CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gəlirimiz azalsa da qiyməti endirmişik". Qəbələdə qış turizm mərkəzindən REPORTAJ

© Sputnik / Zulfiyya GuluyevaTufandağ qar yağandan sonra
Tufandağ qar yağandan sonra - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
Sərt karantinin acısını təbiətin ecazkar gözəlliyilə baş-başa qalmaqla çıxarmaq istəyənlərin üz tutacağı məkanlardan biri Qəbələdir. Sputnik Azərbaycan qış turizm mərkəzinə baş çəkərək oxucuları üçün durumu öyrənib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Koronavirus pandemiyası dövründə tətbiq edilən sərtləşdirilmiş karantin rejimi insanların bölgələrdə istirahət etmək imkanını məhdudlaşdırsa da, rayonlara gediş-gəlişin bərpası dincəlmək istəyənlərə yeni fürsət yaradıb. Bu fəsildə istirahət üçün ən əlverişli məkanlar qış turizminin inkişaf etdiyi bölgələr olduğundan, biz də yolumuzu turizm şəhərinə çevrilən Qəbələdən saldıq. Məqsədimiz pandemiya dövründə qış turizmində hansı qaydaların tətbiq edildiyini, hotellərdə pandemiya şərtlərinə necə əməl olunduğunu yerindəcə müşahidə etmək idi.

Qeyd edək ki, Qəbələyə səfərimiz vaxtı havanın soyuması, güclü qarın yağması bu bölgəyə üz tutan insanlara istirahət üçün əsl fürsət yaratmışdı.

İlk dayanacağımız olan "Qafqaz Sport Hotel" həmin gün qonaqlı-qaralı idi. Hotelin girişində temperaturumuzu yoxlayandan sonra bütün qonaqlar kimi bizə də pandemiya qaydaları izah edildi. Bildirildi ki, hotelin ərazisində tibbi maskadan istifadə etmək mütləqdir. Günün istənilən saatında polis əməkdaşları hoteldə pandemiya qaydalarına necə əməl olunduğunu yoxlamaq məqsədilə baxış keçirə bilərlər. Bizə məlumat verildi ki, hoteldə dezinfeksiya məhlullarından istifadə olunmalı, restoranda isə ara məsafəsi saxlanılmalıdır.

© Sputnik / Zulfiyya GuluyevaQəbələdə "Qafqaz Sport Hotel"i
Gəlirimiz azalsa da qiyməti endirmişik. Qəbələdə qış turizm mərkəzindən REPORTAJ - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Qəbələdə "Qafqaz Sport Hotel"i

Beləliklə, hotelə daxil olduq. İçəridə hotel əməkdaşları tibbi maskadan düzgün istifadə etməyən qonaqlara yaxınlaşaraq nəzakətlə maska ilə bağlı təlimatları təkrar izah edir, qaydalara əməl olunması xahiş edirdilər. Hotelin qeydiyyat bölməsindəki əməkdaşlar bildirdilər ki, uzun müddətdən sonra bölgələrə gediş-gəlişin bərpası onları da sevindirib. İndi onlar üçün ən önəmli məsələ hotelə gələn qonaqların istirahətdən sonra sağ-salamat öz evlərinə qayıtmasıdır. Burada qonaqlara məlumat verilirdi ki, xidmətlərdən istifadə zamanı sıxlıq yaranmaması üçün onlara səhər yeməyi istisna olmaqla, vaxt məhdudiyyəti tətbiq edilmir. Restorana qonaqların xüsusilə səhər saatlarında hissə-hissə buraxılması da diqqətimizdən yayınmadı. Müştərilərin qida məhsullarına toxunmamaları üçün açıq bufet xidmətində belə özünəxidmət yox idi, yəni hər hansı yeməyi almaq üçün hotel əməkdaşına müraciət etmək lazım gəlirdi.

Cəbrail rayonunda - Sputnik Azərbaycan, 1920, 04.01.2021
QARABAĞ
"İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını gözlənilir"

Bizə məlumat verildi ki, əvvəllər səhər yeməyi açıq bufet şəraitində təşkil olunsa da, pandemiya dövründə virusa yoluxmanın qarşısını almaq üçün müştərilərin qida məhsullarına toxunmasına icazə verilmir. Soyuq və isti qəlyanaltılar müştərilərin seçiminə əsasən, hotelin ofisiantları tərəfindən təqdim edilir.

Pandemiya dövrü olsa belə, müştəri məmnuniyyətinin önəmli olduğunu söyləyən Qafqaz Sport Hotelin baş meneceri Elsəvər Məmmədovla elə iş başında söhbətləşdik. O özü də hotelin xidmət bölməsində çalışan əməkdaşlara qoşularaq qonaqlara hər sahədə kömək etməyə çalışırdı.

E.Məmmədov bildirir ki, hazırda tutduğu vəzifədən asılı olmayaraq, burada çalışan hər kəsin əsas məqsədi müştəri məmnuniyyətini təmin etmək və qonaqların virusa yoluxma riskinin qarşısını almaqdır: "Karantin şərtləri yumşaldıldıqdan sonra bizim fəaliyyətimiz də tədricən dirçəlməyə başlayıb. Amma çalışırıq ki, gələn qonaqlar bizdən razı getməklə yanaşı, həm də evlərinə sağlam qayıtsınlar. Buna görə də əlimizdən gələni edirik. Çünki xidmətdən razı gedən hər qonaq bizə yeni müştəri gətirir. Gələn qonaqlarımıza da pandemiya qaydaları izah olunur, qonaqlar hoteli tərk edəndən sonra otaqlar dezinfeksiya edilir. Hoteldə istifadə olunan bütün qablar xüsusi məhlullarla suda yuyulur, işçilər tibbi maska və əlcəkdən istifadə edirlər".

© Sputnik / Zulfiyya Guluyeva"Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində xizək sürən insanlar
Gəlirimiz azalsa da qiyməti endirmişik. Qəbələdə qış turizm mərkəzindən REPORTAJ - Sputnik Azərbaycan, 1920, 22.02.2021
"Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində xizək sürən insanlar

Hoteldə istirahət edən qonaqların çoxunun Qəbələyə gəliş məqsədi qış turizm mərkəzi olan Tufandağa üz tutmaqdır. Odur ki, biz də birbaş "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinə yollanırıq.

Burada da girişdə qonaqların temperaturu yoxlanılır, tibbi maska ilə bağlı tələb onların diqqətinə çatdırılır. Turizm mərkəzində səhər saatlarında qonaq sayı az olsa da, günortaya doğru artım müşahidə olunur. Gələn qonaqların çoxunun xizək sürməyə maraq göstərdiyindən elektron növbə sistemi tətbiq olunur.

"Qəbələ Hospitality Group"un baş icraçı direktoru Şəbnəm Fərman Sputnik Azərbaycan-a bildirir ki, onların balansına Qəbələdə yerləşən 6 hotel daxildir:

© Photo : Courtesy of Shabnam Farman"Qəbələ Hospitality Group"un baş icraçı direktoru Şəbnəm Fərman
Gəlirimiz azalsa da qiyməti endirmişik. Qəbələdə qış turizm mərkəzindən REPORTAJ - Sputnik Azərbaycan, 1920, 22.02.2021
"Qəbələ Hospitality Group"un baş icraçı direktoru Şəbnəm Fərman
"Ərazidə dörd kanat xətti var. Ümumilikdə 7 kilometrə qədər xizək yolları fəaliyyət göstərir. Bu il uşaqların marağını nəzərə alaraq yeni kirşə sahəsi də yaradılıb. Burada xizəkdən əlavə, kirşə, dağ maşınları və Azərbaycanda yeganə gecə xizəyi xidməti şənbə günləri turistlərin istifadəsinə verilir. Bundan başqa, hoteldə qalanlarla buraya xizək sürməyə gələnlərin istifadə etdikləri girişlər bir-birindən ayrılıb. Eyni zamanda, kompleksə giriş ancaq qeydiyyat yolu ilə mümkündür. Qeydiyyatı olmayan qonaqlar isə, sıxlıq varsa, gözləyirlər, yer boşaldıqca onları da qeydiyyata alırıq".

Həmsöhbətimiz bildirdi ki, 2020-ci ildə heç bir qazanc əldə etməyiblər. Bununla belə, Ş.Fərman heç bir işçinin ixtisar edilmədiyini, mövsümdən asılı olaraq işçi sayının 850-1000 arasında dəyişdiyini söylədi. İcraçı direktor bildirir ki, qiymətlərdə dövrdən asılı olaraq 40-60 faiz endirim var: "Tufandağ hoteldə otaqların qiymətləri ötən il bu mövsümdə 185 manatdan başladığı halda, bu il 120-150 manata enib. Qonaqların sağlamlığını qorumaq üçün məhdudiyyətlərin qoyulması gəlirimizi 50 faiz azaldıb. Yəni pandemiya dövründə gəlirimizə təsir etsə belə, qonaq sayını azaltmışıq".

"Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində kanat yolu
Gəlirimiz azalsa da qiyməti endirmişik. Qəbələdə qış turizm mərkəzindən REPORTAJ - Sputnik Azərbaycan, 1920, 22.02.2021
"Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində kanat yolu

O ki qaldı kanat və xizək xətlərində təhlükəsizliyə, Ş.Fərman bildirir ki, müqaviləyə əsasən, istehsalçı şirkət kanat xətlərində təhlükəsizliyi yoxlayır: "Mən özüm hər səhər xizək xətlərini monitorinq edirəm".

Sözsüz ki, qış turizmindən istifadə etmək istəyənləri ən çox maraqlandıran məsələ xizək biletlərinin və kanat xəttindən istifadənin qiymətidir. Burada bizə məlumat verildi ki, "Ski-pass" (xizək bileti) böyüklər üçün həftəiçi yarım gün 16, həftəsonu 20 manatdır. Uşaqlar üçün isə bu qiymət 10-15 manat arasında dəyişir. Birgünlük xizək biletinin böyüklər üçün qiyməti həftəiçi 20, həftəsonu 25 manat təşkil edir. Uşaqlar üçün isə birgünlük xizək bileti həftəiçi 15, həftəsonu 20 manatdır.

Xizək və xizək çubuğunun kirayəsi yeni başlayanlar üçün 15, orta və təcrübəli xizəksürənlər üçün 20 manatdır. Xizək ayaqqabısı 10-15, dəbilqə 5, gödəkcə və şalvar 8, snoubord 15, snoubord ayaqqabısı isə 10 manata təklif edilir. Burada xizək sürmək üçün bir saatlıq fərdi dərs almaq böyüklər üçün 40, uşaqlar üçün 30 manata başa gəlir. Kanatla gəzinti qiyməti isə zirvələrə görə fərqlənir və 12, 15-20 manat arasında dəyişir.

"Tufandağ"da gələn turistlər üçün kafe tipli iaşə obyektləri də fəaliyyət göstərir. Burada isə qiymətlər menyuya görə fərqlənir.

© Sputnik / Zulfiyya GuluyevaQəbələdə qarlı havada mənzərə
Gəlirimiz azalsa da qiyməti endirmişik. Qəbələdə qış turizm mərkəzindən REPORTAJ - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Qəbələdə qarlı havada mənzərə

Kompleksdə olarkən uşaqların kirşə xəttindən istifadəyə daha çox maraq göstərməsi diqqətimizdən yayınmadı. Bunun üçün isə xidmət haqqı 10 manat təşkil edir.

"Tufandağ"a səfərimiz həftəsonuna təsadüf etdiyindən kompleksdə turist baxımından canlanma vardı. Sanki hər kəs sərt karantin dövründə evdə qalmağın əvəzini təbiətin ecazkar gözəllikləri ilə baş-başa qalmaqla çıxarmaq istəyirdi. Kompleksdə xidmət saatının bitməsinə az vaxt qalsa da, heç kəs bu gözəllikdən ayrılmaq istəmirdi...

Xəbər lenti
0