01:38 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
CƏMİYYƏT
Qısa URL
Müharibə adamları
15520

"Biz hamımız müharibəyə ölməyə getməmişdik" - 44 günlük müharibənin qaziləri olan üç qardaş Sputnik Azərbaycan-a döyüş yollarından danışdı

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 21 fevral - Sputnik. Lənkəran rayonunun Ürgə kəndindən olan Elçin, İsmayıl Rauf Ağayev qardaşları Vətən Müharibəsində Füzulidən Şuşayadək çətin döyüş yolu keçiblər.

Müharibədə iştirakından Sputnik Azərbaycan-a danışan İsmayıl Ağayev 2012-2014-cü illərdə MAXE (müddətdən artıq xidmən edən hərbçi) kimi xidmət edib. Onun Elçin adlı qardaşı isə MAXE kimi xidmətini davam etdirir: "MAXE olduğum illərdə Ağdam rayonu ərazisində N saylı hərbi hissədə xidmət aparmışam. 2016-cı il Aprel döyüşlərində isə müddətdən artıq xidmət edən Mahir və Elçin qardaşlarım iştirak ediblər. Mahir hazırda Rusiya Federasiyasında yaşayır, Elçin isə xidmətini davam etdirir. 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə könüllü iştirak etmək üçün müraciət etsəm də aparmamışdılar. 30 sentyabr tarixində Lənkərandan yola düşdüm, biz 216 nəfəri Füzuliyə, Şükürbəyli kəndinə apardılar. General-mayor Mais Bərxudarov və polkovnik Əbilov 84 nəfəri könüllülərdən ibarət kəşfiyyat bölüyünə ayırdılar. Seçilənlərdən 42 nəfəri Füzuli istiqamətindən, 42 nəfəri isə Cəbrayıl istəqamətindən döyüşə girdik.

© Sputnik / Rahim Murad
İsmayıl Ağayev anası və yaxınları ilə birgə

Bizi ilk dəfə Füzuli rayonu ərazisində yerləşən 18 saylı postun qarşısına gətirdilər. Komandirimiz mayor Elçin Mansurov düşmənin açdığı atəş nəticəsində şəhid oldu.

Ermənilər şəhidimizin nəşini aparıb təpəyə qoymuşdular. Doqquz erməni snayperi şəhidimizin cəsədini aparmaq istəyən döyüşçülərimizi vurmaq üçün izləyirdi. Rəhmətlik E.Mansurov özü XTQ mayoru idi və onun nəşinin yanında 16 erməni cəsədi var idi.

Mayor onları öldürəndən sonra özü snayper gülləsinə tuş gəlib. Lənkərandan Orxan qardaş, Astaradan Vüqar qardaş və Lerikdən XTQ-nin keçmiş qazisi Mirzə qardaş, baş çavuş Nurxuda və baş gizir Ələkbərov bizə atəş dəstəyi verdilər. Mən, baş leytenant Bağıyev və Lənkərandan qazi olan Əmənli Nurlan şəhidimizi çıxarmaqdan ötrü döyüş meydanına girdik. Biz orada erməni postundan ermənilərə məxsus olmuş əsgər yataq çantası və kəndir tapdıq. Rəhmətliyi ayaq üstə çiynimizdə apara bilməzdik, çünki bizi snayper atəşinə tuturdular. Mən sürünərək gedib şəhidimizin ayaqlarından tutub, dartdım atəş mövqeyinin içərisinə. Sonra şəhidimizi qoyduq yataq çantasının içərisinə və baş leytenant Bağıyev, Nurlan, bir də mən meyiti oradan çıxarıb gətirdik 18-ci posta, oradan da təhvil verdik hərbi hissəyə. Geri qayıtdıqdan sonra isə yenidən döyüşə girdik. Həmin gün 17 km irəliləyərək torpaqlarımızı işğaldan azad etdik".

Qazimiz deyir ki, ən ağır döyüşləri oktyabrın 5-dən 7-nə kimi "Əkin sahəsinin üzərində kamera" deyilən ərazidə keçib. Həmin yerdə 3 hərbi hissəmiz döyüşə girib və itkilərimiz çox olub.

© Photo : Courtesy of İsmail Agaev
İsmayil Ağayev ermənilərdən qənimət götürülən snayper tüfəngi ilə

"Onlar hiylə işlətdilər və düşmənin önümüzdəki silahlı dəstələri geri çəkilməyə başladılar. Həmin ərazidə ermənilər dörd tərəfdən bizi mühasirəyə saldılar. Biz elə bildik ki, sağımız, solumuz boşdur, buna görə də vura-vura irəlilədik. Bir xeyli irəliləmişdik ki, düşmən bizi minaatanla atəşə tutmağa başladı, sadəcə bəxtimiz gətirdi, sağ qaldıq.

Mənim yanımda Orxan adlı qardaşımızın başından vurmaq istədilər. Güllə təkcə Orxanın papağını dəlib keçdi, özünə heç nə olmadı. Hamımız şəhid ola bilərdik, sadəcə vaxtımız yetişməmişdi. Həm də şəhid olanlar Allah tərəfindən seçilənlərdir, hər kəsə şəhidlik qismət olmur. Bir də onu vurğulayım ki, biz hamımız müharibəyə ölməyə getməmişdik. Biz oraya düşməni öz ərazilərimizdən qovmağa getmişdik və buna görə də torpaqlarımızı azad etdik.

Füzuli rayonunun Kürdlər kəndini işğaldan azad edən zaman ermənilərin 2 tankını, təzə 11 ədəd yük avtomobilini, 1 "KamAZ" və 1 ədəd PDM-ni hərbi qənimət kimi ələ keçirdik".

İsmayıl döyüşə girdikdə özündə bir neçə dəqiqəlik qorxu hissinin olduğunu açıq etiraf etdi: "Amma bir neçə dəqiqə keçəndən sonra heç kəsdən və heç nədən qorxmadan döyüşmüşəm. Mən bütün döyüş yoldaşlarımı orada tanımışam. Biz bir millət olaraq biri-birimizin arxasında duranıq. Məsələn, döyüşdə yaralı görürdük, şəhid görürdük, onları köməklik edib döyüş meydanından çıxardırdıq. İnsanda istər-istəməz fikir oyanırdı ki, "Bunu belə qoymaq olmaz, mütləq cavabını verməliyəm!" Həm də mən onu deyim ki, orada ermənilərdən savayı, PKK muzdluları da bizə qarşı döyüşürdülər. Horadizdə dağların arasında 17 km-lik keçid olan ərazidə "Meşə" əməliyyatında çətin döyüşümüz oldu. Həmin PKK və başqa dövlətlərdən muzdlular erməni tərəfində döyüşürdülər. Erməni əsgərlərinin döyüş mövqeyindən qaçmasınlar deyə əl-qolundan bağlandıqlarını gördüm. Hətta yük avtomobilinin sükanına bağlanan sürücünü şəxsən özüm görmüşəm. Bağlayıblar ki, əsgərləri daşıyanda atıb qaçmasın. Bizim kişilər həm 90-cı illərdə, həm də Vətən müharibəsində çox güclü döyüşüblər. Sadəcə 90-cı illərdə vəziyyət başqa cür olub, bu dəfə isə başqa cür idi. Bu dəfə tam fərqli və müasir silahlarımız, güclü hazırlanmış xüsusi təyinatlılarımız və savadlı komandirlərimizin hesabına torpaqlarımızı işğaldan azad etdik. Bunu görən ermənilər təslim olub müharibəni dayandırmaq məcburiyyətində qaldılar. Mən Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa dağlarında döyüşlərdə iştirak etmişəm. Şuşa dağlarında olduğumuz zaman ermənilər Şuşanı tərk etmişdilər. Cavid adlı bir komandirimiz gəlib Laçına həmləyə keçmək üçün könüllü lazım olduğunu dedi. Mənimlə bir yerdə 27 nəfər könüllü gecə ilə yola düşmək istəyirdik ki, Qələbə xəbəri gəldi. Mən hətta ağladım, şəhidlərimizə görə ağladım. Mən onların valideynlərinin qarşısında baş əyirəm. II Qarabağ Müharibəsi dünyada misli görülməmiş savaş oldu, bütün dünya bizim ordumuzun məharətinə heyran qaldı".

© Photo : Courtesy of İsmail Agaev
Ağayev qardaşları hərbçi yoldaşları ilə birgə

Qazi İsmayıl Ağayev döyüş vaxtı düşmən tərəfinin bizim ordumuza qarşı zəhərli bombalardan istifadə etidiyinin şahidi olub: "Mən Şuşa dağlarında olanda birdən görürdük ki, hava sanki korlandı. Ermənilər bizə tərəf raketlər atırdılar, bizim Hava Hücumundan Müdafiə qüvvələrimiz o raketləri elə havada ikən vururdular. Bundan əlavə, bizim olduğumuz mövqelərə xüsusi qazlı mərmilər atırdılar, onlar partlayandan sonra havanın qoxusu dəyişirdi. Mənimlə döyüşdə olan qardaşlar da bunun şahidi idilər.

Bir dəfə də Cəbrayıl, Qubadlı istiqamətində olduğumuz zaman erməni silahlıları bilərəkdən İran ərazisinə bomba atdılar. Düşmən bu hiyləgər addımı ilə İranı Azərbaycanla üzbəüz qoymaq niyyətində idi. İran tərəfi də buna aldanmadı, çünki faktiki olaraq mərminin hansı istiqamətdən atıldığını gördülər.

Döyüşlər gedən müddətdə xırda-para qəlpə yarası almışam. Amma yaxınlıqda partlayan mərminin dalğasına görə iki dəfə başımdan zədə almışam. Kantuziya keçirmişəm, indi də gecələr başağrısından yata bilmirəm. Yəni müharibənin ab-havası hələ başımda qalıb".

Onu da əlavə edək ki, DSX giziri mərhum şəhid Xudayar Yusifzadə Cəbrayıl rayonu ərazisində qazimiz İsmayıl Ağayevlə bir yerdə vuruşub. "Daha sonra Xudayar və onun vuruşduğu hərbçi qardaşlarla döyüş yollarımız ayrıldı. Rəhmətlik Xudayar qardaşımız dəstələri ilə bir yerdə Zəngilan istiqamətində, mən isə Qubadlı istiqamətində döyüşlərə girdik. Mərhum Xudayar qardaşın şəhid olmasını isə yalnız müharibə bitib, gələndən sonra bilmişəm".

© Photo : Courtesy of İsmail Agaev
İsmayıl Ağayev

Vətən Müharibəsində 3 qardaş iştirak ediblər. MAXE olan Elçin, müharibəyə könüllü gedən İsmayıl və sonra oktyabrın 2-də digər qardaş Rauf Ağayev də döyüşlərə qoşulublar. Ağayev qardaşlarından Elçin Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azad olunmasına görə, İsmayıl isə Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medallara layiq görülüblər. Sentyabrın 27-də qardaşı İsmayılı döyüşlərə yola salandan sonra Rauf Ağayev özü də gedib könüllü olmaq üçün adını yazdırmaq istəyib, lakin yox cavabı alıb:  "O zaman özümə dedim ki, döyüşə aparmırlarsa, heç olmazsa, əsgərlər üçün pay aparım. Əvvəlcə mənim döyüşlərə qatılmağıma İsmayıl da razı olmadı və "Heç olmazsa, evdə bir nəfər olsun" dedi. Çünki başqa bir qardaşım da döyüşdə idi. Odur ki, 2 gündən sonra yenidən döyüşən qardaşlar üçün əsgər payı gətirdim. Hər dəfə pay gətirəndə İsmayıl qardaşımla əlaqə saxlayırdım. Mən özüm hərbi xidmətdə olduğum vaxt kəşfiyyatçı olduğum üçün bəzi hərbi biliklərimi İsmayılla bölüşürdüm. Növbəti dəfə əsgər payı gətirəndə bu dəfə Hadrut tərəfə getdim. Artıq Hadrutda N saylı hərbi hissənin tərkibində döyüşlərə qoşuldum. Mən dözə bilmirdim, "Qardaşlar döyüşür, mən isə kənarda qalmışam" deyirdim. Hərbi biletimi də cibimə qoyub, "Hər nə olsa yenə də Vətən sağ olsun" deyib döyüşlərə girdim. Bununla mən həm geriyə gəlib xalqımızın döyüşçülərimiz üçün göndərdikləri əsgər paylarını götürüb ön cəbhədə uşaqlara paylayırdım və eləcə də yenidən qayıdıb döyüşürdüm. Beləcə, az müddət də olsa Xocavənd, Hadrut və Şuşa istiqamətində vuruşmuşam".

© Photo : Courtesy of İsmail Agaev
Rauf Ağayev Türkiyədə boks yarışından əvvəl

Peşəkar boks yarışlarında dəfələrlə çempion olan Rauf müharibə getməsinə baxmayaraq öz məşqlərini də davam etdirib: "Vətən Müharibəsi başlayan gündən mən, demək olar, uşaqlarla bərabər olmuşam. Postlardan ara-sıra istirahətə düşəndə İsmayıl mənə zəng vurub: "Qaqaş, nə edirsən? Heç bir şey, dincəlməyə gəlmişik. Dincəlmək vaxtı deyil, əlcəkləri götür gəl, döyüşək və məşq edək" deyirdi. Əlcəkləri, boks pəncələrini götürüb məşqimi də edirdim".

Rauf döyüş yoldaşlarına boks yarışı təşkil edəcəyini söz verib:

"Müharibənin nə vaxt bitəcəyini, təbii ki, bilmirdik. Odur ki, qardaşlara söz verdim ki, müharibədən sağ-salamat qayıtsam, qazilərimizin və şəhidlərimizin şərəfində boks yarışı təşkil edib döyüşəcəyəm. Belə oldu ki, şanlı qələbəmizdən bir neçə gün sonra mənimlə bərabər Boks üzrə Dünya və Avropa çempionumuz olan İsmət Eynullayevlə bir yerdə qardaş Türkiyənin İstanbul şəhərində boks yarışı təşkil etdik.

İsmət də, mən də Özbəkistandan dəvət etdiyimiz boksçuları nokauta salaraq qalib gəldik və qələbəmizi şəhidlərimizə və qazilərimizə həsr etdik. Biz yarışa qatıldığımız vaxt orada erməni boksçuları var idi və onlar Ermənistan bayrağından idman geyimi geyinmişdilər. Elə ki, eşitdilər biz azərbaycanlı boksçular oraya gəlmişik, əyinlərindəki öz bayraqları olan geyimlərini də çıxarıb zaldan qaçıb getdilər".

Bildirək ki, 56 kq çəki dərəcəsində peşəkar boksçu olan Rauf Ağayev karyerası ərzində 4 erməni rəqibi ilə döyüşüb və hamısına nokautla qalib gəlib.

Mövzu:
Müharibə adamları
Teqlər:
Azərbaycan, Lənkəran, Qarabağ, Vətən müharibəsi, qardaşlar, qazi

Əsas mövzular