaman palatada tək olub: "Həmin vaxt dediyim tibb bacısı bizim palataya gəldi. Mən ona olan sevgimi etiraf edib evlilik təklifini etdim. Birinci "hə" cavabını vermədi, "yox" da demədi. İki gün keçəndən sonra ona qarşı olan sevgimi və onunla ailə qurmaq istədiyimi bildirdikdən sonra Ceyran xanım mənə "hə" cavabını verdi. Xəstəxanada müalicə olduğum vaxt mənim həmin qızı sevdiyimi ikimizdən başqa kimsə bilmirdi. Amma biz nişanlandıqdan sonra hamı xəbər tutdu. Mənimlə bir palatada qalan uşaqlar, xəstəxananın həkimləri və tibb bacıları mənə zəng edib təbrik etdilər. Bu xəbəri eşidən əsgərlik yoldaşlarım, iş və döyüş yoldaşlarım indi də mənə zəng edib xeyir-dualarını bildirirlər".

Qazi Yusifin valideynləri isə oğullarının onlardan xəbərsiz,uzaq rayondan olan bir qıza evlilik təklifinə xoş baxıblar: "Bizim rayonlar arasında məsafənin çox olmasına baxmayaraq mənim evə demədən Ceyran xanıma evlilik təklifimi ailəm çox xoş qarşıladı. Valideynlərim bu xəbəri eşidəndən sonra hətta bizim tez zamanda nişanlanmağımızı istədilər və 7 mart tarixində biz Yevlaxda nişanlandıq".

© Photo : From personal archives Yusif Dzhabirzade
Vətən müharibəsi iştirakçısı Yusif Cabirzadə nişanlısı ilə

Qazimiz öz sevgisini tapsa da, yaralanmağına sevinməyib: "Mən yaralanan zaman azad olunmamış ərazilər qalmışdı. Mən axıra qədər getməli idim, çünki Kəlbəcəri işğaldan azad etmək uşaqlıq arzum idi".

Məlumat üçün bildirək ki, Yusif Cabirzadə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülüb. Əlavə edək ki, qazimiz ailə qurduqdan sonra bir müddət doğma kəndində, daha sonra isə Bakıda yaşayıb iş qurmağı planlaşdırır.

Əsas mövzular