17:27 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0219
  • EUR2.0214
CƏMİYYƏT
Qısa URL
23 0 0

Sahibə Qafarova qeyd edib ki, parlamentin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanda siyasi dialoqun, siyasi islahatların dərinləşməsinə və uğurlu nəticələrlə müşayiət olunmasına dəstək və töhfə verməkdən ibarətdir.

BAKI, 10 mart — Sputnik. Martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, videokonfrans formatında keçirilən tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri, Milli Məclisin 80-dək deputatı iştirak edib.

Spiker Sahibə Qafarova bildirib ki, ölkəmizdə siyasi islahatların çox mühüm istiqamətlərindən birini siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi təşkil edir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşıb. 

Milli Məclisin sədri xatırladıb ki, tariximizin ən parlaq səhifələrindən birini təşkil edən Vətən müharibəsi dövründə vahid mövqe nümayiş etdirən 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edərək Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu hər kəsə göstərib. Prezident İlham Əliyev də martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində ölkəmizdə aparılan siyasi dialoqu təqdir edərək, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyətini qeyd edib.

MM sədri qeyd edib ki, parlamentin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanda siyasi dialoqun, siyasi islahatların dərinləşməsinə və uğurlu nəticələrlə müşayiət olunmasına dəstək və töhfə verməkdən ibarətdir. Ötən bir ildə Milli Məclis Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması üçün görülən işlərin parlament səviyyəsində dəstəklənməsi istiqamətində lazımi addımlar atıb. Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunub, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi işində Milli Məclis daha fəal rol oynamağa başlayıb. Milli Məclisdə 9 siyasi partiyanın nümayəndələri mandat qazanıblar. Ötən ilin sonlarında daha iki partiyanın dövlət qeydiyyatına alınması ilə bu say 11-ə yüksəlib. Bu qədər partiyanın parlamentdə təmsil olunması və müxalif partiyalardan olan deputatların parlamentdə mühüm vəzifələrə seçilməsi Azərbaycanın demokratik inkişafı baxımından böyük önəm kəsb edir. Milli Məclis əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirməklə siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsinə, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına töhfə verir.

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, 2020-ci ilin əvvəllərindən etibarən siyasi islahatların yeni mərhələyə qədəm qoyduğunu, sağlam rəqabətə söykənən siyasi dialoqun formalaşdığını, siyasi partiyalarla fərdi, eləcə də birgə görüşlər təşkil edildiyini, 9 illik fasilədən sonra 7 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, qərargahı olmayan siyasi partiyalar üçün müvafiq yerlər ayrıldığını, habelə aidiyyəti istiqamətdə görülmüş işlər nəticəsində 25 siyasi partiyanın qurultay keçirdiyini diqqətə çatdırıb. 

Ə.Vəliyev Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin qurulmasından danışaraq, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkildiyini, hörmət əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşdığını, təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühiti, sağlam əməkdaşlığın meydana gəldiyini bildirib. O, həmçinin Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, əməkdaşlığın qurulması üçün üçüncü tərəfin – hansısa xarici dairələrin vasitəçilik etməsinə ehtiyac olmadığının isbat olunduğunu, siyasi dialoqdan boyun qaçıran bəzi siyasi qüvvələrin siyasi mübarizə adı altında əslində hansı dairələrin çirkin maraqlarına xidmət etməsinin özünü daha aydın şəkildə büruzə verdiyini, ölkədə uzun illərdən sonra ilk dəfə olaraq siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yarandığını qeyd edib. Şöbə müdiri Vətən müharibəsi dövründə ölkədəki, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın həyata keçirdiyi siyasəti dəstəkləyən və milli birliyə səsləyən birgə bəyanatlarının, habelə beynəlxalq qurumlara birgə müraciətlərinin mütərəqqi önəmini xatırladıb.

Müzakirələrdə çıxış edənlər qeyd ediblər ki, son dövrlərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi islahatların dərinləşməsi, siyasi dialoqun gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələr verir. Bildirilib ki, Azərbaycanda ciddi və möhkəm əsaslara malik olan siyasi dialoq mühiti mövcuddur və bu da yeni siyasi konfiqurasiyada ölkəmizdə siyasi institutların fəaliyyətinə geniş imkanlar yaradır. Qeyd olunub ki, ümummilli məsələlərdə həmrəylik, yüksək siyasi davranış mədəniyyətinin mövcud olması Azərbaycanda bütövlükdə siyasi sistemin, demokratik prinsiplərin daha da inkişaf etməsinə töhfə verir. Həmçinin Azərbaycanda siyasi dialoq mühitinin dərinləşdirilməsi, siyasi islahatların daha da genişləndirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Əsas mövzular